RUSİYA AZƏRBAYCANDAN UKRAYNADA “QİSAS" ALDI –Kreml Odessadakı qaz stansiyasını “Bakının acığına” vurduğunu etiraf edir

Avqustun 6-na keçən gecə Rusiya hərbçiləri Ukraynanın qaz nəqli sistemi operatorunun kompressor stansiyasına zərbələr endirib. Bu stansiya vasitəsilə Azərbaycan qazının Ukraynaya sınaq tədarükü həyata keçirilir. Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Yenixeber.org: Stansiya Odessa vilayətində, Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşir. Bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Ukrayna qaz anbarlarına birləşdirən marşrutun bir hissəsi kimi istifadə edilib.
“Bu stansiya vasitəsilə ABŞ-dən mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmləri tədarük edilib", - nazirliyin mətbuat xidmətindən bildirilib.
Ukrayna Energetika Nazirliyi sözügedən obyektin onlarla iri dronlar tərəfindən hücuma məruz qaldığını bildirib və bunu “Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə qarşı məqsədli zərbə” adlandırıb: "Rusiyanın dronlarının Trans-Balkan marşrutu üzrə əsas kompressor stansiyasına kütləvi hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz tədarükü marşrutlarını məhv etmək üçün bütün mümkün vasitələrdən və rıçaqlardan istifadə edəcək”.
Qeyd edək ki, Azərbaycandan Ukraynaya Trans-Balkan boru kəməri ilə (Türkiyə, Bolqarıstan, Rumıniya və Odessa vilayətinin bir hissəsindən keçir) qaz nəqlinin başlanması iyulun sonunda məlum olub. Ukraynanın NAK Naftogaz şirkəti Azərbaycanın dövlət şirkəti SOCAR ilə müvafiq müqavilə bağlayıb. Ukrayna tərəfi bildirib ki, Azərbaycandan qaz tədarükünün həcmi kiçik olsa da, strateji əhəmiyyətə malikdir.

Rus təbliğatçıları, o cümlədən Rusiya XİN sözçüsü Mariya Zaxarova son zamanlar durmadan iddia edirdi ki, Bakı ilə Moskva arasında yaranan gərginliyin səbəbkarı “üçüncü qüvvələr”dir. Həmin qüvvələrə isə Böyük Britaniyadan, ABŞ-dən tutmuş Türkiyəyə qədər hamı aid edilirdi. İndi isə Azərbaycan qazının ötürülməli olduğu kəmərin vurulması bu “qüvvənin” elə Rusiyanın özünün olduğunu sübut edir. Məhz Rusiya Azərbaycanın suveren, azad xarici siyasət, o cümlədən enerjidaşıyıcılarının nəqli ilə bağlı müstəqil siyasət yürütməsi kimi təbii haqqını tanımadığını nümayiş etdirir. Sözügedən kəmərə zərbələr endirilməsi bunu açıq göstəricisidir.
Bu zərbənin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Putinlə görüşü ərəfəsində vurulması da təsadüfi deyil. Bu “siqnal” həm də Cənubi Qafqazda təsiri artan və Azərbaycan, Ermənistan başçıları ilə tarixi görüşü hazırlanan Trampa ünvanlanıb.
Artıq əvvəl “üçüncü qüvvə” nağılı danışan Kreml təbliğatçılarının özləri də həyasızcasına Odessadakı obyektin vurulmasını “Azərbaycandan qisas alınması” kimi təqdim edirlər. Kremlin ruporu olan Rusiya “Birinci Kanal”ının təbliğatçısı Ruslan Ostaşko açıq şəkildə bəyan edib ki, Odessa vilayətindəki Orlovka kompressor stansiyasına hücum “Moskvadan Bakıya siqnaldır”.
Onun sözlərinə görə, “Azərbaycanın Rusiyadan yan keçərək, hətta mövcud infrastrukturdan istifadə etməklə belə təchizat qurmaq cəhdlərinin qarşısı alınacaq". Terrorçuluğun, özü də dövlət səviyyəsində terrorçuluğun bundan açıq etirafı ola bilərmi? Kreml bu cür həşaratların dili ilə Azərbaycanı müstəqil enerji siyasəti yeritmək və Qərblə əməkdaşlıq etmək kimi suveren addımlarına görə açıq şəkildə təhdid edir.
Əlbəttə ki, həmin qaz stansiyası və kəmər bərpa olunacaq, Azərbaycan qazı digər ölkələrə, o cümlədən Ukraynaya bundan sonra da Rusiyanın iradəsindən asılı olmayaraq axacaq. Ancaq Rusiyanın bizə qarşı düşmənçilik hərəkətləri bir daha göstərir ki, biz terrorçu, hətta faşist ideologiyasının hökm sürdüyü bir dövlətlə qonşuyuq və bu dövlət hələ utanmadan bizimlə “strateji tərəfdaşlıq”dan dəm vurur. Bütün bunlar həm də onu göstərir ki, Rusiya yalnız şantaj, zorakılıq, təhdidi üzərində duruş gətirməyə çalışan bir kvazi-imperiyaya çevrilməklə, olan ağlını da itirib. İnsan ölməzdən əvvəl birinci ağlını itirir və insanlıq sifətini itirmiş Rusiyanı idarə edən zümrənin də eyni aqibəti yaşaması elə də uzaqda deyil…(Azpolitika)
C.Məmmədli