Başa çatmaqda olan 2021-ci il böhranlı 2020-ci ildən sonra iqtisadi artımla müşayiət olunub. Dövlət Statistika Komitəsi 4.5 faiz iqtisadi artım qeydə alındığını bəyan edib. Müstəqil ekspertlər də bir il əvvəl tənəzzül edən iqtisadiyyatda müəyyən dirçəliş olduğunu qeyd ediblər. Bu da səbəbsiz deyil. İlin əsas hissəsində pandemiya qadağaları yumşaldılıb, iaşə, ticarət obyektləri, daxili turizm qaydalar çərçivəsində maneəsiz işləyib.
Yenixeber.org: 2021-ci ildə hökumət nə iş görüb? Xüsusən işsizliyin yüksək olduğu dövrdə əhalinin məşğulluğunu təmin etmək istiqamətində hansı addımlar atıb? Xarici və yerli investorları iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırımlarına necə həvəsləndirib?
İl ərzində verilən qərarlara, fərman və sərəncamlara göz gəzdirəndə bu sahədə diqqətçəkən addımların atıldığı görünmür. İl boyu əsas ictimai müzakirə mövzusu kommunal xidmətlərin, yanacağın qiymətinin kəskin artırılması və bu qərarların əhaliyə, aqrar sektora, sənaye və başqa sahələrə vuracağı zərbələr ətrafında olub.
Azərbaycanda bir qayda olaraq iş yerləri inhisarçı şirkətlər tərəfindən yaradılır. Ölkə iqtisadiyyatın müxtəlif sahələrini nəzarətdə saxlayan bu holdinqlər dövlətdən daim dəstək alır, həm ucuz kreditlər əldə edir, həm də borcları silinir, dövlət layihələrini tendersiz qazanmasına şərait yaradılır. Amma onların heç biri ödədiyi vergilərlə öyünməyiblər, çünki bir qayda olaraq büdcə qarşısında öhdəliklərini yerinə yetirə bilmirlər.
Rəsmi rəqəmlərə görə, bu ilin yanvar-oktyabr aylarında xarici investorlar Azərbaycana sərmayə qoyuluşunu 600 milyon manat azaldıblar. Yəni sərmayələrin həcmi 4,2 milyard manatdan 3,6 milyarda enib. Yerli investisiyalarda da azalma var – 7,4 milyarddan 7 milyarda düşüb, təxminən 400 milyon manat azalma olduğu görünür. Ümumilikdə bu ilin 10 ayında ümumi kapital qoyuluşu 1 milyard manat və ya ötən ilin eyni dövrünə nəzərən 11,5% azalıb.
2021-ci ildə yeni iş yerləri əsasən Sumqayıt Kimya Sənaye Parkında, Hacıqabul Sənaye Məhəlləsində və Neftçala Sənaye Məhəlləsində yeni rezidentlərin istismara verdiyi müəssisələrdə yaradılıb.
Rəsmi məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur.
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub. “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin isə açılışı olub. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.
“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
“Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək.
Qeyd edək ki, prezident İlham Əliyevin iştirak etdiyi mərasimlərdən sonra bu müəssisələr işə salınıb, yaxud təməli qoyulub.
Bu ilin aprelin 20-də isə Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Prezident də mərasimdə iştirak edib və sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış oldu. Məlumat verilb ki, bu müəssisə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək.
Sonra İlham Əliyev “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin açılışını edib. Məlumat verilib ki, müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.
Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir.
Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.
Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.
Neftçala Sənaye Məhəlləsinin ərazisində isə qabaqcıl texnologiyaların tətbiqi ilə orqanik maye gübrələr istehsal edəcək. İldə 700 ton məhsul istehsal etmək gücündə olacaq müəssisədə 56 iş yeri yaradılacaq.
Rəsmi statistikaya görə 2020-ci ilin 1 iyul tarixinə ölkədə 673 iri müəssisə fəaliyyət göstərib. Bu il 1 iyul tarixinə olan vəziyyətə görə iri müəssisələrin sayı 72, yaxud 11% azalaraq 601-ə düşüb. Bu dövrdə orta sahibkar müəssisələrinin 244 və ya 8%-i, kiçik sahibkar müəssisələrinin isə 402 və ya 6%-i sıradan çıxıb. Yeganə sayı artan müəssisələr mikro ölçülərə qədər xırdalanmış müəssisələrdir ki, onların əksəriyyətində 2-10 nəfərə qədər işçi çalışır.
İqtisadçı Nemət Əliyev xatırladır ki, bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560.2 milyon manat vəsait yönəlib. Onun sözlərinə görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.7 faiz azdır. “DSK bildirib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9.7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 8 faiz azalıb”,-iqtisadçı qeyd edib.
N.Əliyev əlavə edir ki, Azərbaycana investisiyaların cəlb olunması siyasəti bərbad haldadır: “DSK-nın rəsmi məlumatlarına görə 2015-2020-ci illər arası dövrdə xarici investisiyaların illik həcmi 6,8 milyard dollardan 3 milyarda düşüb. 2021-ci ilin 9 ayında bu göstərici daha 300 milyon dollar azalıb. Hökumət ölkəni o dərəcədə əlverişsiz vəziyyətə gətirib ki, xarici investisiyalarla yanaşı daxili investisiyalar da ölkəni tərk edir. Təsəvvür edin ki, 2014-2020-ci illərdə daxili investisiyalar 16 milyard dollardan 7 milyarda düşüb. Cari ilin 9 ayında isə bu göstərici daha 200 milyon dollar azalıb. Hökumətin investisiya siyasətinin ümumi mənzərəsi bundan ibarətdir”.
İqtisadçı bildirir ki, cari ilin 7 ayında əsas kapitala yatırımlar 12%, o cümlədən büdcə vəsaitləri hesabına yatırımlar 18% azalıb: “Bu il iri sahibkar müəssisələrinin 80-ə yaxını, orta sahibkar müəssisələrinin 260-a qədəri, kiçik sahibkar müəssisələrinin isə 458-i iflas edərək öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb. Kreditləşmənin bərbad durumu, ölkənin maliyyə bazarlarının həddən ziyadə zəif olması əlverişli şərtlərlə maliyyə resurslarına çıxış imkanlarını da aşağı səviyyədə tutur. Ölkədə böyük bahalaşma yaşanmasını diqqətdən heç qaçırmaq olmaz. Bu neqativ proses bir yandan gəlirlərə artırıcı təsir göstərsə də, digər tərəfdən alıcılıq qabiliyyətinı kəskin aşağı salır və sahibkarların nikbin gözləntilərinə böyük zərbələr vurur. Odur ki, iqtisadiyyata stimul vermək imkanlar xeyli zəifləyib. Bu səbəblərdən gələn ilin büdcəsini təmin etməli ümumi iqtisadi şərait çox da güvənli deyil”.
Nemət Əliyev xatırladır ki, bu azmış kimi 2022-ci ilin büdcəsində dövlət investisiya xərclərinin 32%-ə yaxın və ya 895 milyon manat azaldılması nəzərdə tutulub. “Böyük itkidir. Dövlət investisiyaları 2019-cu ilin büdcəsində 6,4 milyard, 2020-ci ilin büdcəsində 4,9 milyard, 2021-ci ilin büdcəsində isə 2,8 milyard manat nəzərdə tutulduğu halda, hökumət gələn ilin büdcəsində bu göstəricini 1,9 milyard manata düşürəcək. Təsəvvür edirsinizmi, 2 ilə dövlət investisiyaları 3,4 dəfə azaldılır. İqtisadiyyat Nazirliyi gələn il iqtisadiyyatın 4,6% böyüməsinə dair proqnoz verib. Bəs bu yolla hökumət əlavə dəyər istehsalıni necə artıracaq, ÜDM artımını necə təmin edəcək? Dövlət investisiyalarının azaldılması, heç şübhəsiz ki, iqtisadiyyatın gələn il böyüməsinə dair nikbin proqnozları sual altına alır. Büdcə zərfində itkilərin yerinin qeyri-dövlət investisiyaları hesabına bərpa olunacağı iddia edilsə də, bu, o qədər də inandırıcı deyil”,-iqtisadçı vurğulayıb.(pressklub)
Turqut