İnsanlığın daimi bəlası -PAXILLIQ
Paxıllıq deyəndə mən həmişə daş dövründə yaşayan insanların qida və ya digər nemətlər üstündə bir-birini didib-parçalamasına aid filmləri xatırlayıram. Paxıllıq reqres hadisəsinin hərəkətverici qüvvəsi olduğundan tanıdığım bütün paxıllar kasıb və bədbəxtdir (maddi tərəfdən imkanlı olsa belə). Daxilən zəngin, maddi imkanı yaxşı olan, sağlam, gözəl bir insanın paxıl olduğunu görmüsünüz? Əksinə, paxıl adamlar çox vaxt müxtəlif xəstəliklərdən, xüsusən mədə-bağırsaq və ürək-damar xəstəliklərindən əziyyət çəkir. Bu adamlar gecə-gündüz başqalarının var-dövlətini hesablayır, varlı adamlara qarşı xüsusi bir nifrət hissi duyurlar. Bu adamlar onlara heç bir pislik etməsə belə, paxılların varlı və xoşbəxt adamları, o cümlədən savadlı və ağıllı adamları görməyə gözləri olmur.
Yenixeber.org: Paxıllıq kədər və qəmin məhsulu olub adamın özündə olmayan, özünün əli çatmayan bir şeyi başqasının da əldə etməsini istəməməsi hissindən doğur. Alimlər beyində paxıllıq mərkəzi olduğunu tapıblar və bu mərkəz dominant olduğu zaman paxıllıq xəstəlik səviyyəsinə çatır və müalicəyə ehtiyacı var. Paxıllıq hissindən əziyyət çəkən adam vaxtında müalicə olunmasa ağır depressiya vəziyyətinə düşür.
Paxıllıq çox ağır psixoloji xəstəlikdir. Paxıl adamlar müxtəlif mənşəli nevrozlardan əziyyət çəkirlər. Mədə yarası insanın nə yeməsindən deyil, insanın daxilini yeyən fikirlərdən əmələ gəlir. Birinin övladı yaxşı oxuması sayəsində yüksək balla universitetə daxil olanda buna sevinmək əvəzində ona paxıllıq edib özünün savadsız övladına göz verib işıq verməyən ”sən niyə filankəs kimi oxuya bilmirsən, bizim onlardan nəyimiz əskikdir?” deyən adamlar əslində özlərinə və övladlarına nə dərəcədə pislik etdiyinin fərqində deyil. Həsəd və paxıllıq hissi insana ən çox zərər verən hissdir. ”Nə verirsən onu min dəfə artıq alırsan” mənasını daşıyan cazibə qanunu bunu çox aydın şəkildə sübut edir.
Məlum olduğu kimi ümid çox gözəl şeydir və biz “insan insana dost, yoldaş və qardaşdır, bir nəfər hamı üçün, hamı bir nəfər üçün” ideyaları ilə yaşamışıq. Biz elə bilirdik ki, hamını sevmək və bütün insanlara inanmaq bizi xoşbəxt edəcək. Kapitalizm quruluşunda hərə özünə cavabdehdir. Nə qədər qabiliyyətin var ona görə də yaşayacaqsan. İndi kimə “dost” deyib inana biləcəyinə, kimdən isə ehtiyat edib qorunacağına özün qərar ver. Bunun üçün müəyyən zaman lazımdır, insan psixologiyası bu hadisələrə hazırlanmalıdır, yəni fərqli bir təkamül yolu keçməlidir.
Hansı insana “dost, qardaş” demək olar? Hətta uzun müddət dostluq etdiyin adam da sənə özünə lazım olan anda xəyanət edə bilər və bu kapitalizm quruluşu üçün gözlənilməyən bir şey deyil. İnsanlara inanmaq olarmı? Şəxsən mən bu suala birmənalı cavab verə bilmərəm. Bizim yaşadığımız cəmiyyət artıq sintetik bir cəmiyyət deyil, burda insanlar təbiətin (əslində yaradanın) qanunlarına tabe olurlar. Bu qanun yaşayış uğrunda mübarizədə qalib gəlmək deyilən bir həqiqətə əsaslanır və burada hadisələr təbii qanunlara uyğun olaraq baş verir. Ağıl və mübarizəyə əsaslanan bu qanun insanlara lazım gələndə hər üsuldan istifadə etməyə icazə verir. Əlbəttə, insan hər zaman insan olaraq qalmalıdır. Qalib gəlmək üçün aparılan mübarizə də mütləq insanlıq çəvçivəsində olmalıdır. Qalibləri heç vaxt mühakimə etmirlər desələr də, hər halda müzakirə edirlər.
Qalib gəlmək üçün paxıllıq emək çox primitiv bir şeydir və insanın zəif və ağılsız olduğuna dəlalət edir. Qeyd edmək lazımdır ki, ağıllı və hətta dahi insanlar da paxıllıq hissindən əziyyət çəkirlər, ancaq bu onların müvəffəqiyyət qazanmasına deyil, çox zaman məğlub olmasına səbəb olur. Paxıllıq hər bir insana yoluxa biləcək mənfi xüsusiyyətdir, xəbislikdir. İstər qadın olsun, istər kişi, fərqi yoxdur, paxıllıq hissi yaşaya bilər. Əlbəttə həyatda yaxşı insanlar çoxdur, ancaq bu yaxşı insanlar da artıq ehtiyatla davranır və hər adama “dost, qardaş” ola bilmirlər. Əslinə qalsa, insan həmişə yaxşı dost tapacağına ümid edir və insanlara inanmağa çalışır. Bu insanın ümid deyilən böyük qüvvəyə inanmasından irəli gələn bir prosesdir və çox təbiidir. İnsana paxıllıq və həsəd (həsəd və paxıllıq tam eyni hiss olmadığından, başqasının müvəffəqiyyətinə yaxşı mənada həsəd aparmaq təkamül yolunda rəqabət üçün bəraətqazandırıcıdır. Bu bioloji qanunauyğunluqdur, kimsə bunu inkar edə bilməz) hissi hakimdirsə onda o insanın barəsində nə demək olar? Sadəcə paxıl. Böyük filosoflar “insanın fikri nədirsə özü də odur” deyərkən səhv etməmişlər.
Paxıllıq qadın orqanizminə və qadın gözəlliyinə ən qəddar düşməndir. Paxıllıqdan əziyyət çəkən qadınların dodaqları bir-birinə sıxılır, ağzının kənarlarında heç bir qrimin örtə bilməyəcəyi dərin qırışlar əmələ gəlir. Belə qadınlar müxtəlif qadın xəstəliklərinə düçar olur, ömürlərini boş yerə kimlərinsə xoşbəxtliyinə həsəd aparmaqla keçirirlər. Dünya ədəbiyyatında qadınların daha çox paxıl olması barədə çoxlu məlumatlar mövcuddur. Qadınlar kişilərə nisbətən daha eqoist, paxıl olur, çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Qadınlar çox səhv olaraq bəzən öz rəfiqələrinin və iş yoldaşlarının acığına borca düşsələr belə, dəbdəbəli paltarlar alır, sonra isə bu borcu qaytarmaq üçün çalışırlar. Bunun əvəzinə öz həyatını və gələcəyini düşünmək daha doğru olmazmı?
Paxıllıq əlbəttə təkcə qadınlara aid bir hiss deyil, bu xəstəlik kişilər arasında da çox geniş yayılmışdır. Bir-birinin ünvanına layiqsiz sözlər deyən, ömrünü intriqalara həsr edən kişilər də az deyil. Kiminsə son markalı gözəl maşını o birinin yuxusuna haram qatır və o birisi nə yolla olur olsun məhz bu maşından almaq istəyir. Belə düşünən adamlar öz həyatını necə zəhərlədiyini başa düşsə, dünyada paxıllıq problemi qalmaz. Əslində isə insanın ömrü o qədər qısadır ki, bu ömrü kiminsə paxıllığını çəkməklə başa vurmaq özünə xəyanətdən başqa bir şey deyil. Çox gözəl bir aforizm var:kimsəyə oxşamağa çalışma, unutma ki, həyatda bütün rolların öz ifaçısı var, sən öz rolundan başqa heç bir rola yaramırsan”.
Müasir dövrdə insanların istifadə edə biləcəyi çoxlu üsullar var ki, bunları öyrənməklə beyində olan dominant mərkəzi passivləşdirmək mümkündür. Məsələn, xarici dil öyrənmək, mühasibat kurslarına getmək, müxtəlif proqramlara qoşulmaqla psixoloji problemlərin aradan qaldırılması yollarını araşdırmaq, nəhayət rəqs və ya musiqi dərslərinə getmək. Bunlar insanın həyatına müsbət təsir göstərən şeylərdir və əhəmiyyəti böyükdür. Kiminsə pulunun nə qədər olmasını araşdırmaq doğrudan da gülməlidir və nəyə lazımdır?
Paxıllıq bütün müqəddəs kitablarda ən böyük günahlardan biri kimi qiymətləndirilir. Hələ uşaq yaşlarımızdan bizə paxıllığın ən pis hiss olması valideynlərimiz və müəllimlərimiz tərəfindən öyrədilir. Yəqin çoxlarınız “Habil və Qabil” adlı filmə baxıb. Bu filmdə paxıl qardaşın yaxşı qardaşa nə dərəcədə kin və nifrət bəslədiyi, onu namərdcəsinə necə öldürdüyü insanın qəlbini parçalayır.
Həsəddən qətl еdib Hаbili Qаbil,
Bаtıb qаnə təni-biçаrə Hаbil.
Həsəd virаnə еylər xаnimаnı,
Həsəddir еyləyən virаn cаhаnı.
S.Ə.Şirvаni
Bununla belə, bu hissi yaşamayan insan övladı demək olar ki, yoxdur. Biz daim özümüzü digər insanlarla müqayisə edirik və bu normaldır. Bizi də özü ilə müqayisə edən insanların ölduğu labüddür. Hər halda bizə də həsəd aparan adamlar var. Özünüzü yüksəklərdə olan adamlarla bərabər, aşağıda olanlarla da müqayisə etməyə öyrənin. Bu gözəl misalda ölduğu kimi:yuxarıya baxıb fikir etməkdənsə, aşağıya baxıb şükür edin. Bu insanın qəlbini sakitləşdirir. Unutmayın, həyatda heç nə kənardan göründüyü kimi gözəl deyil. İnkar etmək olmaz ki, insan oğlu rəqabət və paxıllıq hissindən uzaqlaşa blər, bu bioloji mümkün deyil. Mənfi və zərərli paxıllıq hissindən fərqli olaraq, rəqabət insan cəmiyyəti üçün xarakterik olan təbii seçmə prosesidir və təkamülə səbəb olduğu üçün alqışa layiqdir.
Ümimiyyətlə, paxıllıq hissindən azad olmaq çox çətindir. Əgər kimə isə həsəd və paxıllıq hissi duysanız sakit bir guşəyə çəkilib özünüzə 20-25 dəqiqə ayırın. Çalışın ki, bu zaman ərzində sizi kimsə narahat etməsin. Sakit vəziyyətdə rahat kresloda oturun. Gözünüzün önünə qönçədən yenicə açılmış, gözəl bir qızılgül gətirin. Bu gülü ətir saçan, hamının xoşuna gələn bir şəkildə təsəvvür edin. Sonra həsəd apardığınız adamı özünüzün, yəni gözəl qızılgülün yanında kiçik, solğun, sizin xoşunuza gəlməyən bir gül kimi təsəvvür edin. Bu kiçik, solğun bir qızılgül də ola bilər. Hər gün bu çalışmanı səhər və axşam təkrar edin. Özünüzü, yəni gözəl, açılmış qızılgülü daha da gözəlləşdirin, istəmədiyiniz adamı isə hər dəfə solmuş, kiçilmiş şəkildə təsəvvür edin. Hər dəfə öz qızılgülünüzün o biri solğun qızılgüldən daha üstün və gözəl olduğunu sakit, inamlı səslə təkrar edin:“Mən daha üstünəm, mən buna layiqəm, mən nə istəsəm onu etməyə qadirəm və s.” Nəhayət bir neçə gündən sonra sakitləşdiyinizi, bu adama daha heç bir həsəd hissinizin qalmadığını görəcəksiniz.
Amaliya Murad, ADPU-nun dosenti,
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.