“SÜLHMƏRAMLILAR ÖZLƏRİNİ DONUZ KİMİ APARIRLAR...” –Şoyqunun Bakıya zəngi ilə son təxribat arasında əlaqə varmı?...
Yenixeber.org: Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, milyonlarla izləyicisi olan tanınmış hərbi ekspert Aleksey Arestoviç ötən gün Qarabağda cərəyan edən hadisələri şərh edərkən, deyib: “Azərbaycanın problemi ondadır ki, onların xoş məramları sayəsində əldə olunmuş razılaşma (10 noyabr razılaşması-red.) daim pozulur, rus sülhməramlıları özlərini donuz kimi aparırlar – təxribatlar, pozuntular və sair. Təbii ki, bu da Azərbaycanı qane etmir və vəziyyətin gərginləşməsi sadəcə, zaman məsələsi idi... Ermənistan rəhbərliyi üçün ən ideal variant birbaşa Azərbaycanla və Türkiyə ilə razılıq əldə etməkdir. Moskva olmasaydı, onlar çoxdan razılıq əldə etmişdilər...”
Təəssüf ki, 44 günlük müharibədən sonra hələ məsələnin bitmədiyini, hələ hər şeyin qarşıda olduğunu deyənlərin pessimist proqnozları qismən də olsa özünü doğrultmaqdadır. Yarımçıq qalmış savaşın son günündə rus hərbi kontingentinin Qarabağa doğru yol alması xəbəri və ardınca bəyan edilən razılaşmadakı “Rusiya sülhməramlıları” ifadəsini görəndə artıq millətin “dalağı sancmışdı”. Çünki Azərbaycana yenə rus imperiyası gəlirdi və öz tarixindən az-çox xəbərdar olan xalqımız üçün bunun nə demək olduğunu anlamaq elə də çətin deyildi...
Ötən gün Qarabağdakı rus “sülhməramlıları”nın məsuliyyət zonasında (Əslində, mahiyyət etibarilə işğalçı olan dövlətdən və ordudan sülhməramlı olmadığı kimi, onun məsuliyyəti və məsuliyyət zonası da ola bilməz!) baş verən məlum hadisələr 2020-ci ilin 10 noyabrında imzalanan və Azərbaycanın maraqları baxımından ideallıqdan uzaq olan razılaşmanın “yan təsirləri”nin bu günə qədərki ən kəskin təzahürü sayıla bilər. Çünki 44 günlük müharibədən sonra məhz Qarabağ ərazisində bu cür nisbətən iri miqyaslı qarşıdurma olmamışdı. Ancaq bu və buna bənzər hadisələrin qaçılmaz olduğu Rusiyanın buraya qədəm qoyduğu ilk gündən bəlli idi...
Məlum olduğu kimi, avqustun 2-də Şoyqu Zakir Həsənova zəng etmişdi. Bunun sabahısı günü ermənilər növbəti təxribata əl atdı və əsgərimizi şəhid etdi. Həmin zənglə ondan sonrakı məlum təxribat arasında birbaşa əlaqə olduğunu birmənalı şəkildə inkar etmək sadəlövhlük olardı. Əlbəttə, belə telefon danışıqlarında müzakirə olunan məsələlərə dair rəsmi açıqlamalarda deyilənlərlə reallıq arasında ciddi fərqlərin olduğu şübhəsizdir. Ancaq bir şey dəqiqdir ki, indi 2016-cı ilin apreli deyil və Putinin tapşırığı ilə telefon açan Şoyqunun zəngləri də həmin vaxtlardakı effekti, yəni Moskvanın istədiyi nəticəni verə bilməz! Bu isə Kremli qətiyyən qane etmir. Odur ki, Qarabağda rusların “krışalıq” etdikləri erməni separatçı tör-töküntülərinin az qala tualetə də onlardan icazəsiz getmədiklərini, ruslar “anqır” deməsə, anqırmadıqlarını nəzərə alsaq, həmin təxribatın mənbəyi barədə nəticə çıxarmaq heç də çətin olmaz...
Ancaq Rusiyanın necə bir sülh yaradan və sülhməramlı olduğu elə 10 noyabr sazişinin mahiyyəti və icra olunması vəziyyətindən də görünür; “Rusiya sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi” bəndi yerinə yetirilməmiş qalır, “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən 5 km enində yeni yolun inşası və rus hərbi kontingentinin oraya köçürülməsi” bəndi də həmçinin. Azərbaycan tərəfi yolun inşasını demək olar, başa çatdırıb. Ancaq nə erməniləri həmin ərazilərdən çıxaran var, nə də rus hərbçiləri Laçın dəhlizindən çəkilənə oxşayır.
Yaxud, olsun “Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qaytarılması” bəndi. Bu istiqamətdə də heç bir iş görülməyib və əksinə, ruslar və ermənilər məhz Xocalı ərazisində möhkəmlənməkdə, nələrsə inşa etməkdədirlər. Nəhayət, “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat” bəndi. Yəni, Zəngəzur dəhlizi məsələsi. Heç bir irəliləyiş yoxdur və Ermənistan öhdəliyini yerinə yetirməyə hazırlaşmır.
Qlsası, əksər bəndlər yerinə yetirilməyib, ya da yarımçıq yerinə yetirilib. O da Azərbaycan tərəfinin misli görünməmiş təzyiqləri və inadkarlığı sayəsində. Bəs, hanı Rusiyanın vədləri, öz üzərinə götürdüyü missiya, öhdəlik və sair? Budur, Rusiyanın yaratdığı “sülh” və hazırladığı “bəyannamə”!
Bəli, artıq bütün dünyaya bəllidir ki, Rusiyanın ləpiri olan yerdə nə sülh, nə birgəyaşayış, nə əminamanlıq, nə inkişaf, nə də haqq-ədalət ola bilər. Dünənki kadrlardan göründüyü kimi, erməni qüvvələrinin məhv edilən və sırada olan hərbi texnikası, avtomobilləri, topları və s. demək olar ki, təp-təzədir və hamısı da Rusiya istehsallıdır. Deməli, onların silah təchizatı baxımından problemləri demək olar, yoxdur və bəlkə də bunlar davamlı olaraq təzələnir. Çünki “böyük qardaş” hələ ki, qulaqlarının dibindədir. Ancaq unutmasınlar ki, Azərbaycanın yumruğu da başlarının üzərindədir...
“Azpolitika”