Paşinyan Əliyevin daha hansı tələbini icra edəcək: İrəvan hər şərtə hazır görünür
Ermənistan baş naziri Nikol Paşinyanın öz siyasi karyerası baxımından, kifayət qədər riskli addım kimi görünən “artsax”dan imtina kursu, əslində, tamamilə praqmatik yanaşmadır; Böyük ehtimalla MDB dövlət başçılarının Moskvada keçiriləcək qeyri-formal sammiti çərçivəsində nəzərdə tutulan Əliyev-Paşinyan görüşü maraqlı və sensasion nəticələrə yol aça bilər...
Yenixeber.org: Ermənistan cəmiyyəti çaşqın vəziyyətdədir. Çünki erməni toplumunun onilliklər boyu nə vaxtsa, reallığa çevriləcəyi ilə bağlı xəyallarını qurduğu “artsax” iddiaları tamamilə puça çıxdı. Buna əsas səbəb isə ilk növbədə Azərbaycan ordusunun 44 günlük savaşda qazandığı tarixi qələbədir. Və bu, Ermənistan cəmiyyətində “artsax” iddialarının heç vaxt reallaşmayacağı barədə siyasi-psixoloji qənaətlərin əsasını qoymuş oldu.
Ancaq bununla belə, erməni toplumu hər halda, zəif də olsa, müəyyən ümidlərini qoruyub, saxalamağa çalışırdı. Həmin ümidləri isə Ermənistan baş naziri Nikol Paşinyan cəmisi iki açıqlama ilə yerlə-yeksan elədi. İlk açıqlamada dolayısı ilə “Qarabağ Azərbaycandır” məzmunlu mesaj verdi. İkinci açıqlamada isə yenə də dolayısı ilə Ermənistanın bundan sonra “artsax” uğrunda mübarizə aparmaq niyyətində olmadığına üstüörtülü eyhamlar vurdu.
Əslində, bütün bunların baş verə biləcəyini Brüssel görüşündən bir neçə həftə əvvəl proqnozlaşdırmışdıq. Brüssel görüşündən sonra “artsax” iddialarının birdəfəlik dəfn ediləcəyini vurğulamışdıq. Erməni baş nazirin son iki açıqlamasından sonra yaranmış vəziyyət bu proqnozların doğrulmaqda olduğunu göstərir.
Düzdür, hələ bir müddət bu mövzu Ermənistan cəmiyyətində ziddiyyətlərin əsas qaynağı rolunda da çıxış edəcək. Hər halda, hazırda dərin deqradasiya prosesi yaşayan erməni toplumu “artsax” məsələsində kəskin mübahisə mühiti ilə üzləşib. Hətta bu mövzunun erməni tolumunda ciddi siyasi-ideoloji parçalanmaya yol açdığı da diqqətdən yayınmır.
Digər tərəfdən rəsmi İrəvanla Xankəndi və ətraf bölgədə olan erməni separatçılar arasında da münasibətlər gərginləşib. Erməni separatçılar baş nazir Nikol Paşinyanı xəyanətdə suçlayırlar, Azərbaycan yönlü mövqe tutmaqda ittiham edirlər. Və hazırda hətta rəsmi İrəvanla erməni separatçılar arasında siyasi-ideoloji iplərin tamamilə qopmaq üzrə olduğunu da düşünmək olar.
Halbuki, cəmisi bir neçə həftə əvvələ qədər baş nazir N.Paşinyanın erməni separatçıların rəhbəri Araik Arutyunyan ilə münasibətlərinin çox yaxın olduğu vurğulanırdı. Ermənistanda iyun ayında keçirilən növbədənkənar parlament seçkilərini N.Paşinyanın partiyasının ofisindən izləmişdi. Yəni, Ermənistanın indiki baş naziri N.Paşinyanı dəstəklədiyini açıq şəkildə biruzə vermişdi və özünü Qarabağ klanının açıq hədəfinə çevirmişdi.
Eyni zamanda, Brüssel görüşündən sonra erməni baş nazir də ilk olaraq, məhz A.Arutyunyan ilə görüşmüşdü. Böyük ehtimalla Azərbaycanla aparılan ikitərəfli danışıqların ilkin nəticələrini müzakirə etmişdilər. Və bütün bunları nəzərə aldıqda, Paşinyan-Arutyunyan qarşıdurması bir qədər gözlənilməz xarakter daşıyır.
Ancaq istənilən halda, rəsmi İrəvanı erməni separatçılar ilə qarşıdurmaya sürükləyən kifayət qədər ciddi səbəblər də mövcuddur. Həmin səbəblərin mütləq əksəriyyəti məhz Ermənistanın və Paşinyan hakimiyyətinin gələcək taleyi ilə bağlıdır. Paşinyan hakimiyyəti Ermənistan dövlətçiliyini xilas etməyə çalışır. Rəsmi İrəvan blokada şəraiti davam etdikcə, Ermənistan iqtisadiyyatının daha da batacağını anlayır. Bu haldasa, Azərbaycan və Türkiyə kimi güclü rəqiblərin arasında boğulmaqda olan Ermənistan dövlətinin regionun xəritəsindən silinmə ehtimalı qətiyyən istisna deyil.
Ona görə də, rəsmi İrəvan nəyin bahasına olursa, Azərbaycan və Türkiyə ilə problemləri həll edib, Ermənistanı blokada şəriatindən çıxartmağın yolunu tapmaq məcburiyyətindədir. Azərbaycan və Türkiyənin isə şərt-tələbləri var. Həmin tələb-şərtlər yerinə yetirilməyənə qədər Ermənistanın blokada şəraitindən çıxması qətiyyən mümkün deyil. Və bu məsələdə “artsax” mövzusu xüsusi yer tutur.
Təbii ki, belə vəziyyətdə Paşinyan hakimiyyəti Ermənistanın xilası naminə erməni separatçıları qurban vermək məcburiyyətindədir. Rəsmi İrəvan artıq Ermənistan üçün əsas fəlakət mənbəyinə çevrilməkdə olan erməni separatçılardan imtina etmək istiqamətində addımlar atır. Bununla da Azərbaycan və Türkiyə ilə münasibətlərin yumşaldılmasına çalışır.
Məsələ ondadır ki, əslində, sosial-iqtisadi böhran içərisində boğulan Ermənistan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların maliyyə yükünü qarşılamaq imkanından da çox uzaqdır. Rəsmi İrəvan erməni separatçıların mövcudluğunu qoruya bilməsi üçün hər ay Ermənistan büdcəsindən 30 milyon dollar ayırır. Bu, bir il ərzində 360 milyon dolların havaya sovrulması deməkdir.
Halbuki, rəsmi İrəvan artıq “artsax”ın mövcud olmadığını Xankəndi və ətraf bölgənin tamamilə itirildiyini anlamamış deyil. Rəsmi Bakının rus sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu həmin bölgə üzərində Azərbaycanın yurisdiksiyasını təmin etməsi olduqca yaxın vaxtlarda reallığa çevriləcək. Belə olduğu təqdirdə, rəsmi İrəvanın erməni separatçılara hər ay 30 milyon, hər il isə 360 milyin dollar xərcləməsi, Ermənistanın özünün daha çox ehtiyac duyduğu külli miqdarda maliyyə vəsaitini “dibi görünməyən quyu”ya atması deməkdir. Bütün bunları nəzərə aldıqda, erməni baş nazirin öz siyasi karyerası baxımından, kifayət qədər riskli addım kimi görünən “artsax”dan imtina kursu əslində, praqmatik yanaşmadır.
Əlbəttə ki, rəsmi İrəvan üçün erməni separatçıları tamamilə Rusiyanın öhdəsinə buraxa bilmək daha sərfəli variant olardı. Ancaq Kreml bölgədə hərbi qüvvələrinin olmasını istəsə də, Rusiya dövlət büdcəsindən erməni separatçılara nə az, nə çox hər il 360 milyon dollar xərclik verməyə həvəsli deyil. Üstəlik, rəsmi Bakı da Kremlin belə bir addım atmasına müşahidəçi qalmaz. Və dərhal Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduqları bölgədən çıxarılması ilə bağlı məsələ gündəmə çıxarıla bilər.
Təbii ki, belə vəziyyət həm Xankəndi və ətraf bölgədə olan erməni separatçıları, həm də Ermənistandakı Qarabağ klanını ciddi şəkildə qəzəbləndirir. Çünki, onları sadəcə, “artsax” iddialarının gələcək taleyi maraqlandırmır. Onları narahat edən əsas məsələ rəsmi İrəvanın “artsax” iddialarından imtina edəcəyi təqdirdə, hər ay Ermənistan büdcəsindən alıb, öz aralarında bölüşdürdükləri 30 milyon dollarlıq məbləğin kəsilə biləcyidir. Və ona görə də, Paşinyan hakimiyyətini açıq hədəfə alaraq, təzyiq göstərməyə çalışırlar.
Ancaq belə anlaşılır ki, erməni terrorçuların təzyiqləri nəticə verməyəcək. Çünki erməni baş nazir “artsax” mövzusunda böyük risk tələb edən ciddi addım atıb. Xankəndi və ətraf bölgənin gələcək taleyinin məhz Azərbaycan Konstitusiyasına uyğun həll olunacağının mesajını verib. Bu mövqedən geri çəkiləcəyi təqdirdə, Paşinyan hakimiyyəti heç nə qazanmayacaq, əksinə, yaxın gələcəkdə hətta iqtidarın itirilməsi də baş verə bilər. Bu mövqeyin qorunması isə Ermənistana tezliklə blokada şəraitindən çıxaraq, öz iqtisadiyyatını dirçəltmək şansı vəd edir.
Ona görə ehtimal etmək olar ki, Ermənistan baş naziri N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşə bu dəfə hazır gedir, onun rəsmi Bakının daha hansı şərtini yerinə yetirəcəyi tezliklə aydınlaşmağa başlayacaq. Və böyük ehtimalla MDB dövlət başçılarının Moskvada keçiriləcək qeyri-formal sammiti çərçivəsində nəzərdə tutulan Əliyev-Paşinyan görüşü maraqlı nəticələrə yol aça bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert