2001-ci il 11 sentyabr terror hadisəsi zamanı ələ keçirilən dördüncü təyyarə ABŞ-ın şərqində yerləşən Nyuark şəhərindən qərbdəki San Fransisko şəhərinə uçan (93 saylı reys), “United Airlines” aviaşirkətinə məxsus Boinq-757 təyyarəsi idi.
Yenixeber.org: Ümumiyyətlə, həmin hadisələr zamanı ABŞ-ın daxilində uzaq məsafələrə uçan təyyarələr ələ keçirilmişdi ki, hədəfə çırpılan zaman çənlərdə olan çoxlu yanacaq səbəbindən güclü yanğın baş versin. Bütün təyyarələr ölkənin şərqindən qərbinə uçurdular. Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılacaq hər iki təyyarə Bostondan Los Ancelesə uçurdu. Pentaqona çırpılacaq təyyarə isə Vaşinqtondan qalxmışdı, o da Los Ancelesdə enməli idi.
Haqqında danışdığımız təyyarə ələ keçirilənlər arasında hamıdan gec, yerli vaxtla 08:42-də havaya qalxdı. Bundan cəmi dörd dəqiqə sonra, 08:46-da ilk təyyarə Ümumdünya ticarət mərkəzinin şimal qülləsinə çırpıldı. 09:03-də ikinci təyyarə Cənub qülləsini, 09:37-də isə üçüncü təyyarə Pentaqonu taran etdi.
93-cü reyslə uçan və 182 sərnişin yerinə malik təyyarədə 44 nəfər vardı: 37 sərnişin və 7 heyət üzvü. Sərnişinlərin dördü “Əl-Qaidə” terror təşkilatının üzvləri idi: Ziyad Cərrah, Əhməd Nami, Əhməd Haznavi və Səid Həmdi. Cərrah Livan, digərləri isə Səudiyyə Ərəbistanı vətəndaşı idilər. Digər sərnişinlərin otuzu ABŞ vətəndaşı idi. Almaniya, Yaponiya və Yeni Zelandiyanın hərəsindən bir vətəndaş vardı.
Digər üç təyyarəni olduğu kimi, dördüncünü də əslində 5 nəfər qaçırmalı idi. Amma dəstənin beşinci üzvü, Məhəmməd Qəhtani avqustun 3-də ABŞ-a keçmək istərkən sərhəd məmurlarında şübhə doğurdu. Belə ki, onun üzərində cəmi 2800 dollar vardı və geri qayıtmaq üçün bileti yox idi. Onun qeyri-leqal şəkildə ABŞ-da qalmaq niyyətindən şübhələnən sərhədçilər ölkəyə buraxmadılar və gəldiyi Dubaya qaytardılar.
***
Birinci təyyarə Şimal qülləsinə çırpılanda bunun terror aktı olması hələ dəqiq məlum deyildi. İkinci təyyarənin taranından sonra artıq şübhə yeri qalmadı. Aviaşirkətlər öz təyyarələrinə xəbərdarlıqlar göndərməyə başladılar. “United Airlines” dispetçeri 93 nömrəli reyslə 09:24-də əlaqə saxlayaraq, iki terror hadisəsi barədə məlumat verdi və pilot kabinəsinə kənar adamların müdaxiləsindən ehtiyatlı olmağı tövsiyə etdi.
Bundan dörd dəqiqə sonra, saat 09:28-də terrorçuların təyyarəni ələ keçirdikləri ehtimal olunur. Çünki həmin vaxt kapitan “Mayday” siqnalı göndərir, dispetçerlər mübarizə səsi eşidirlər, həm də parametrləri yazana aparatdan sonralar götürülən məlumat təyyarənin qəflətən 200 metr aşağı düşdüyünü göstərdi. Kəsici silahlara malik terrorçular bu zaman ikinci pilot Leroy Homeri qətlə yetirir, kapitan Ceyson Dalı isə yaralayırlar. Terrorçular hər hansı sürprizlə üzləşməmək üçün sərnişinləri arxa oturacaqlara keçirirlər.
Pilot kurslarında təlim almış Ziyad Cərrah təyyarəni idarə etməyə başlayır. O, sərnişinlərə ünvanlanan “Danışan komandirdir. Mən sizin öz yerlərinizdə qalmanızı istəyirəm. Təyyarədə bomba var və biz geri qayıdırıq” elanını verir, amma komandirin müdaxiləsi üzündən səs dispetçerlərə yönəlir və 93 saylı reysin də ələ keçirildiyi məlum olur. Cərrah avtopilota yeni məlumatlar daxil edərək təyyarəni geriyə, Vaşinqton tərəfə istiqamətləndirir.
Bu zaman bəzi sərnişinlər və heyət üzvləri radiotelefon və mobil telefon vasitəsilə yaxınları ilə əlaqə saxlaya bilirlər. Onlardan biri, Tom Bernett adlı sərnişin öz arvadı ilə danışır və iki təyyarənin qüllələrə çırpılması xəbərini alır. Bir qədər sonra arvadı ona zəng edir və daha bir təyyarənin Pentaqona çırpıldığını söyləyir.
Başqa sərnişinlər (məsələn, Ceremi Qlik) və heyət üzvləri də eyni xəbərləri aldıqdan sonra artıq şübhə etmirlər ki, uçduqları təyyarə də harasa çırpılmaq üçün qaçırılıb və onlar ölümə məhkum ediliblər. Əgər sakitcə oturub gözləsələr, həm özləri, həm də çırpılacaqları hədəfdəki insanlar həlak olacaqlar. Xilas olmağın yeganə yolu təyyarəni təkrar ələ keçirmək idi.
Terrorçuların təyyarənin ön hissəsində, özlərinin isə arxada olmalarından istifadə edən sərnişinlər məsələni öz aralarında müzakirə edirlər. Sonda səsvermə keçirilir və yekdilliklə terrorçulara hücum etmək barədə qərar qəbul edirlər. Bu dəqiqələrdə onlardan bəziləri doğmalarına zəng edərək, vidalaşır.
Ceremi Qlik arvadına səsvermənin nəticələrini xəbər verir. Mark Bingem anasına zəng edir və avtocavabverənə səsini yazır: “Ana, bu Markdır. Sadəcə, səni sevdiyimi demək istəyirəm”.
Üç aylıq hamilə Loran Qrendkolas ərinə deyir: “Bizim təyyarədə kiçik problem yaranıb. Səni sevdiyimi demək istəyirdim. Mənimlə hər şey yaxşıdır. Sadəcə kiçik problem var”.
Tod Bimer telefon şirkətinin operatoru ilə əlaqə saxlaya bilir: “Əgər bizim işimiz alınmazsa, arvadıma zəng edib, onu və uşaqları sevdiyimi deyərsiniz”. Bundan sonra Bimer və operator xanım bir müddət bir yerdə dua edirlər.
Keçmiş polis işçisi olan stüardessa Sisi Layls ərinə zəng edir, amma onu tapa bilmədiyindən sözlərini avtocavabverənə deyir: “Balaca, diqqətlə qulaq as. Mən ələ keçirilən təyyarədəyəm. Sənə demək istəyirəm ki, səni sevirəm. Uşaqlara söylə ki, onları çox sevirəm. Mən çox təəssüf edirəm, balaca. Bilmirəm nə deyim. Burada üç nəfər təyyarəni ələ keçiriblər. Həyəcanlanmamağa çalışıram. Təyyarəni geri döndərdilər. Eşitdiyimə görə, ÜTM binalarına dəyən təyyarələr də bunların işidir. Ümid edirəm, sənin üzünü yenə görəcəyəm. Səni sevirəm. Hələlik” (son sözü deyərkən ağlayır).
Stüardessa Sandra Bredşou da ərinə zəng edir: “Biz hamımız təyyarənin quyruğunda yığışmışıq və təyyarəni geri qaytarmağa hazırlaşırıq. Səni sevirəm, əzizim”. Bu zaman əri digər sərnişinlərin dini motivli mahnı – psalm oxuduqlarını eşidir.
Honor Ueynio ögey anasına zəng edir: “Təyyarəmizi qaçırıblar. Vidalaşmaq üçün zəng edirəm. Pilot kabinəsinə hücum etməyə hazırlaşırıq, mən getməliyəm. Səni sevirəm, əlvida”.
Tomas Bernet sonuncu dəfə arvadına zəng edir. Arvadı yeni hücumların olmadığını xəbər verir və uşaqların onunla danışmaq istədiyini söyləyir. Bernet “onlara de ki, sonra zəng edərəm” söyləyir. O, arvadına deyir ki, özləri nəsə etməlidirlər, dövlətin müdaxiləsini gözləməməlidirlər: “Üstəlik, təsəvvür etmirəm ki, onlar bizə necə kömək edə bilərlər”.
Bu zaman Tod Bimer operatorla danışığını yekunlaşdırır, ona kabinəyə hücum edəcəklərini deyir. Operator “Siz bunu etmək istədiyinizdən əminsinizmi?” deyə soruşur. Bimer “Bizim xüsusi seçimimiz yoxdur. Hə, mən bunu etmək istəyirəm” söyləyir. Bununla operatorla danışıq yekunlaşır, amma dəstək asılmadığından operator Bimerin başqalarından “Uşaqlar, hazırsınızmı?” soruşduğunu eşidir. Müsbət cavab alan Bimer 93 saylı reysin sərnişinlərinin və heyətinin qəhrəmanlıq devizinə, sonra da terrorizmlə mübarizənin şüarına çevriləcək sözləri deyir: “okay, let’s roll” (tamam, getdik).
***
Saat 09:57-də sərnişinlər terrorçulara hücum edirlər. Onlar yemək arabasının köməyi ilə pilot kabinəsinin qapısını taran edərək içəri daxil olmağa çalışırlar. Ziyad Cərrah hücum edənlərin müvazinətlərini itirmələri üçün təyyarəni əvvəlcə sağa-sola əyir, sonra isə burnunu aşağı-yuxarı verir.
Təyyarədəki səsləri yazan aparat Cərrahın saat 10:01-də iki dəfə təkbir söylədiyini, sonra isə yanındakı terrorçudan təyyarəni yerə vurmaq barədə fikrini soruşur. O da razılıq verir. Bir an sonra sərnişinlər kabinəyə daxil olurlar. Amma onların idarəçiliyi ələ almaq cəhdi uğursuz olur. Cərrah şturvalı sona qədər irəli verir və təyyarə getdikcə daha böyük sürət yığaraq enməyə başlayır. Səs yazan aparat 10:03:09-da, parametrləri yazan aparat isə bir saniyə sonra işini dayandırır. Təyyarənin məhz bu zaman yerə çırpıldığı güman olunur.
“United Airlines” aviaşirkətinin 93 saylı reysi Pensilvaniya ştatında boş ərazidə, Vaşinqtondan 20 dəqiqəlik uçuş məsafəsində yerə çırpıldı. 44 nəfərin hamısı həlak oldu. Yerdə kimsə xəsarət almadı.
***
Dördüncü təyyarənin hədəfinin Ağ ev, Konqresin yerləşdiyi Kapitoli, prezidentin şəhərkənarı iqamətgahı Kemp-Devid, yoxsa başqa yerlər olması barədə versiyalar irəli sürüldü. Sonralar həbs olunan “Əl-Qaidə” üzvləri 93 saylı reysin Kapitoli binasına çırpılmalı olduğu barədə ifadələr verdilər.
Göyərtədəki sərnişinlər və heyət üzvləri təyyarənin idarəçiliyini ələ keçirə və öz həyatlarını xilas edə bilmədilər. Amma öz qəhrəmanlıqları ilə onlarla, bəlkə də yüzlərlə başqa insanların həyatlarını qurtardılar. Təyyarənin çırpıldığı yerin yaxınlığında 2015-ci ildə xatirə memorialının açılışı oldu.