Yenixeber.org: 1973-cü il mayın 17-də saat 18:12-də qeydiyyat nömrəsi 42379 olan Tu-104 təyyarəsi  Moskvadan havaya qalxdı. O, Moskva-Çelyabinsk-Novosibirsk-İrkutsk-Çita marşrutu ilə (SU-109 reysi) uçurdu. 85 sərnişin üçün nəzərdə tutulan təyyarənin hər aralıq enişində bəzi sərnişilər düşür, yeniləri minirdi. 

İrkutskda da eyni şey baş verdi, üstəlik, bu dəfə heyət də dəyişdi, bu da uzun marşrutlarda adi haldır və təhlükəsizlik məqsədilə edilir. Burada təyyarəyə 6 yeni sərnişin mindi. Onlardan birinin məşum rol oynayacağı sonra bilinəcək. Tu-104 son dəfə havaya qalxanda artıq mayın 18-i saat 03:02 idi. Göyərtədə 72 sərnişin və 9 heyət üzvü vardı. 

Saat 03:15-də 9000 metr hündürlüyü tutan təyyarənin kapitanı 17 dəqiqə sonra dispetçerə enmə nöqtəsinə çatdığını bildirdi. Dispetçer də onlara 3900 metrə qədər enməyə icazə verdi. Amma 03:36-da təyyarədən təhlükə siqnalı gəldi. Sonra pilot dispetçerlə əlaqə saxladı və sərnişin salonundan uçuşun istiqamətini dəyişmək barədə tələb gəldiyini söylədi: “İndi kabinəyə gəlib, hara uçmalı olduğumuzu deyəcəklər”. Pilot enişi dayandırdığını, bir müddət 6500 metr hündürlükdə uçacağını söylədi.

03:38-də təhlükə siqnalı yenidən gəldi və 9-cu saniyədə dayandı. Dispetçer təyyarə ilə əlaqə saxlamağa çalışdı, amma cavab ala bilmədi. Tu-104-ün radardakı nöqtəsi də yox oldu. Heyətdən gələn son xəbərlər fonunda nə baş verdiyini təxmin etmək çətin deyildi. Saat 03:45-də dispetçer KQB-nin yerli şöbəsi ilə əlaqə saxladı.  

*** 

SSRİ-də təyyarə uçuşları, qatar gedişləri Moskva vaxtı ilə göstərilirdi. Yuxarıda göstərdiyim vaxtlar da Moskva vaxtıdır. Yerli vaxtla isə saat +6 idi. Yəni təyyarə radardan itəndə həmin ərzidə saat 10-a qalırdı. Buna görə də qəzanın şahidləri vardı. Çitadan təxminən 100 km qərbdə yerləşən Moqzon qəsəbəsi yaxınlığında meşəkəsənlər partlayış səsi eşitmiş və bundan sonra göydən təyyarə parçalarının və insanların töküldüyünü görmüşdülər. Bu da qəza yerini tez müəyyənləşdirməyə kömək etdi. 

Yerli vaxtla saat 10.55-də helikopter vasitəsilə təyyarənin qalıqları aşkar olundu. 109-cu reys dörd böyük və saysız-hesabsız kiçik fraqmentlərə parçalanmışdı. Bu hissələr üzü Çitaya tərəf 10 km uzunluğunda sahəni əhatə edirdilər. Pilot kabinəsi digər parçalardan daha şərqdə tapıldı. Dörd nəfər (iki pilot, şturman və bortmexanik) öz kreslolarında həlak olmuşdular. 

Fraqmentlərin xarakteristikası göstərirdi ki, füzelyajın hermetikliyi pozulub və kəskin dekompressiya nəticəsində təyyarə parçalara bölünüb. Hermetikliyin isə partlayış nəticəsində pozulduğu ehtimal olurdu. Dispetçer də təyyarə yoxa çıxandan sonra qısa müddət radarda “bulud” görmüşdü, bu da partlayışlara xas olan haldır. 

Tezliklə partlayış ehtimalı sübut olundu: sağ qəza çıxışının yanında, 23-cü və 24-cü şpanqoutların arasında partlayıcı maddə izlərinə rast gəlindi.  Ekspertiza rəyinə görə, burada “5,5-6 kq trotil ekvivalentində brizant partlayıcı maddə” partlayıb… 

İndi partlayışı kimin törətdiyini müəyyənləşdirmək lazım gəlirdi. Hadisənin ertəsi günü tapılan bir cəsəd diqqəti cəlb etdi. Onun biləkdən aşağı əlləri yox idi. Üstəlik, bədəninin ön hissəsi, sifəti xeyli xəsarət almışdı. Elə görünürdü ki, partlayışa ən yaxın həmin adam olub. Ekspertiza işlərinə başlayan patoloqoanatomlar tezliklə daha bir maraqlı faktla üzləşdilər: bədəndə iki güllə yarası vardı. 

Bundan əvvəlki məqaləmdə ata və oğul Brazinskasların 1970-ci ildə sərnişin təyyarəsini Türkiyəyə qaçırmalarından bəhs etmişdim. Həmin hadisədən sonra verilən məxfi əmrə əsasən dövlət sərhədinin yaxınlığında uçan bütün təyyarələrdə milis və ya KQB əməkdaşı olmalı idi. Silahlı olan bu şəxslər mülki formada salonda əyləşirdilər. Hamı kimi patoloqoanatomların da bu əmrdən xəbərləri yox idi və buna görə güllə yarası onlara təəccüblü gəldi

109-cu reysdə təhlükəsizlik əməkdaşı milis kiçik leytenantı Vladimir Yojikov idi. O da digər heyət üzvləri kimi, təyyarəyə İrkutskda minmişdi. Çətinliklə də olsa, onun tapançası tapıldı və orada həqiqətən iki güllənin olmadığı aşkar edildi. Bununla da hadisənin təxmini ssenarisini təsvir etmək mümkün oldu. 

Güman ki, şəxsiyyəti hələ müəyyənləşməmiş adam stüardessaya təyyarədə bomba olduğunu deyib və təyyarənin istiqamətini dəyişməyi  tələb edib. Stüardessa bu tələbi kapitanla yanaşı Yojikova da xəbər verib, ya da leytenant özü eşidib. Bombalı şəxs pilot kabinəsinə keçməyə cəhd göstərərkən (“indi kabinəyə gəlib hara uçmalı olduğumuzu deyəcəklər”) Yojikov ona atəş açıb. Yaralardan birinin ölümcül olmasına baxmayaraq, naməlum şəxs bombanı partlatmağa imkan tapıb. Ekspertlərin atəşin arxadan açılması və partlayış baş verərkən terrorçunun ayaq üstdə olması barədə rəy vermələri də bu versiyanı möhkəmləndirdi. 

Şübhəli şəxsin sifətini bərpa etmək üçün cərrahlar xeyli iş görməli oldular. Tapılan sümüklər yerinə qoyulur, dəri parçaları nazik kapron saplarla tikilirdi. Çətinliklə də olsa terrorçunun görkəmi bərpa edildi və İrkutsk hava limanının kassiri onu tanıdıı. Ona satılan biletin kötüyündə soyadı yazılırdı: Rzayev. Digər tərəfdən, o biri sərnişinlərin şəxsiyyəti müəyyənləşdirilmişdi, bircə həmin Rzayevdən başqa. KQB-nin əməliyyat tədbirləri nəticəsində terrorçunun 1941-ci ildə Kirovabad (indi Gəncə) şəhərində anadan olan Çingiz Yunus oğlu Rzayev olması müəyyənləşdirildi. Onun yaşadığı evdə aparılan axtarışlar zamanı partlayıcı maddə hazırlanmasında istifadə olunan komponentlərə rast gəlindi. 

*** 

Sözügedən terror aktından bəhs edən məqalələrdə qəzanın özü haqqında az-çox ətraflı məlumata rast gəlinir. Çingiz Rzayev haqqında məlumatlar isə məhdud, dumanlı, bəzən də ziddiyyətlidir. Yəqin bu, ona görə belədir ki, SSRİ zamanında baş vermiş belə hadisələrin əksəriyyəti kimi, Çita faciəsi də məxfiləşdirilib və bu vəziyyət indi də davam edir.

Mətbuatda ilk dəfə 1990-cı ildə işıqlandırılan hadisənin özü barədə müxtəlif şahidlərdən (qəzanı görənlər, axtarışlarda iştirak edənlər, müxtəlif ixtisaslı ekspertlər) informasiya alınıb, amma terrorçunun özü barədə məlumatlar jurnalistlərin əlinin yetmədiyi KQB arxivində qalıb.

***

Bəzi mənbələrdə Çingiz Rzayevin orta məktəbi Tbilisidə bitirməsi göstərilir. Hərbi xidmətini sonralar cinayət törədəcəyi ərazidə, Zabaykal hərbi dairəsində keçirib və… minatəmizləyən olub. Onun diplomat olmaq istəməsi və hərbi xidmətdən sonra SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olmaq üçün bir neçə dəfə cəhd göstərməsi söylənilir. Amma xarici dil bilmədiyindən hər dəfə uğursuzluğa uğrayıb. Çingizin həyatdan küsməsinin əsas səbəbi də bu olub.

Onun hadisədən əvvəl harada yaşaması haqqında məlumatlar da ziddiyyətlidir. Bir məqalədə Kirovabadda, başqasında Tbilisidə, üçüncüsündə isə İrkutskda yaşadığı, üstəlik, burada yol tikintisi sahəsində işlədiyi söyənilir. Sonuncu versiya daha ağlabatan görünür. Bir tərəfdən partlayıcının əldə olunmasını izah edir. Digər tərəfdən, Tbilisidə və ya Gəncədə yaşayan adamın İrkustska gedib oradan Çinə uçmaq istəməsi ağlabatan görünmür. Elə buradan Türkiyəyə qaçmağa da cəhd göstərə bilərdi.

Yeri gəlmişkən, bəzi mənbələrdə iddia edildiyinin əksinə olaraq, təyyarənin heyəti Çinə uçmaq tələbi barədə dispetçerə heç nə deməyib. Çingiz Rzayevi tanıyanlarlardan biri istintaqa verdiyi ifadəsində onun Çinə getməyi planlaşdırdığını xəbər verdi. Digər tərəfdən, təyyarədə olan benzinlə ya Çinə, ya da Monqolustana uçmaq olardı. Amma ikinci variant məntiqsiz idi, çünki SSRİ-nin 16-cı respublikası adlandırılan Monqolustan onu dərhal geriyə təhvil verəcəkdi. Pekinin isə o zaman Moskva ilə münasibətləri olduqca gərgin idi. Buna görə də Çingizin səslənməyən tələbinin Çinə uçmaq olduğu güman edilir. 

Ehtimal etmək olar ki, Çingiz Rzayev psixi cəhətdən tam sağlam olmayıb, dahilik maniyasından əziyyət çəkib. Hadisə zamanı hava limanlarındakı təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması, partlayıcını rahat şəkildə təyyarəyə keçirməyin mümkünlüyü də təəccüb doğurur. Halbuki, yaşlı nəslin iddiasının əksinə olaraq, SSRİ-də heç də tam əmin-amanlıq deyildi.

Çita faciəsindən cəmi 25 gün əvvəl, aprelin 23-də Leninqrad-Moskva reysi ilə uçan Tu-104 təyyarəsini qaçırmağa cəhd edilmiş, təyyarə yerə enərkən terrorçunun partlatdığı bomba nəticəsində özü və ona mane olmağa çalışan bortmexanik həlak olmuşdu. Sadəcə, belə hadisələr barədə mətbuatda yazılmırdı, əhalinin çoxu xəbər tutmurdu və əmin-amanlıq barədə yanlış təsəvvür formalaşırdı.

109-cu reysdə baş verən terrordan sonra isə təyyarələrdə silahlı müşayiətçilər praktikasının ləğv edildiyi, əvəzində minik zamanı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi iddia olunur. Amma cəmi altı ay sonra, noyabrın 2-də Moskva-Bryansk reysi ilə uçan Yak-40-a dörd nəfər odlu silah keçirə bildilər və təyyarəni qaçırmaq üçün uğursuz cəhd göstərdilər.

109 saylı Moskva-Çelyabinsk-Novosibirsk-İrkutsk-Çita marşrutu ilə uçan Tu-104 təyyarəsinin partladılması SSRİ tarixində ən qanlı terror aktı sayılır. 

Yadigar Sadıqlı