Rusiya Cənubi Qafqazda gərginliyə çalışır: Paşinyan Kremlin təzyiqlərinə tab gətirəcəkmi
Brüssel görüşünün nəticələrindən narahat olan Kreml Azərbaycan və Ermənistan arasında yalnız Rusiyanın vasitəçilik edə biləcəyi iddiasındadır; Cənubi Qafqaza nəzarət mexanizmlərini itirmək təhlükəsi ilə üzləşən Rusiya regionda hərbi-siyasi qarşıdurmanın yaranmasında maraqlı görünür...
Yenixeber.org: Brüssel görüşünün nəticələri Cənubi Qafqazda yeni situasiyanın yaranmasına yol aça bilər. Üstəlik, bu yeni situasiya daha çox Rusiyanın regiondakı təsir mexanizmlərinin önəmini itirmə ehtimalı ilə də yüklənib. Və hazırda Kremldə regionda geopolitik proseslərin məhz bu istiqamətdə inkişaf etməsindən narahatlığın yaşandığı da müşahidə edilir.
Bu baxımdan, Rusiyanın paytaxtı Moskva şəhərində bu ölkənin və Ermənistanın xarici işlər nazirlərinin görüşündə əsasən, Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərin müzakirə ediləcəyi gözlənilir. Əslində, xarici işlər nazirlərinin görüşünü Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüşə hazırlıq kimi də qəbul etmək olar. Və böyük ehtimalla bu iki səfərdən sonra Brüsseldə böyük geopolitik itkilərə məruz qalan rəsmi İrəvanın bundan sonrakı mövqeyi daha aydın şəkildə ortaya çıxmağa başlaya bilər.
Ona görə də, Rusiya və Ermənistan xarici işlər nazirlərinin regionda mövcud olan situasiyanı mütləq hər iki müttəfiq ölkənin ortaq maraqları çərçivəsində müzakirə edəcəkləri qətiyyən şübhə doğurmur. Üstəlik, hər iki tərəfin mövcud situasiya ilə bağlı ciddi narahatlıqları var. Belə ki, rəsmi İrəvan bir müddət öncə Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin davranışlarından narazı olduğunu bəyan etmişdi. Üstəlik, Kremldən rus sülhməramlılarla bağlı araşdırmanın aparılmasını tələb etmişdi.
Digər tərəfdən, Rusiyanın Ukrayna savaşı və beynəlxalq sanksiyalar ucbatından çətin duruma düşməsi, hətta son vaxtlar hərbi-siyasi cəhətdən zəifləməyə başlaması da Ermənistanı narahat edir. Çünki Rusiya Ermənistanın Cənubi Qafqazda ən ciddi himayədarıdır. Rusiyanın zəifləməsi rəsmi İrəvanı Ermənistanın gələcək taleyi ilə bağlı ciddi şəkildə narahat olmağa məcbur edir. Ona görə də, rəsmi İrəvan Rusiyanı əvəzləyə biləcək daha güclü müttəfiq axtarışındadır. Belə axtarışlar isə Ermənistanın Rusiya və Qərb dövlətləri arasında “sürüşkən manevrlər” etməyə məcbur buraxır.
Təbii ki, Kremldə rəsmi İrəvanın “sürüşkən manevrlər”ini diqqətlə izləyirlər. Rusiyanın başı nə qədər Ukrayna savaşına qarışsa da, Paşinyan hakimiyyətinin Qərbdə yeni müttəfiq axtarışına çıxması Kremldə qıcıq yaradır. Son günlər Ermənistanda Rusiyaya bağlı revanşist siyasi düşərgənin yenidən hərəkətə gətirilməsi də bunu təsdiqləyir. Kreml bununla Paşinyan hakimiyyətini çevriliş təhlükəsi ilə hədələməyə çalışır.
Nəhayət, ən önəmli məsələlərdən biri də ondan ibarətdir ki, Rusiya son vaxtlar Cənubi Qafqaza nəzarət imkanlarını itirməyə başladığını da hiss etməyə başlayıb. Kreml anlayır ki, ABŞ və Qərb Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün konkret addımlar atmağa başlayıb. Xüsusilə də, Azərbaycan və Ermənistan arasındakı problemlərin həllində Avropa qurumlarının ön plana keçməyə çalışması Rusiyanın regiondakı əsas təsir mexanizminin Kremlin əlindən alınması ilə nəticələnə bilər.
Bu baxımdan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş Brüssel görüşü Kremli ciddi şəkildə narahat edir. Rusiya indiki situasiyada, xüsusilə də, Avropa qurumlarının vasitəşiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında qətiyyən maraqlı deyil. Çünki bu istiqamətdə əldə olunan istənilən uğur Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdıra bilər.
Onu da qeyd etmək lazımdır ki, Brüssel görüşünün nəticələri Ermənistanın da əl-qolunu bağlayır. Belə ki, rəsmi İrəvan bundan sonra sülh sazişinin imzalanması tərəfdarı kimi bəyanatlar verib, sonradan danışıqlar prosesini pozmaqda çətinlik çəkəcək. Çünki, Brüssel görüşündə də razılaşdırıldığı kimi, Ermənistan üçtərəfli anlaşmaları tam şəkildə yerinə yetirmək məcburiyyətində qalacaq.
Əgər, buna qədər Rusiya üçtərəfli anlaşmaların icrasına öz maraqlarından yanaşırdısa, Ermənistanın həmin sənədlərin tələblərini kobud şəkildə pozmasına göz yumurdusa, indi bu, o qədər də asan olmayacaq. Hər halda, Brüssel görüşünün nəticələri üçtərəfli anlaşmaların icrasına Avropa qurumlarının nəzarətini də təmin etmiş oldu. Bundan sonra rəsmi İrəvanın həmin sənədlərə daha həssas yanaşması qaçılmaz xarakter daşıyır.
Bütün bunları nəzərə aldıqda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və baş nazir Nikol Paşinyanın Moskva səfərləri rəsmi İrəvana müsbət heç nə vəd etmir. Böyük ehtimalla Kreml Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin itirilməsi təhlükəsi qarşısında qaldığından, Ermənistana təzyiq göstərməyə çalışacaq. Və Brüssel görüşü çərçivəsində sülh sazişinin imzalanmasına göstərilən cəhdləri boşa çıxartmağa can atacaq.
Maraqlıdır ki, artıq Rusiyaya bağlı erməni siyasi dairələri Ermənistan cəmiyyətinə Brüssel görüşünün nəticələrini böyük diplomatic uğursuzluq kimi təbliğ etməyə başlayıblar. Onlar birmənalı şəkildə bəyan edirlər ki, Brüssel görüşünün nəticələri Azərbaycanın müəyyənləşdirdiyi güngəlik üzrə keçirilib. Və bu, heç şübhəsiz ki, Kremlin Paşinyan hakimiyyətinə təzyiq kampaniyansının istiqamətlərindən yalnız biridir.
Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfərində rəsmi İrəvana daha sərt təzyiqlər göstəriləcəyi qətiyyən istisna deyil. Kreml Qərb siyasi iradə mərkəzlərinin Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələlərin həllini öz üzərinə götürməklə, Rusiyanı Cənubi Qafqazda sıxışdırıb, oyundankənar vəziyyətə salmağa cəhd göstərdiyini artıq anlayır. Ona görə də, böyük ehtimalla Paşinyan hakimiyyətindən Brüssel görüşünün nəticələrindən və eləcə də Qərb siyasi dairələrinin vasitəçiliyindən imtina edilməsi tələb oluna bilər.
Əslində, Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamasında bunun ilkin mesajlarını da verib. Belə ki, o, ABŞ və Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıq etmək istəmədiyini bildirib. Üstəlik, ona da eyham vurub ki, ABŞ və Qərb yeni vasitəçilik modeli qurmağa çalışarkən, Ermənistanın milli maraqlarına əhəmiyyət verməyi lazım bilmir. S.Lavrov hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesinə yalnız Rusiya vasitəçilik etməlidir.
Göründüyü kimi, S.Lavrovun bu açıqlaması Rusiyaya bağlı erməni siyasi dairələrinin Brüssel görüşünə qarşı antitəbliğat tezisləri ilə böyük ölçüdə uyğun gəlir. Belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətinə təzyiq göstərərək, Brüssel görüşünün nəticələrini pozmaq niyyətindədir. Və bu, Cənubi Qafqaza nəzarət imkanlarını itirmək təhlükəsi ilə üzləşən Rusiyanın regionda gərginliyi artırmağa çalışdığını biruzə verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert