Ən təhlükəli fundamental emosiya -Qısqanclıq:Səbəb və nəticə.
Qısqanclıq barədə fikirlər dünya yaranandan – daha doğrusu insan yaranandan bu günə qədər davam və inkişaf edir. Qısqanclıq da paxıllıq kimi insanı içəridən yeyən, bəzən qısqandığı insandan daha çox insanın özünə zərər verən hissdir. Bu hiss də paxıllıq kimi qadın və ya kişi tanımır, hər iki cinsin eyni dərəcədə düşmənidir. Bunu da qeyd etmək lazımdır ki, kişilərin və ya qadınların daha çox qısqanc olduğunu müəyyən etmək çox çətindir.
Yenixeber.org: Əslində, hər bir insanda sevdiyi adama qarşı qoruma hissi olmalıdır. Əgər sevdiyin adama qarşı laqeyd olsan, bu normal hal deyil. Bütün qiymətli əşyaları qoruyurlar, sevdiyin insan isə bütün qiymətli əşyalardan çox qiymətlidir, o sənin ruhundur. Can ruha bağlıdır, qısqanclıq hissi insan oğluna yad ola bilməz. Amma bu hiss hədddindən artıq olarsa öldürücüdür. Onun nəfəsi ölüm saçır, onun yandırıb keçdiyi yerdə bir daha həyat olmaz. Adi qısqanclıq insanla birlikdə doğulur, patoloji qısqanclıq isə ağır xəstəlikdir, bu xəstəliyin müalicəsi yoxdur.
Patoloji qısqanclıq həddindən artıq təhlükəli, bəzən isə səbəbi izah oluna bilməyən hissdir. Bu xəstəlik uşaq yaşlarından özünü göstərir. Qısqanclığın bu forması adətən atası tərəfindən tərk edilmiş, yetim böyümüş və ya yeniyetməlik dövründə xoşuna gələn qızlar (və ya oğlanlar) tərəfindən qəbul edilməyən insanlarda özünü büruzə verir. Əsas səbəbi itirmək qorxusudur. Buna görə itirmək istənilməyən obyektin ətrafında şübhəli nə varsa onu aradan götürmək istəyinin qarşısını almaq mümkün olmur. Psixoterapevtlərin rəyinə görə patoloji qısqanclıq genetikdir, qısqancın ata-babası da qısqanc olmuşdur.
Qısqanclıq hissi eqoizmin yüksək fonunda hərəkət edən şəxsi instinktin yaranması ilə müşahidə edilir. Bir çox insanlar qısqanclığı məhəbbətin gücünün göstəricisi kimi təsəvvür edirlər. “Qısqanırsa, deməli sevir.” Bu adi qısqanclığa aiddir. Sevdiyi obyektin daim yanında olmasını arzulamaq əslində çox yaxşı hissdir. Amma bu hiss belə dərəcəsində olduğu zaman gözəldir. “Qısqanclıq sevgidən doğur” deyənlərin qısqanclığın əsil mahiyyətini anlamayan, bu barədə məlumatı olmayan adamların fikridir.
Psixoloqlar 3 tip qısqanclıq olduğunu qeyd edirlər: normal, xarakerik və patoloji. Normal qısqanclıq barədə qeyd etmişik. Adi bir hadisə ilə normal qısqanclığın mahiyyətini izah etmək mümkündür. Ər arvadını qarşılamq üçün onun iş yerinə gəlir və qapıda gözləyir. Arvadı qapıdan bir kişi ilə birlikdə çıxır, arvad onunla xoş üzlə, mehribanca xudahafizləşir və ərinə tərəf gəlir. Bu hal ərin xoşuna gəlmir, o qaşqabaqla arvadından bu kişinin kim olduğunu soruşur. Arvad bu kişinin ona və digər qadınlara iş planlarının tərtib edilməsində və bir çox işlərində həmişə kömək etdiyini və yaxşı insan olduğunu deyir. Kişi sakitləşir və bir də bu barədə soruşmur. Bu normal qısqanclıq olub ailə dairəsindən kənara çıxmır.
Xarakterik qısqanclıq şəraitdən asılı olaraq özünü göstərir. Kişi arvadı ilə ad gününə və ya toya gedir. Burada arvadı iş yoldaşı və ya qohumlardan biri (əlbəttə, kişi cinsi) rəqsə dəvət edir. Arvad sərbəst surətdə ərindən icazə istəyir və dəvəti qəbul edir. Ər icazə verməsinə baxmayaraq, rəqs bitəndən az sonra arvadına evə getmək vaxtı olduğunu deyir. Baxmayaraq ki, məclis hələ təzə başlayıb, qısqanc ər bütün ədəb qaydalarını pozur və arvadı məclisdən yarımçıq evə aparır. Evdə qısqanclıq teatrı başlayır və uzun müddət davam edir. Bu ailədə daha məclislərdə birgə iştirak arzuolunmaz hala gəlir. Adi vaxtlarda xarakterik qısqanclıq gizli qalır və həyat davam edir. Çox vaxt qısqanc arvadını rəqsə dəvət edən adama kəskin rədd cababı verir (dəvət edənin kimliyindən asılı olmayaraq).
Patoloji qısqanclıq xəstəliyi psixoloqlar deyil, psixiatrlar tərəfindən araşdırılır. Bu hal insanın özünə inamsızlıq və müxtəlif xarakterli qorxu hisslərinin kompleks birləşməsi olub, özünəcavabdehlik faktorunun itirilməsi ilə müşahidə olunur. Normal və xarakterik qısqanclıqdan fərqli olaraq, bu tip qısqanclar qısqandığı adamın sumkasını, telefonunu, hətta paltarlarını yoxlayır, onları iyləyir, ayaqqabı və corablarına belə nəzarət edir. Əgər bu kişidirsə onda qadının nə üçün məhz bu gün təzə corab və ya paltar geyindiyini istintaq edirmiş kimi soruşur. Bu hal istənilən anda təkrar olunur, qısqancın obyektində olan adam daim qorxu altında yaşayır, bomba üstündə oturmuş adam hər an qorxu içərisində yaşadığı kimi bu adam da qısqancdan qorxur. Axı qısqancın nə vaxt hansı fikrə düşəcəyini nə bilmək olar... Bəli, insan övladı çox dərindir, onun ruhunu kimsə tamamilə aça bilməz. Bu bəla ailələri dağıdır, uşaqların yetim qalıb yetimxanalarda böyüməsinə, böyüyəndə də bədbəxt olmasına səbəb olur. Bu yaralar alt şüurda qalır. Bu yaralı uşaqlar dünyanın ən yazıq məxluqlarıdır.
Patoloji qısqanclar bir çox hallarda bu xüsusiyyətlərindən öz məqsədlərini həyata keçirmək üçün də istifadə edirlər. Bu xarakterli adamlar heç nədən utanmır, qısqanclıqları paxıllıq hissi ilə birləşir, (adətən, patoloji qısqanclar paxıl da olur) sevdikləri adamı dünyanın bütün nemətlərindən məhrum edirlər. Qəribə burasıdır ki, bu xüsusiyyətli kişilər ailələrinin xidmətində durur, amma bütün digər qadınları əxlaqsız hesab edir. Öz arvadının elədiyi hərəkətə bəraət qazandırır, bu hərəkəti qohumu və ya tanışı başqa bir qadın etdikdə isə onu pis qadın hesab edir. Ümumiyyətlə, patoloji qısqanc adamların hissləri çox qarışıq olur, onların nə istədiyini çox vaxt başa düşmək və məsləhət vermək çətin olur. Cinayətləri də məhz patoloji qısqanclar törətdiyi üçün onların hansı şəraitdə nə cür hərəkət edəcəyini əvvəlcədən görmək çox çətindir.
Ümumiyyətlə, qısqanclığın variant və formaları o qədər müxtəlifdir ki, onun törətdiyi hadisələri izah etmək olmur. “Kim qısqanmırsa, o sevmir” və ya tam əksinə “sevən adam yox, sevilmək istəyən adamlar qısqanır”. Beləliklə, qısqanclıq məhəbbət yox, onu qazanmaq və ya itirmək qorxusudur.
Bir neçə il əvvəl bir tələbəm mənə bir məktub yazmışdı.Onu kimsə tanımır deyə yazdıqlarını sizin də diqqətinizə çatdırmaq istəyirəm. Oxuyun, nəticə çıxarın. Məndə öz fikrimi sizə bildirəcəyəm. “Məni sevən bir oglan var, mənimlə nişanlanmaq və ailə qurmaq istəyir. Mən ona tam olaraq razılıq verməsəm də, onunla danışıb görüşürəm. Tam razılıq verməməyimin səbəbi onun dəli kimi qisqanc olmasıdır. Məndən 8 yaş böyükdür, 29 yaşı var. Əvvəllər onunla danışmaga başlayanda düşünürdüm ki, yaşı çox oldugundan qısqanc olmaz yəqin. Amma bu tamamilə əksinə oldu. Məndə indiyəcən pis heç nə görməyib, hətta heç bir oglan qrup yoldaşım, sinif yoldaşım telefon nömrəmi belə bilmir. Və bu məndə o mənim həyatıma girməzdən əvvəl də belə idi. Heç kimlə heç bir sosial şəbəkədə danışmıram. Amma o məni dəli kimi qısqanır, məndən şübhələnir, mənə inanmır. Problem ondadır k, məndən pis heç nə gözləmir, mənə güvəndiyini, etibar elədiyini deyir daim. Amma özündən asılı olmayaraq məni ətrafimda olan bütün oglanlara, orta yaşlı kişilərə, inanmazsınız, 5 yaşlı balaca oglan uşaqlarına, nə vaxtsa məni bagçada sevmiş oglanlara belə qısqanır və buna görə də məni acılamaga, mənə agır sözlər deməyə başlayır. Hər dəfəsində məni agladır. Evdə oldugum halda evdə olduguma inanmır, dərsdə oldugum halda dərsdə olduguma inanmır. Hər bir şeyi uzadır, müstəntiq kimi məni sorgu suala çəkir daim. Mənimlə çox pis hərəkət eləmişəm kimi danışır, həmin anlarda özümü alçalmış, qürursuz biri kimi hiss edirəm. O ümumiyyətlə mənim sözlərimə inanmır, halbuki sakitləşib normal söhbət edəndə mənə inandıgını deyir. Bunların səbəbini də ona razılıq verməməyimlə izah edir. Deyir ki, əgər mənə razılıq verib mənimlə nişanlansan bütün bunlar olmayacaq, səni qısqanmıyacam. Amma mən bilirəm ki, yalan deyir, çünki bu qısqanclıq onda bir xəstəlikdir, sagalmaz bir şeydir. Ondan ayrılmaq istəyirəm bunun üstündə. Amma ki, qısqanclıgından başqa digər xasiyyətləri xoşuma gəlir. Artıq nə edəcəyimi bilmirəm. Hər gün alçalmaga dözə bilmirəm. Mən həqiqətən də onun mənə daim inanmasını və etibar etməsini istəyirəm. Sizcə qısqanclıq sagalan xəstəlikdirmi? O özü də bunun sagalmasını çox arzulayır. Əgər bunlardan xilas ola bilsə biz ailə quracayıq, əgər yox, o zaman ondan ayrılmaq məcburiyyətində qalacam. Əgər mümkünsə bizə məsləhət verin. Əvvəlcədən sizə minnətdaram”.
Bəlkə o qızın yaşlarında mən də onun kimi fikirləşə bilərdim, ümumiyyətlə, insanların hamısı gələcəkdə hər hansı bir problemin düzələcəyinə inanır. Bu insan qəlbidir, sevgi istisinə möhtacdır. Qız onun digər yaxşı xasiyyətlərinə aldanıb, məhz aldanıb, bu oğlanın məhəbbətini ürəyinə sala bilər. Amma bununla öz həyatına könüllü ömürlük həbs cəzası kəsər. Kimsə onu bu məhbəsdən azad edə bilməz. Bəlkə tale orta yaşlarında bu qızın üzünə gülə, hansısa bir sehirli qüvvə bu qızın bu həbsxanadan amnistiyaya düşməsinə səbəb olar. O da bəlkə. Bəlkəni isə “əkiblər, bitməyib”. Belə bir adam kimin qarşısına çıxıb aldatsa, o adamın evi yıxıldı. Dünyada kimsə onu xilas edə bilməz. Qısqanclıq ən saf və təmiz hisslərin düşmənidir. Bu hiss insanı sevdiyi insanı itirmək təhlükəsi qarşısında qoyur, çox vaxt da buna nail olur.
Daha bir məlumatı da nəzərinizə çatdırım:”kor qısqanclıq” ifadəsi, sən demə, sadəcə, obrazlı şəkildə söylənilmiş sözlər deyilmiş. “The Teleqraph”ın məlumatına görə, alimlər müəyyənləşdiriblər ki, qısqanc olmaq hissi qadınların birbaşa görmə qabiliyyətlərinə mənfi təsir edir. ABŞ-ın Delaver İnstitutu tərəfindən aparılan araşdırmalar zamanı çox maraqlı nəticələr qeydə alınıb. Müəyyənləşdirilib ki, qısqanc olan qadınlar o dərəcədə mənfi emosiyalara qapılırlar ki, axtardıqları əşyaları belə tapmaq iqtidarında olmurlar.
Qısqanclıq qurbanına məsləhət: Boşanmaq, canını qurtarıb insan kimi nəfəs almaq sizin ixtiyarınızdadır. Siz seçimdə sərbəstsiniz, nə qədər ağır olsa da, dözülməz qısqanclıqdan – patoloji qısqancın əlində boğulmaqdan canını qurtarmaq daha yaxşıdır. Əgər ailə həyatının başlanığıcında ərinizin və ya arvadınızın patoloji qısqanc olduğunu bilmisinizsə, bəxtiniz gətirib. Hələ uşaq dünyaya gəlməmiş özünüzə çıxış yolu tapa bilərsiniz. Bəs patoloji qısqancla yaşayıb dünyaya uşaq gətirmək, sonra yaşamağa yeri olmamaq ağlınıza gəlirmi?
Əgər qısqancla yaşayırsınızsa, onun sizi izləməyinə heç bir reaksiya verməyin. Sizi alçaldan, qürurunuza toxunan heç bir izahat və ya hərəkətinizə bəraət qazandıracaq heç bir söz söyləməyin. Bunları bir dəfə etsəniz hər gün belə bir istintaqdan keçməli olacaqsınız, inanın, bu istintaqlar sonradan sizin psixologiyanızı pozacaq. Belə bir istintaqa başlamazdan əvvəl siz öz tərəf müqabilinzə onun evə gec gəldiyi, dostları ilə gəzməyə getdiyi günləri xatırlada bilərsiniz. Onun belə şeylər etməyə hüququ varsa, özünü qısqanc kimi aparmamaılıdr. Qısqanclıq səhnəsi kulminasiya nöqtəsinə çatanda, söhbəti dəyişmək və ya evdən çıxıb hava almaq faydalıdır. Amma, tərəf müqabilinizin xarakterini nəzərə alın. Söhbəti dəyişmək və ya hava almağa çıxmaq onu daha da qızışıdıra bilər.
Xarakterini nəzərə alaraq, tərəf müqabilinizə hər dəfə harda olduğunuz və ya olacağınız barədə əvvəlcədən məlumat verin. Əgər bunlar kömək etməsə, onda sakit səslə onun qısqanclığının dözülməz olduğunu, sizin psixologiyanızı pozduğunu deyin və boşanmaq istədiyinizi elan edin. Bu çox vaxt qısqancı ayıldır və onu sakitləşməyə məcbur edir.
Tərəf müqabiliniz qısqancdırsa, əks cinsin nümayəndələri olan aktyorlar barədə də heyranedici sözlər deməyin. Patoloji qısqanca heç bir fəlsəfə ilə qalib gəlmək mümkün deyil, yalnız özünə hörmət edən adam bu cür qısqanca qalib gələ bilər. Tərəf müqabilinizi sizdən əvvəlki sevgi və ya ailə münasibətlərinə, birinci nikahdan uşağı varsa, siz isə bütün bunları bilirdinizsə, ona qısqanmağınız ədalətsiz hərəkətdir. Keçmişini bilmədiyiniz adamla ailə qurmaqda siz özünüz günahkarsınız. Sizi kimsə məcbur etməyib.
Amaliya Murad, ADPU-nun dosenti,
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.