Paşinyan Kremldən ümidini kəsib: Əliyev Ermənistanın taleyini beş şərtə bağladı
Rəsmi İrəvanın Rusiyanı yeni beynəlxalq müttəfiqlər ilə əvəzləmək cəhdləri növbəti dəfə boşa çıxdı; Ukrayna savaşının yaratdığı geopolitik situasiya Ermənistanı Azərbaycanın hədəfində təklənmiş və müdafiəsiz duruma salıb...
Yenixeber.org: Son vaxtlar Ermənistanın xarici siyasət kursunda müəyyən dəyişikliklərin olduğu müşahidə olunur. Ancaq bu dəyişikliklər bir istiqamətli xarakter daşımır. Əksinə, davamlı olaraq, çox istiqamətli mənfəət axtarışı diqqəti çəkir.
Məsələ ondadır ki, rəsmi İrəvan əvvəlcə Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsindən Ermənistanın maraqları çərçivəsində faydalanmaq niyyətinə düşmüşdü. Xüsusilə də, Rusiyanın Donbas separatçılarının "müstəqilliyini" tanımasından sonra fərqli hesablara baş vurdu. Kremlin qondarma "artsax" iddiasına da münasibətdə də eyni mövqedən çıxış edəcəyinə ümid bəslədi.
Ona görə də, Paşinyan hakimiyyəti Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə qanunsuz erməni silahlı dəstələrinin təxribatlarının artırılmasına cəhd göstərdi. Ancaq rəsmi Bakı Ermənistanın bu təxribat planları qarşısında qətiyyən tərəddüd etmədi. Əksinə, qanunsuz silahlı erməni terror dəstələrinin mövqelərinə dəqiq zərbələr endirdi. Və hər an daha radikal addımlar ata biləcəyinin mesajını verdi.
Məlum oldu ki, rəsmi İrəvan yenə də yanlış geopolitik hesablama aparıb. Yəni, Cənubi Qafqazda Rusiyanın dəstəyinə bəslənən ümidlər tamamilə yersizdir. Kreml Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik barədə Moskva Bəyannaməsindən sonra rəsmi Bakı ilə bu məsələni ziddiyyət mövzusuna çevirməz. Və bu, rəsmi İrəvanın təxribatlarına Kremlin dəstək verməyə tələsməməsində də özünü göstərir.
Digər tərəfdən, Donbas separatçılarından fərqli olaraq, Kreml qondarma "artsax" iddiasına Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yanaşmaq məcburiyyətindədir. Rusiya prezidenti Vladimir Putin artıq bir neçə dəfə "Dağlıq Qarabağ beynəlxalq hüquq normalarına görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir" ifadəsini dilə gətirib. Üstəlik, Moskva Bəyannaməsində Azərbaycan və Rusiyanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıdıqları vurğulanıb.
Təbii ki, bütün bunlar rəsmi İrəvanı ehtiyat variantlar axtarmaq məcburiyyətində buraxıb. Xüsusilə də, Rusiyanın Ukrayna savaşında uğur qazana bilməməsi, beynəlxalq sanksiyalara məruz qoyulması, dünyadan təcrid olunması Paşinyan hakimiyyəti üçün diskomfort situasiya yaradıb. İndi rəsmi İrəvan Rusiyadan tədricən əlini üzməyə başlayıb.
Hətta Rusiyanın gələcək perspektivlərinə ciddi şəkildə şübhə etdiyindən Ermənistana yeni beynəlxalq müttəfiqlərin axtarışına da start verib. Rusiyanın ən ağır günlərini yaşadığı bir dövrdə Ermənistan baş naziri Nikol Paşinyanın tez-tələsik Fransaya səfər edərək, prezident Emmanuel Makaron ilə məsləhətləşmələrə başlaması da belə düşünməyə əsas verir.
Belə anlaşılır ki, Ermənistan həm geopolitik proseslərin yeni istiqamətləri, həm də rəsmi İrəvanın növbəti səhvləri ucbatından getdikcə daha təhlükəli situasiya ilə üzləşmək üzrədir. Çünki, Fransa son vaxtlar Azərbaycana münasibətdə mövqeyinə müəyyən düzəlişlər etmək məcburiyyətində qalıb. Çünki rəsmi Paris artıq Ermənistan ucbatından Cənubi Qafqazda əsas geopolitik güc mərkəzinə çevriləməkdə olan Azərbaycanla münasibətlərini tamamilə qoparmaq niyyətində deyil. Digər tərəfdən, Paşinyan hakimiyyətinin Rusiyanın ən ağır günündə Fransaya üz tutmasının Kremldə mütləq diqqətə alınacağı qətiyyən şübhə doğurmur. Hər halda, Kreml belə xəyanətkar manevrləri yaddan çıxartmır və bağışlamır.
Göründüyü kimi, rəsmi İrəvan növbəti dəfə yanlış geopolitik hesablamalarla Ermənistanı çətin vəziyyətə salıb. İndi Ermənistan yenə də Azərbaycanın qarşısında təklənmiş vəziyyətdə qalmış kimi görünür. Üstəlik, bütün dünyanın hazırda əsasən Ukrayna savaşı ilə məşğul olduğundan Ermənistan Azərbaycanın bütün təzyiqləri qarşısında tamamilə aciz durumdadır.
Azərbaycan isə Ermənistana qarşılıqlı münasibətlərin normallaşdırılması üçün növbəti dəfə şans verdiyinə eyham vurur. Bununla bağlı rəsmi Bakı Ermənistana 5 maddəlik yeni təklif təqdim edib. Azərbaycanın XİN başçısı qeyd edib ki, təklif yaxın vaxtlarda verilib və bir səhifəlik sənəddir: "Təməl prinsiplər müəyyən olundu və təklif edildi. Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, onlar bu təklifə yanaşmalarını dərhal bildirməlidirlər. Ancaq bunu deyə bilərəm ki, o sənəddə əksini tapan prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir".
Nazir diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən dəfələrlə vurğulanan iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu təkliflər arasındadır: "Prosesin başladılması üçün ilkin şərtlər qəbuledilməzdir. İkitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup çalışmalara başlamalıdır. Beş əsas maddə var. Təkliflərimiz beş maddədən ibarətdir".
Maraqlıdır ki, rəsmi Bakı Ermənistan tərəfinə təqdim olunan 5 maddəlik təklifin məzmunu barədə danışmağa tələsmir. Ancaq buna baxmayaraq, rəsmi Bakı tərəfindən Ermənistana göndərilən 5 bəndlik təkliflərin nədən ibarət olduğu məlum olub. Ermənistan XİN-dəki mənbələr yerli mətbuata bildiriblər ki, təkliflər aşağıdakılardır:
- Ermənisran Azərbaycanın ərazi bütövlüyünü tanımalı, o cümlədən də Qarabağa dair hər hansı iddiadan imtina etməlidir;
- Ermənistan qoşunlarını anklav kəndlərdən geri çəkməlidir. Buraya Qazaxın kəndləri və Kərki kəndi daxildir;
- Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyası 1970-ci ilə aid sovet xəritəsi əsasında aparılmalıdır;
- Zəngəzur dəhlizinə hüquqi status verilməli, bütün nəqliyyat-kommunikasiya xətləri açılmalıdır;
- Azərbaycanlı qaçqınlar Ermənistandakı dədə-baba yurdlarına qayıtmalı, onlara dəyən maddi ziyan ödənilməlidir.
Göründüyü kimi, rəsmi Bakı Ermənistanı fakt qarşısında qoyub. Bundan sonra rəsmi İrəvanın "Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" bəyanatları ilə siyasi manipulyasiyalar etmək mümkün olmayacaq. Çünki rəsmi Bakı Paşinyan hakimiyyətinə Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırılması üçün konkret tələblər göndərib.
Əgər, rəsmi İrəvan Azərbaycan ilə münasibətləri həqiqətən normallaşdırmaq istəyirsə, məhz həmin beş maddəlik təklifi qəbul etməlidir. Əks halda, rəsmi Bakı Ermənistana münasibətlərin hərbi yolla nizamlanması variantını da təklif edə bilər. Yəni, Paşinyan hakimiyyəti istənilən halda, Azərbaycanın beş maddəlik təklifini qəbul və icra etmək məcburiyyətində qalacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert