Yenixeber.org: 1967-ci il aprelin 23-də SSRİ-nin Baykonur kosmodromundan “Soyuz-1” gəmisi kosmosa qalxdı. Amma artıq ertəsi gün, aprelin 24-də texniki nasazlıqlar səbəbindən uçuş yarımçıq dayandırıldı. Yerə qayıdarkən qəza baş verdi və gəminin tərkibindəki yeganə kosmonavt – Vladimir Komarov həlak oldu.
***
SSRİ-də pilotlu uçuşlarda istifadə olunan ilk aparatlar “Vostok” adlanırdı. Onlarla 1961-ci ilin aprelindən 1963-cü ilin iyununa kimi altı uçuş həyata keçirildi. Bundan sonra daha mürəkkəb manevrlər həyata keçirən, eləcə də bir neçə nəfərin uçuşuna imkan verən (“Vostok” təkadamlıq idi) gəminin hazırlanması aktuallaşdı.
Adı “Vosxod” olan yeni gəmini ilyarım gözləmək lazım gəldi. 1964-cü ilin oktyabrında dünyada ilk dəfə kosmosa bir nəfərdən çox heyət (Vladimir Komarov, Konstantin Feoktistov və Boris Yeqorov) göndərildi. Bundan əlavə, yeni gəmi kosmonavtlara skafandrsız uçmaq imkanı verirdi.
1965-ci ili martında “Vosxod-2” gəmisi iki nəfərlə (Pavel Belyayev və Aleksey Leonov) kosmosa qalxdı və bu uçuş ilk dəfə insanın (Leonov) açıq kosmosa çıxması ilə yadda qaldı.
Amma gəmi müəyyən texniki tələblərə cavab vermədiyindən “Vosxod” proqramı bu iki pilotlu uçuşla yekunlaşdı. Daha perspektivli hesab edilən “Soyuz” gəmisinin istifadəyə verilməsini gözləmək qərara alındı. Bunun üçün isə iki ildən çox vaxt lazım gəldi.
Həmin dövrdə amerikalılar “Gemini” proqramı çərçivəsində 10 pilotlu uçuş həyata keçirdilər və o vaxta qədər sovet kosmonavtlarına məxsus olan bir sıra rekordları təzələdilər. 1966-ci ilin sonunda ABŞ astronavtlarının sayı sovet kosmonavtlarından iki dəfə çox idi.
Sovetlərin ən uzunmüddətli uçuşu (“Vostok-5“, Valeri Bıkovski) 4 sutka 22 saat 56 dəqiqə sürmüşdü. Amerikalılar bunu əvvəlcə 7 gün 22 saat 55 dəqiqəyə qədər (“Gemini-5”, Qordon Kuper və Çarlz Konrad”), daha sonra isə 13 gün 18 saat 35 dəqiqəyə (“Gemini-7” Frenk Borman, Ceyms Lovell) qədər artırdılar.
Leonov cəmi 12 dəqiqə açıq kosmosda olmuşdusa, Yucin Sernan (“Gemini-9A”, Tomas Stafford ilə birikdə) 2 saat 8 dəqiqə oldu.
Amerikalıların bir nailiyyəti xüsusilə önəmli idi: 1966-cı il martın 16-da iki kosmik aparatın – pilotlu “Gemini-8” (heyət: Nil Armstronq və Devid Skott) və pilotsuz “Agena-VIII” aparatlarının kosmosda birləşməsini həyata keçirdilər. Cəmi dörd ay sonra “Gemini-10” (Con Yanq və Maykl Kollinz) bu nailiyyəti yenidən təkrar etdi.
Sovet rəhbərliyi belə vəziyyətdən heç də məmnun deyildi və pilotlu uçuşların bərpasını tələb edirdi. Bu dövrdə həm SSRİ, həm də ABŞ “Ay yarışı” aparırdılar, hər biri Aya insan çıxaracaq ilk dövlət olmaq istəyirdi.
Buna görə də Moskva öz mütəxəssislərini tələsdirirdi. Halbuki “Soyuz” gəmilərinin pilotsuz üç sınaq uçuşunun heç biri tam uğurlu olmamışdı. Amma rəhbərlik etiraz eşitmək istəmirdi. İlk kosmik uçuşlara rəhbərlik edən Sergey Korolyovun ölümündən sonrakı rəhbərlik isə Kremllə söz güləşdirəcək qədər nüfuzlu deyildi. Nəticədə, 1967-ci aprelin 23-də “Soyuz” gəmisi ilə ilk uçuş həyata keçirilməsi qərara alındı.
Uçuş proqramına görə “Soyuz-1”-dən bir gün sonra “Soyuz-2” gəmisində üç nəfər (Valeri Bıkovski, Aleksey Yeliseyev və Yevgeni Xrunov) kosmosa uçacaqdı və dünyada ilk dəfə iki pilotlu gəminin birləşməsi həyata keçiriləcəkdi. Bundan sonra Yeliseyev və Xrunov öz gəmilərini tərk edərək, açıq kosmos vasitəsilə “Soyuz-1”-ə keçəcək və onunla Yerə qayıdacaqdılar.
Amma “Soyuz-1” uçuşa başlayandan problemlə üzləşdi. Günəş batareyası panellərinin ikisindən biri açılmadı və aparat elektrik enerjisi defisiti yaşadı. Vladimir Komarovun paneli açmaq cəhdləri nəticə vermədikdə, uçuşu erkən dayandırmaq və “Soyuz-2”-ni göndərməmək qərara alındı.
Eniş zamanı isə faciə baş verdi. Dartıcı paraşüt açılsa da, naməlum səbəblərdən əsas paraşüt açılmadı, ehtiyat paraşüt açıldı, amma aparatın fırlanmasına görə ipləri bir-birinə dolaşdı və hava ilə dolmadı. Nəticədə eniş aparatı yüksək sürətlə yerə çırpıldı və Komarov həlak oldu. Hidrogen peroksidin dağılması yanğınla nəticələndi və kosmonavtın cəsədi kömürə döndü.
***
Qəzanın səbəbi tam aşkar edilmədi. Əsas ehtimal ondan ibarət idi ki, eniş aparatı rənglənəndə təlimata əməl edilməyib, nəticədə paraşütün qapağı da rənglənib. Eniş zamanı istiliyə görə rəng yapışqana döndüyündən əsas paraşüt yerindən çıxmayıb. Amma zənnimcə, əsas səbəb Kremlin siyasi motivli müdaxiləsi və bir normal sınaq uçuşu olmayan gəmi ilə pilotlu uçuşun həyata keçirilməsində israrı idi.
Vladimir Komarov start zamanı ikinci dəfə kosmosa uçan ilk kosmonavt idi, enəndə isə uçuş zamanı ölən ilk kosmonavt oldu.
1967-ci ildə ABŞ-ın kosmos proqramında da faciə baş vermişdi. Yanvarın sonlarında, “Apollon-1” gəmisinin uçuşa hazırlığı prosesində məşq zamanı çıxan yanğında üç kosmonavt – Qas Qrissom, Ed Uayt və Rocer Çaffi həlak oldular. Nəticədə ABŞ-ın da pilotlu uçuşlarında iki ilə qədər fasilə yarandı.
“Soyuz-1” gəmisinin uçuşu uğurlu olsaydı, SSRİ buraxdığı iki ili kompensasiya etmək imkanı qazanacaqdı. Amma qəza üzündən sovet pilotlu uçuşları daha ilyarım təxirə salındı. Bu da Ay yarışında amerikalıların qalib gəlməsində əsas rol oynadı.