2021-ci ilin geridə qalan ayları ölkədə bahalaşma qərarları ilə yadda qalıb. Yanvarın 4-də Tarif Şurası dizel yanacağını 33 faiz, Aİ-92 markalı benzini 11 faiz bahalaşdırdıqdan təxminən 1 ay sonra, fevralın 1-də suyun qiymətini 100 faiz artırıb.
Yenixeber.org: Sonrakı aylarda ölkəyə xaricdən idxal edilən “Aİ-95″ Premium” və “Aİ-98” “Super” markalı yanacağın qiyməti 3 dəfə dəyişdirilib. Nəticədə “Premium” 1 manat 25 qəpikdən 1 manat 60 qəpiyə, “Super” isə 1 manat 40 qəpikdən 1 manat 90 qəpiyə qədər bahalaşıb.
İyulun 1-də Tarif Şurası əhaliyə satılan təbii qazın qiymətinə “əl gəzdirib”. Nəticədə abonentlərə 10 qəpikdən satılan 2200 kubmetr qazın həcmi 1200 kuba endirilib. 1200-dən 2000 kubmetrədək istehlak edilən yanacaq 20 qəpiyə, ondan daha artığı 25 qəpiyə satılır. Bu qiymət artımı da kifayət etməyib, Tarif Şurası oktyabrın 16-da güzəştli qiymətlə satılan limiti 20 faiz bahalaşdıraraq, 12 qəpiyə qaldırıb.
Bundan başqa, elektrik enerjisinin qiyməti də ortalama 21 faiz bahalaşdırılıb. Həmin tarixə qədər 7 qəpik olan enerjinin həm güzəştli limiti azaldılıb, həm də qiyməti artırılıb.
Ticarət və xidmət obyektlərinə satılan enerji də əhəmiyyətli bahalaşma görüb – 9 qəpikdən 12 qəpiyə qaldırlıb.
Ekspertlər bildirirlər ki, bu qərarlar 2021-ci ilin son bahalaşması olmayacaq. Yaxın zamanlarda metroda və başqa ictimai nəqliyyat növlərində gedişhaqqının qiyməti 50 qəpiyə qaldırılacaq.
Tarif Şurasının bütün bu qərarlarla bağlı izahatında dünya bazarlarında enerjidaşıyıcılarının qiymətinin bahalaşması, dövlət subsidiyalarının azaldılması, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, iqtisadi canlanma və s. əsaslar göstərilib. Bu “əsasların” nə qədər obyektiv olduğu başqa bir araşdırmanın mövzusudur. Qısaca onu yazmaq olar ki, neft-qaz ixrac ixrac edən ölkədə hökumətin əhaliyə dünya bazarlarındakı qiymətləri göstərib bahalaşmaya getməsi absurddur.
Tarif Şurasının tərkibinə baxdıqda elə hökumətin özünü görürük, verilən qərarlar da bilavasitə onun mənafeyindən irəli gəlir. Şurada vətəndaş cəmiyyətinin, medianın təmsilçiliyi yoxdur, qiymət artımları başqa heç bir müstəvidə müzakirədən keçmir. Məsələn, Milli Məclis tamamilə bu prosesdən kənarda saxlanılır. Beləliklə, qiymətləri hansı həddə qədər artırmaq, əhalinin güzəranını hansı həddədək pisləşdirmək hökumətin insafına qalıb. 2021-ci ildə ard-arda verilən qərarlara baxanda isə hökumətin insaf dərəcəsi aydın görünür.
Məsələn, Tarif Şurası bahalaşmanı əsaslandırarkən, onun əhalinin müxtəlif təbəqələrinə necə təsir edəcəyi barədə bir cümlə də yazmır. Qərarların qəbul olmasına əl qaldıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) heç olmasa ayrıca bir açıqlama ilə çıxış etməyə ehtiyac görmür. Halbuki, bu dövlət qurumu qərarların aztəminatlı ailələr necə təsir edəcəyi barədə hökumət qarşısında məsələ qaldırmalıdır.
Tarif Şurasının tərkibində olan qurumların heç biri öz daxilində, yaxud böyük hay-küylə təsis olunmuş ictimai şuralarda bu barədə hər hansı müzakirə aparmır. Bu günlərdə “Azəriqaz” QSC-nin yanında İctimai Şura qazın qiymətinin artırılmasının məqbul olmadığı barədə bəyanat yaymışdı. Bu açıqlamanı şərh edən müstəqil hüquqşünaslardan biri quruma maraqlı sual ünvanlamışdı: “Qazın qiymətini artırmazdan əvvəl sizin fikrinizi niyə öyrənməyiblər?”
Bahalaşma qərarlarının verildiyi zaman da yanlış seçilib. Bu il ölkədə koronavirus pandemiyası davam edib, karantin qaydaları əsasən ilin ikinci yarısı yumşaldılıb. Bu da hələlik iqtisadi canlanma yaratmayıb, ölkədə işsizlik səviyyəsi kifayət qədər yüksəkdir. Hazırda fəaliyyət göstərən biznes və xidmət qurumları son ilyarımdakı zərərlərini kompensasiya etməyə, itirilmiş mövqelərinin bərpasına çalışırlar. Rəsmi qurumların açıqladığı hesabatlar da əhalinin gəlirlərinin azaldığını göstərirsə, qiymət artımlarına hansı məntiqlə gedilir?
Onu da nəzərə alaq ki, kommunal tariflərin yüksəldilməsi, gömrükdə sahibkarların sıxışdırılaraq daha artıq ödənişlərə məcbur edilməsi, inhisarçı şirkətlərin dominant mövqeyi il ərzində ərzaq və gündəlik tələbat mallarının qiymətini təxminən 40-50 faiz civarında bahalaşdırıb. Bu mənzərəyə pensiyası, müavinəti kəsilən, əlillik qrupları ləğv edilən on minlərlə vətəndaşın pisləşən güzəranını da əlavə etsək, acınacaqlı mənzərə yaranır. Əlbəttə, bu mənzərəni hökumət də yaxşı görür.
Prezident İlham Əliyev oktyabrın 16-da imzaladığı sərəncamla Nazirlər Kabinetinə maaş və pensiyaların, müavinətlərin artırılması ilə bağlı təklif hazırlamağı tapşırıb. Hökumətdə yaradılan komissiya artıq ilkin rəylərini açıqlayıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, Prezidentin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq, minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur: “Artımlar 1,8 milyon nəfəri əhatə edəcək. Bu, çox vacibdir. Çünki 2019-2020-ci ildə sosial islahatlar aparılıb, iki mərhələdə artımlar olub. Pandemiya olduğu üçün 2020-ci ildə anti-pandemiya tədbirləri həyata keçirilib. Prezidentin tapşırığı ilə növbəti ildə geniş miqyaslı artımlar planlaşdırılır”.
Bu sərəncamın imzalanması yaxşıdır, amma nazir müavininin göstərdiyi rəqəmlər heç də bütün əhali qruplarının üzləşdiyi çətinliyin aradan qaldırılacağına inam yaratmır. Məsələn, artımların ümumilikdə 1.8 milyon nəfəri əhatə edəcəyi bildirilir. Məlumdur ki, ölkədə dövlət sektorunda çalışanların sayı 900 min nəfərdən artıqdır. ƏƏSM-dən verilən məlumata görə, ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var. Respublikada olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.
Belə məlum olur ki, maaş, müavinət və pensiya artımları bütün kateqoriyaları əhatə etməyəcək. O zaman kənarda qalan vətəndaşlar bahalaşmanın təsirindən necə sığortalanacaq? Bu sual da açıq qalır.
Daha bir vacib məqamı da qeyd edək ki, ölkədə pensiya və müavinət alanlar, muzdlu işləyənlər əməkqabiliyyətli əhalinin təxminən 60 faizini əhatə edir. Təqribən 2 milyon vətəndaş ya işsizdir, ya da gizli çalışır. Bir məqamı da vurğulayaq ki, hökumət, adına pay torpağı olanları işsiz saymır. Bəs bu vətəndaşlar bahalı tariflər qarşısında nə edəcəklər, onların sosial vəziyyəti necə yaxşılaşdırılacaq? Bu barədə hələ ki, dövlətdən heç bir açılqlama yoxdur…(pressklub)
Turqut