Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən həftə media qurumlarının rəhbərləri ilə görüşündə uşaqpulunun niyə verilmədiyinə aydınlıq gətirib. Nazir deyib:
Yenixeber.org: “Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. ︎ 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir”.
Nazirin bu açıqlaması kəskin tənqidlərə rəvac verib, ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri, sosial şəbəkə istifadəçiləri Sahil Babayevin arqumentlərinin əsassız olduğunu bildirirlər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, heç bir məntiqi izahı olmayan səbəblərdən ən təəccüblüsü və absurdu uşaqpulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olması, uşaqpulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyinin vurğulanmasıdır. “Məəttəl qalırsan ki, doğurdanmı bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb”,-ekspert vurğulayıb.
Osman Gündüz Nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi “unikal metodu” xatırladıb:
“Məlum olduğu kimi, nazirliyin e-social.az resursu ötən il pandemiya zamanı, 190 manat üçün onlayn müraciətlərə tab gətirməyərək, tez-tez çökürdü. Belə olan halda, nazirlik unikal bir “təhlükəsizlik metodu” tətbiq etmişdi, sistemin çökməsinin qarşısını almaq üçün nahara çıxanda və iş vaxtı bitəndə elektron sistemi “rubilnik”dən söndürürdülər. Yəni, nazirliyin yanaşması belə idi: “sistem yoxdur, problem də yoxdur”. Nazirin indiki yanaşması da təxminən eynidir, korrupsiya ola bilər, ona görə uşaqpulu verilə bilməz”.
O.Gündüzün sözlərinə görə, uşaqpulu verilməsində korrupsiyanın olacağını arqument gətirməsini nazirliyin problemin həllinə unikal yanaşması, analoqu olmayan “antikorrupsiya” tədbiri kimi də dəyərləndirmək olar. “Əgər nazirlik rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək, topladığı datalar vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə, demək resurslar və zaman boş yerə xərclənib. Həqiqətən də, hələ də inanmağım gəlmir ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş”,- ekspert vurğulayıb.
ADR Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu isə qeyd edir ki, uşaqpulunun 18 yaşa qədər bütün uşaqlara verilməsi təklif olunmur. O, əlavə edir ki, ehtiyacı olmayanlara bu pul verilməməlidir:
“Əgər hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaqpulu 2,7 milyon uşağa deyil, yerdə qalan 2,1 milyona verilməlidir. Belə olanda da tələb olunan məbləğ 3,3 milyard manat deyil, 2,52 milyard manat olur. İkincisi, 100 manata gücünüz çatmır, 80 manat verin, ya da ehtiyaclar üzrə fərqli məbləğ ödəyin”.
İqtisadçı Azərbaycanda demoqrafik vəziyyətin nazir Sahil Babayevin iddia etdiyi kimi yaxşı olmadığını bildirib:
“Demoqrafik vəziyyət necə yaxşıdır ki, 2009-2014-cü illərlə müqayisədə 2015-2020-ci illərdə ölkədə doğum sayı 135050 nəfər azalıb, ölüm sayı 32 363 nəfər artıb, nikah sayı 136050 nəfər azalıb, boşanmaların sayı 24528 nəfər çoxalıb. Hazırda 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi ilə bağlıdır. Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mini ötür. 2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub. Eyni zamanda, Dövlət Statistika Komitəsinin digər məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 700 nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 900 nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 200 nəfər azalıb. Demoqrafik problem necə olur ki? Digər tərəfdən, uşaqpulunun verilməsi heç də bütün hallarda demoqrafik problemi həll etmək üçün deyil. Uşaqpulu qayğı deyil, uşaqların haqqıdır. Uşaqpulu həm də ideoloji məsələdir”.
Q.İbadoğlunun sözlərinə görə, uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi çox asandır, dünya təcrübəsində onun çox örnəkləri var. İqtisadçı əlavə edib ki, Azərbaycana gəlincə, uşaqpulunun məbləği ailənin gəlirləri ilə ailədə hər bir üzvün yaşayışının gerçək dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər. “Burada manipulyasiya, korrupsiya əməlləri yalnız pis idarəçilikdən qaynaqlanır. Normal və şəffaf idarəçilikdə, açıq hökumətdə nədən korrupsiya yaranmalıdır? Guya digər sosial proqramlarda- özünüməşğulluqda, ünvanlı sosial yardımda, pensiyada, əlillik dərəcələrinin verilməsində korrupsiya yoxdur?”– o sual edir.
Partiya sədri qeyd edir ki, uşaqpulu təyinatının yerinə əməkhaqqının artırılmasının işsizlərə və nazirliyin funksiyasına aidiyyatı yoxdur: “Ölkədə işsizlərin sayının kəskin artmasına və problemin kütləviləşməsinə görə məşğulluq idarələrində qeydiyyata alınmış işsizlərin sayının açıqlanması 2020-ci ilin aprel ayından dayandırılıb. Azərbaycanda işsizlərin sayını ən yaxşı bilən Sahil Babayevdir. Nədən heç fikirləşmirlər ki, işsizlərin də uşaqları var. Məgər onların uşaqları doyunca yeməli, sağlam və savadlı böyüməli deyil? Görəsən, nazirliyin rəhbərləri işsizliklə bağlı rəqəmlərə baxanda və onları sosial müdafiəsiz bu çətin yaşam şəraiti ilə baş-başa buraxanda vicdan əzabı çəkirmi? Rəsmi məlumatlara görə, bu ilin 9 ayında cəmi 3033 nəfərə işsizlik müavinəti verilib, bəs yerdə qalan işsizlər nə ilə dolanmalıdır?”
Qubad İbadoğlu hesab edir ki, uşaqpulu verilməsi üçün büdcənin problemi maliyyə təminatında deyil, onun xərclənməsindədir: “Əgər büdcə şəffaflığına əməl olunarsa, vəsaitlər səmərəli və hesabatlı xərclənərsə, dövlət sifarişləri açıq tenderlər vasitəsilə rəqabətli icra olunarsa, onda hər fiskal ildə büdcəyə milyardlarla qənaət etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Global legal” və “Ekvita consulting” MMC-lərə verdiyiniz sifarişlər də bu qəbildəndir”.
İqtisadçı əlavə edir ki, uşaqpulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabiliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, bununla dövlət uşaqpulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini geriyə qaytaracaq.
Qubad İbadoğlu problemin həlli ilə bağlı bir neçə təklif də irəli sürüb:
“Hesab edirəm ki, uşaqpulunun maliyyələşdirilməsi və idarə edilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Neft Fondundan və şirkətlərdən ayırmalar hesabına Fondun vəsaiti yetərincə təmin oluna bilər. Uşaqpulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər. Odur ki, mənasiz arqumentləri təkrar-təkrar səsləndirməkdənsə korrupsiyanın qarşısını alın, büdcəni səmərəsiz xərclərdən azad edin, dövlət alqı-satqılarını açıq tenderlərlə və rəqabət əsasında maliyyələşdirin, bazarları hökmran mövqedə olan, başqalarına giriş baryerləri yaradan inhisarçılardan azad edin, rəqabəti dəstəkləyin, insanlara azadlıq verin. Bir sözlə, azad iqtisadi münasibətlər və sərbəst təşəbbüslər üçün şərait yaradın. Belə olsa, heç kəs dövlətə möhtac olub, uşaqpulu davası etməz, hər kəs özünü və ailəsini halal zəhməti ilə dolandırar”.(pressklub)
Turqut