Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Siyasi partiyaların çoxluğu bizi hara aparır?-TƏHLİL

Yenixeber.org: Demokratik ölkələrdə ictimai-siyasi münasibətlər sisteminin formalaşması, demokratik vərdişlərin yaranması, siyasi-ideoloji maarifçilik əsasən partiyalar vasitəsilə həyata keçirilir. Partiyalar insanların siyasi hüquqlarını və maraqlarını ifadə edir.

Qədim Yunanıstandan orta əsr Avropasına, 18-ci əsrin intibah dövürndən müasir dövrümüzə qədər partiyalar uzun yol keçib. Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biri kimi dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi funksiyasını bilavasitə həyata keçirir.

Siyasi pülüralizmin olmadığı cəmiyyətlərdə siyasi partiyaların demokratik institut kimi rolundan danışmaq çətindir. Çoxpartiyalı siyasi sistem demokratik cəmiyyətdə siyasi təfəkkürün yüksəlməsinə, partiyaların çoxluğu ilə imitasiya olunan antidemokratik rejimlərdə isə zəifləməsinə gətirib çıxarır. Vətəndaşların siyasi iştirakçılığını zəiflədən amillərdən biri də “partiya”ların çoxluğudur.

Demokratik dünyagörüşün və ənənələrin zəif olduğu, azad seçkilərin keçirilmədiyi cəmiyyətlərdə insanlar siyasi partiyaların məqsədini anlamağa çətinlik çəkir. Partiyalar vətəndaşa vətəndaşlar da partiyalara faydalı ola bilmir.

                Azərbaycanda nə qədər partiya var, onlar kimə və nəyə xidmət edir?

31 illik müstəqillik dönəmində ölkədə 66 siyasi partiya rəsmi dövlət qeydiyyatına alınıb. Mərkəzi Seçki Kommissiyasının (MSK) saytında partiyaların 2021-ci ilin Maliyyə Hesabatı ilə bağlı ən son məlumatlara görə hazırda 58 partiya rəsmi dövlət qeydiyyatındadır. Rəsmi dövlət qeydiyyatına alınmasa da öz mövcudluğunu bəyan edən partiyaların sayı daha çoxdur. 5,3 milyon seçicisi olan bir ölkə üçün bu qədər partiyaların olması nəinki cəmiyyəti sosial-siyasi, milli ideyalar ətrafında səfərbər edir, əksinə xırda qruplara parçalayaraq dağınıq hala salır.

Partiyalarla bağlı bəzi statistikalara nəzər saldıqdan sonra siyasi partiyalarla bağlı durumu daha aydın təhlil edə bilərik. Ölkədə siyasi partiyaların rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı ən yüksək nəticə 1 illik Elçibəy iqtidarı dövrünə təsadüf edir. 1992-ci ilin iyul ayından 1993-cü ilin may ayınadək 10 ay ərzində 19 partiya rəsmi qeydiyyata alınıb.

Xatırladaq ki həmin vaxt ölkədə çox ağır müharibə gedirdi. Minlərlə gəncin şəhid olduğu bir dövrdə bu qədər partiyanın yaranması cəmiyyətdə diqqəti müharibəyə deyil, siyasi rəqabətə yönəltmişdi. Müstəqilliyin ilk illərində qeydə alınan partiyaların çoxluğu cəmiyyətdə siyasi pülüralizmə deyil, hərc-mərcliyə gətirib çıxarırdı.

10 illik H.Əliyev iqtidarı zamanı 25, 18 illik İ.Əliyev iqtidarı zamanı isə 22 partiya dövlət qeydiyyatına alınıb. 1993-1995-ci ildə 2 partiya Ali Məhkəmənin qərarı ilə ləğv olunub, 6 partiya isə Yeni Azərbaycan Partiyasının (YAP) 5 mart 2021-ci il tarixli VII qurultayında YAP-a qoşulmaqla bağlı qərar qəbul edibdir.

Partiyaların qeydiyyatı ilə bağlı üç mərhələyə nəzər salaq. 1992-1999-cu illərdə (7 il) ölkədə 38 partiya, 2000-2020-ci illərdə (20 il) 19 partiya, ən son 2020-2021-ci ildə 9 partiya qeydə alınıb. 1992-93-cü illərdə olduğu kimi son 2 ildə partiyaların qeydiyyatında böyük sıçrayış edilib.

Diqqət etsək, prezident İlham Əliyevin ilk səlahiyyət dönəmində (2003-2008) 10 partiya, ikinci dönəmində (2008-2013) 3 partiya, üçüncü dönəmində isə (2013-2018) heç bir partiya qeydə alınmayıb. Lakin 2018-ci ildən indiyədək, yəni dördüncü səlahiyyət dönəmində 9 partiya qeydə alınıb.

Partiyaların çoxluğu indi nə siyasi pülüralizmə, nə də siyasi fəallığa yol açır. Eyni zamanda hərc-mərclik yaratmaq imkanları da yoxdur. Nə qədər təzadlı görünsə də apolitik şəraitdə partiyaların çoxluğu demokratik proseslərə xidmət etmir. İnsanların partiyalara qeyri-ciddi münasibəti möhkəmlənir, siyasi fəaliyyətə meyl daha da azalır. Vətəndaşların partiyalardan gözləntisi məişət səviyyəsinə enir.

      Parlamentdə partiyaların çoxluğu demokratik inkişafın göstəricisi sayıla bilərmi?

Heç bir sosial bazası olmayan, antidemokratik seçkilərdə hakimiyyətin mandat verdiyi partiyaların MM-də təmsilçiliyi çoxpartiyalılığı imitasiya edir. 11 partiyanın 2-si istisna olmaqla digər 9 partiyanın siyasi keçmişi Əliyev iqtidarına müxalifətçiliklə bağlıdır. İqtidar real müxalifət partiyalarından ayrılıb yeni partiya yaradan şəxslərə mandat verməklə müxalifət düşərgəsinin siyasi nüfuzunu aşağı salmağa çalışır.

Partiyaların hazırkı parlament təmsilçiliyinə nəzər salsaq, 1992-1999-cu illərdə qeydə alınan 38 partiyadan yalnız 5-i Milli Məclisdə (MM) təmsil olunur. MM-də təmsil olunan 11 partiyanın altısı İ.Əliyevin iqtidarı zamanı qeydiyyata alınıb. Hazırkı MM-də siyasi keçmişi AXC ilə bağlı olan 6 partiya sədri təmsil olunur. YAP-dan başqa 1993-cü ildə H.Əliyev siyasi kursunu dəstəkləyən yalnız bir partiya (AVP) MM-də mandata sahibdir.

Hazırkı MM-də təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 2021-ci ildə büdcədən rəsmi olaraq 3,8 milyon manat məbləğində maliyyə yardımı ayrılıb. Xatırladaq ki bu yardım keçən ilki ilə müqayisədə 6.2 faiz çoxdur. Deməli, hakimiyyət bu partiyaların deputatlarına verdiyi yüksək maaşla yanaşı partiyalarının da inkişafı üçün əlavə maliyyə ayırır.

Parlamentdə təmsil olmayan, lakin iqtidarın “dialoq” imitasiyasında rol alan partiyaların əksəriyyətinin də qeyri rəsmi olaraq maliyyə yardımı almasını istisna etmək olmaz. Bu partiyaların ofislə təmin olunması, tənqidlərinin yumşalması, ölkədəki siyasi şəraitə yanaşmaları belə qənaətə gəlməyə imkan verir.

Səthi müşahidələr göstərir ki, nə parlamentdə təmsil olunan, nə də “dialoq” prosesində iştirak edən partiyalar cəmiyyətdə ciddi nüfuza və təsirə malikdir. Bütün basqılara baxmayaraq real müxalifət qüvvələrinin ictimai rəydə mövqeyi hələ də həlledicidir. Hakimiyyət dövlət vəsaitlərini bu partiyalara xərcləməklə nəinki siyasi güc qazanır, əksinə siyasi nüfuzunu itirir. Öz siyasi mövcudluğunda yenə də əsasən polisin dəyənəyinə və sərt qadağalara möhtacdır.

      Hazırda partiyaların fəaliyyəti necə xarakterizə oluna bilər?

Ölkədəki antidemokratik idarəetmə sisteminə qarşı prinsipial mübarizə aparan müxalif partiyalar total basqı altındadır. İqtidar onların gündəmini təzyiqlər, təqiblər və həbslərlə məşğul edir. Siyasi məhbus problemi ilə onların konkret siyasi hədəflərə istiqamətlənməsinə imkan vermir. Real müxalif partiyalar müxtəlif şəkildə nəzarət altındadır. Bu partiyalardan yeni diqqətçəkən siyasi təşəbbüslər də görünmür.

İqtidarla hər cür əməkdaşlığa açıq olan partiyaların durumu da yaxşı deyil. Maliyyə baxımından müəyyən üstünlükləri olsa da iqtidarla əməkdaşlığın nə aydın müstəvisi, nə mövzusu, nə də nəticəsi var. Əlavə olaraq cəmiyyətdən də sərt tənqidlər alırlar.

Hətta hakim partiyanın özü də cəmiyyətdə ictimai-siyasi təsir gücündə deyil. İqtidara qarşı arqumentli tənqidlərə effektli siyasi cavablar verdiyini görmürük. Yüz minlərlə üzvü olduğu iddia edilən hakim partiyanın siyasi varlığı ilə yoxluğu cəmiyyətdə bilinmir. Polis və digər hüquq mühafizə orqanları ölkədəki kriminal şəraitlə yanaşı siyasi vəziyyətə də nəzarət edir.

Ölkədə elektron hökumətə keçidlə bağlı xeyli müsbət işlər görülüb. 400-ə yaxın dövlət qurumunun əksəriyyətinin rəsmi saytları var. Müvafiq sahələr üzrə dolğun məlumatların yerləşdirildiyi saytların da sayı kifayət qədərdir. Haqlı olaraq iqtidardan şəffaflıq tələb edən partiyaların mütləq əksəriyyətinin təəssüf ki öz saytları yoxdur.

Partiyalar cəmiyyət üçün ən açıq ictimai institutlar olmalıdır. Əslində dövlətin də onlardan əsas tələbləri sırasında bu amil dayanmalıdır. Müsair internet kommunikasiyalarının geniş yayıldığı bir şəraitdə partiyaların mövcudluğu barəsində nəinki dolğun, heç səthi məlumatlar da əldə etmək mümkün deyil.

Partiyaların fəaliyyəti, platformaları, informasiya açıqlığının tezlikləri barəsində məlumatlar bir yana, heç rəhbər şəxslər, qurumlar barəsində də məlumat yoxdur. Dövlətin müvafiq strukturları partiyaların qarşısında bu barədə açıq tələblər qoymalıdır. Bir şəxsdən ibarət olan, il ərzində heç bir rəsmi toplantı keçirməyən, “Siyasi Patiyalar haqqında” Qanunun tələblərinə uyğun gəlməyən bu partiyaların qeydiyyatı yenidən nəzərdən keçirilməlidir.

İnkişaf etmiş böyük və demokratik dövlətlərin təcrübəsindən yaralanmaq olar.

Siyasi partiyalar mövzusunu diqqətdə saxlamaqla yanaşı daha dərin təhlili aparaq ictimai müzakirəyə təqdim edəcəyik.

Nəsimi Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam