Ərdoğanın ideyasını Rusiya reallaşdırır: Müqavimət göstərənlər regiona buraxılmayacaq
Kreml “3+3” formatının reallaşdırılma missiyasını öz üzərinə götürməyə başlayıb; Cənubi Qafqazın gələcək taleyinin məhz bu əməkdaşlıq modelinə bağlı olacağı artıq qətiyyən şübhə doğurmur...
Yenixeber.org: Cənubi Qafqaz regionunda geopolitik, geostrateji və geoiqtisadi proseslərin hansı istiqamətə yönələcəyi artıq tədricən aydınlaşmağa başlayıb. Bu regionda geopolitik iradə sahibləri də demək olar ki, məlumdur. Və Cənubi Qafqaz məkanında əsas əməkdaşlıq formatı da dəqiqləşmək üzrədir.
Onu da qeyd edək ki, Cənubi Qafqaz regionunun geopolitik, geostrateji və geoiqtisadi perspektivləri Azərbaycanda müəyyən edilmişdi. Ötən il paytaxt Bakıda Zəfər Paradında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda genişmiqyaslı əməkdaşlıq üçün “3+3” formatını gündəmə gətirmişdi. O, bu formatın regionun siyasi-iqtisadi inkişaf perspektivləri baxımından, ən optimal əməkdaşlıq modeli ola biləcəyini vurğulamışdı.
Təbii ki, Türkiyə prezidentinin ideya müəllifi olduğu “3+3” formatı nə qədər cəlbedici əməkdaşlıq modeli olsa da, onun qarşısında müəyyən problemlər də olmamış deyildi. Birincisi, bu format bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin, xüsusilə də, ABŞ və Fransanın maraqlarına qətiyyən uyğun gəlmir. Çünki, bu əməkdaşlıq formatı adından da göründüyü kimi, Cənubi Qafqazda regionun üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistan ilə yanaşı, bölgəyə qonşu olan daha üç ölkənin – Türkiyə, Rusiya və İranın iştirakına imkan tanıyır.
İkincisi, Gürcüstan Rusiya ilə münasibətlərində olan ciddi problemlər ucbatından “3+3” formatına müəyyən mənada, ehtiyatla yanaşırdı. Hətta rəsmi Tiflis Rusiya ilə hər hansı əməkdaşlıq modelində üzləşmək istəmədiyini qətiyyən gizlətmirdi. Və bu, modelin natamamlıq baxımından, zədələnmə ehtimalını artırırdı.
Nəhayət, “3+3” formatı Zəngəzur dəhlizinin açılacağı təqdirdə, reallaşa biləcək əməkdaşlıq modelidir. Çünki, Zəngəzur dəhlizi reallaşmadan Türkiyə, Rusiya və İran arasında daha effektiv nəqliyyat-kommunikasiya marşrutu yaratmaq mümkün deyil. Ancaq bu, Ermənistan və İranı o qədər də məmnun etmir.
Rəsmi İrəvan Türkiyə və Azərbaycan arasında Ermənistan üzərindən birbaşa bağlantının qurulmasına müqavimət göstərməyə çalışır. İrana gəldikdəsə, rəsmi Tehran da bu məsələdə Ermənistana dəstək verir. Və bu iki ölkənin ortaq alternativ hədəfləri mövcuddur.
Məsələ ondadır ki, Ermənistan və İran Cənub-Şimal marşrutunun yaradılmasında israr edir. Yəni, Fars Körfəzindən başlayan, bütün Ermənistandan keçən və Gürcüstanın Batumi limanına çıxan marşrutun işə salınmasına can atırlar. Ancaq bu marşrut Türkiyə, Rusiya, Azərbaycan və hətta Gürcüstana belə, sərfəli deyil.
Birincisi, belə bir martşrutun yaradılması külli miqdarda investisiya tələb edir. İkincisi, bu marşrut Cənubi Qafqazın nəqliyyat-kommunikasiya və iqtisadi-ticari potensialına qətiyyən cavab vermir, Türkiyə, Azərbaycan və Rusiyadan yan keçir.
Üstəlik, Gürcüstan bu marşruta maliyyə xərcləməyə həvəsli deyil, Ermənistanın ümumiyyətlə, parası yoxdur, İran isə onu təkbaşına reallaşdırmaq imkanından uzaqdır. Yəni, reallığa çevrilmə ehtimalı belə, ciddi şübhələr doğuran layihəyə Cənubi Qafqazın inkişaf perspektivlərini qurban vermək, qətiyyən doğru olmazdı.
Göründüyü kimi, Cənubi Qafqazın gələcək imkişaf perspektivləri baxımlndan, “3+3” formatının alternativi yoxdur. Regionun inkişaf perspektivlərindən faydalanmaq niyyətində olan dövlətlər istənilən halda, daha ucuz və daha tez başa gələ biləcək Zəngəzur dəhlizinin reallaşması ilə barışmalı olacaq. Və bu, artıq qaçılmaz reallıq təsiri bağışlayır.
Onu da qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğanın ideya müəllifi olduğu “3+3” formatına münasibətdə son vaxtlara qədər mümkün qədər təmkinli yanaşan Rusiya da artıq öz prinsipial mövqeyini biruzə verməyə başlayıb. Böyük ehtimalla Kremlin mövqeyinin qətiləşməsində Ərdoğan-Putin görüşünün təsiri olmamış deyil. Və bu baxımdan, Kreml artıq prinsipial mövqeyə malik olmaqla yanaşı, “3+3” formatını tam şəkildə dəstəkləyir.
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” formatı ilə bağlı prinsipial mövqeyni İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da diqqətinə çatdırıb. Kreml Cənubi Qafqazın gələcək taleyində yalnız bu formata qoşulan dövlətlərin yer ala biləcəyinin mesajını verib. Əks halda, bu formatın “3+2” və ya “2+2” modelinə belə, çevrilə biləcəyinə eyham vurub.
Rusiyanın mövqeyindən belə anlaşılır ki, “3+3” formatına qatılmayanlar Cənubi Qafqazın geoiqtisadi layihələrindən kənarda qalacaqlar. Bu həm də ümumiyyətlə, regiona giriş içkanlarını itirib, kənarda qalmaq təhlükəsi yaradır. Və bu baxımdan, regional əməkdaşlıq modelinin potensial iştirakçıları öz mövqelərini istər-istəməz dəqiqləşdirməli olacaqlar.
Onu da qeyd edək ki, “3+3” formatına ehtiyatlı yanaşan Gürcüstan artıq öz mövqeyini dəqiqləşdirmək üzrədir. Belə ki, bu qonşu ölkənin xarici işlər naziri David Zalkaliani Gürcüstanın bu əməkdaşlıq modelinə qatıla biləcəyini qətiyyən istisna etməyib: “Rusiya ilə eyni əməkdaşlıq formatında iştirak etmək Gürcüstan üçün o qədər də asan olmayacaq. Ancaq Gürcüstan üçün belə nəhəng geopolitik layihələrdə iştirak etmək çox vacibdir. Biz regionun inkişaf proseslərindən kənarda qala bilmərik. Əks halda, bu layihələr Gürcüstandan yan keçə və ölkəmiz öz regional funksiyalarını itirə bilər”.
Göründüyü kimi, Gürcüstan reallığı qəbul edir və öz mövqelərini, eləcə də mənfəət şansını itirmək niyyətində deyil. Böyük ehtimalla tezliklə Ermənistan da Gürcüstanın tutduğy yolla irəliləyəcək. İranın müqavimət göstərməkdə davam edəcəyi təqdirdəsə, format “3+2” modelinə çevriləcək və rəsmi Tehran regiondan kənarda qalmış olacaq.
Bütün bunlardan belə nəticə çıxır ki, Türkiyə prezidenti R.T.Ərdoğanın ideya müəllifi olduğu “3+3” formatının reallaşdırılma missiyasını Rusiya öz üzərinə götürməyə başlayıb. Əslində, Rusiyanın bu məsələdə ön plana çıxması əməkdaşlıq modelinin daha qısa müddətdə reallaşmasında xüsusi oynaya biləcək faktor sayılır. Bu baxımdan, Cənubi Qafqazın gələcək taleyinin “3+3” formatına bağlı olacağı artıq qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert