Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Brüssel görüşlərinin əsas nəticələri-ŞƏRH

Paşinyan topu Azərbaycanla Rusiyanın meydanına atdı: Bakı Laçın dəhlizinə nəzarəti təmin edə biləcəkmi? 

Yenixeber.org: Brüsseldə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş keçirilib. Detallar açıqlanmasa da, müzakirə masasından növbəti foto yayılıb və orada Avropanın Rusiya ilə müqayisədə siyasi mədəniyyətə, bərabərhüquqluluq prinsipinə, ölkələrin suverenliyinə hörməti bir daha nəzərə çarpır. Bundan əvvəl – dekabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən 5 saatlıq görüş dəyirmi masa ətrafında baş tutmuşdu. Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşlərdən fərqli olaraq, Brüsseldə İlham Əliyevlə Nikol Paşinyanın əyləşdirildiyi masanın quruluşu, Ş.Mişelin iki liderlə eyni səviyyədə, eyni məsafədə oturması sosial şəbəkələrdə memə çevrilib. 

Brüssel görüşünün siyasi nəticələrinə gəlincə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan liderlərinin üz-üzə müzakirə aparması müsbət hadisədir. Tərəflər Moskva və Soçi görüşlərindən fərqli olaraq, üzərlərində basqı hiss etmədən rahat şəkildə mövqelərini ifadə edib, kompromislər axtara biliblər. Ümumən Avropanın sülh axtarışlarına qoşulması münaqişə tərəfləri üçün faydalıdır, çünki prosesi bütünlüklə Rusiyanın öhdəsinə və insafına buraxmaq bu gün nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğundur. Bölgədə əsas rıçaqlar Rusiyanın əlindədir, Moskva isə ilk növbədə öz maraqlarını güdür və tərəflərə bunu diktə etməyə çalışır, bu da dayanıqlı, etibarlı sülhün əldə edilməsinə mane olur. Kreml Qarabağ münaqişəsinin tam həll olunmaması və yarımaktiv fazada qalmasına özünün bölgədəki mövcudluğunun əsas elementi kimi baxır. Avropanın Azərbaycana və Ermənistana qapılarını açıq saxlaması ən azından Rusiyanın yeganə vasitəçi kimi dominant rolunu qismən də olsa, məhdudlaşdırmağa imkan verir.  

Avropa İttifaqı tərəflərə xüsusi təkliflər təqdim etməyib və yeni təşəbbüslər irəli sürməyib. Danışıqlar 10 noyabr üçtərəfli razılaşması, 11 yanvar Moskva və 26 noyabr Soçi bəyanatlarında əldə olunan razılaşmaların yerinə yetirilməsi üzərində aparılır. Qərb bu bəyanatları və tərəflərin üzərlərinə götürdüyü öhdəliklərin icrasını dəstəkləyir, prosesin rəvan getmısi üçün öz texniki, humanitar dəstəyini təklif edir. 

Şarl Mişelin və Nikol Paşinyanın bəyanatlarından aydın olur ki, görüşdə Naxçıvan MR və Azərbaycanın digər hissəsinin quru əlaqəsini təmin edəcək dəmir yolu xətinin çəkilməsi razılaşdırılıb. Daha doğrusu, Rusiyanın vasitəçiliyi ilə bu barədə əldə olunan razılaşma, Avropa İttifaqı rəhbərinin iştirakı ilə təsdiqlənib. Prezident İlham Əliyev NATO baş katibi ilə birgə mətbuat konfransında bu barədə belə deyib: “Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq əldə etmişik”.   

Şarl Mişelin bəyanatında isə bu cümlə yer alıb: “Danışıqlarda dəmir yolu xətlərinin bərpası, qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarətinin yaradılması üçün müvafiq tədbirlər barədə razılıq əldə olunub”.

Nikol Paşinyan da öz növbəsində 5 saatlıq görüşdən dərhal sonra “Facebook” səhifəsində bu açıqlamanı yazıb: 

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə dəmir yolunun açılması ilə bağlı razılaşmanı təsdiqlədik. Dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlılıq prinsipi əsasında, bu ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan dəmir yolu vasitəsilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək. Biz, həmçinin, təmasları davam etdirmək barədə razılığa gəldik”. 

Hər üç bəyanatda dəmir yolu ilə bağlı razılaşmanın əldə edilməsi təsdiq olunur. Amma əsas vurğu Ermənistanın əvvəldən israr etdiyi suverenlik məsələsinin üzərinə salınıb. Yəni bu yola Ermənistanın gömrük və sərhəd xidmətləri nəzarət edəcək. Belə çıxır ki, Azərbaycan Zəngəzurdan keçəcək dəmir yolunun Ermənistan hökumətinin nəzarətindən kənar şəkildə işləməsi barədə tələbindən geri çəkilib.  

Rəsmi Bakının ikinci tələbi Naxçıvana Ermənistan ərazisindən keçəcək avtomobil yolunun çəkilməsi ilə bağlıdır. Soçi bəyanatında bu barədə yer alan razılaşma Brüsseldə bir daha təsdiqlənib, amma ümumi detallar razılaşdırılmayıb. Prezident İlham Əliyev bildirib ki, magistral yolun dəqiq marşrutu hələ ki müəyyən olunmayıb. Nikol Paşinyanın və Şarl Mişelin bəyanatında da avtomagistral barədə hər hansı ifadə işlədilməyib. 

Brüsseldə ən diqqətçəkən bəyanatı İlham Əliyev səsləndirib. Dövlət başçısı bildirib ki, Zəngəzurdan Azərbaycana dəhliz verilmirsə, yəni orada Ermənistanın sərhəd və gömrük nəzarəti olacaqsa, o zaman Laçın dəhlizində də Bakının sərhəd və gömrük nəzarəti təmin olunmalıdır. 

“Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”, – deyə prezident 5 saatlıq görüşdən əvvəl bəyan edib.

Nikol Paşinyan isə Azərbaycanın Laçın dəhlizində sərhəd və gömrük nəzarəti qoyacağı barədə xəbərdarlığına ümumi sözlərlə, yumşaq şəkildə reaksiya verib. Bu da İrəvanda baş nazirə qarşı növbəti ittihamlara rəvac verib. Ermənistan müxalifəti Paşinyanı Qarabağın nəfəsliyini bağlamaqda suçlayır, yerli ekspertlər isə bu cür razılaşmaya getməyin hədsiz riskli olduğunu bildirirlər. Əlbəttə, hazırda daxili təzyiqlər altında olan Paşinyanın Azərbaycana Zəngəzurdan nəzarətsiz dəhliz verməsi mümkün deyildi. Çünki müxalifət və xaricdəki erməni diasporu buna qarşıdır. Rusiya isə bu dəhlizin açılmasını istəyir, amma onun Azərbaycanın tələb etdiyi formada razılaşdırılması üçün Paşinyana təzyiq etmir. Çünki belə mövqe onsuz da erməni cəmiyyətində Moskvanın öləziyən nüfuzunə daha bir zərbə olardı. 

Bəs, Paşinyan Azərbaycanın Laçın dəhlizinin girişində nəzarəti təmin edəcəyi barədə xəbərdarlığına niyə xüsusi reaksiya vermədi? Doğrudur, o, 10 noyabr Bəyanatına əsaslanaraq Laçın dəhlizinin statusunun üçtərəfli razılaşmada əks olunduğunu, onu Zəngəzur dəhlizi ilə eyniləşdirməyin yolverilməzliyini deyib. Lakin bunu “növbətçi” reaksiya saymaq olar.  

Şübhəsiz ki, Paşinyan Laçın dəhlizinin Azərbaycan və Ermənistan arasında deyil, Bakı ilə Moskva arasında problem olduğunu yaxşı bilir. Qarabağda erməni separatçılarına dəstək verən Moskva Azərbaycanın Laçında sərhəd nəzarətini bərpa edib, təzyiq imkanı əldə etməsinə, istədiyi zaman yolu bağlamaq haqqı qazanmasına imkan verməz. Bu zaman Azərbaycan pasportu olmayan ermənilərin Xankəndinə gəlib-getməsi, yaxud, ehtiyac olduqda bölgəyə silah-sürsat, canlı qüvvə daşımaq mümkün olmayacaq. 

Beləliklə, Paşinyan Moskvanın bölgədəki maraqlarını hesablayaraq topu Azərbaycan və Rusiyanın meydanına atıb. Bununla o, həm də Bakının əlini gücləndirmiş olub. İndi Azərbaycan rəhbərliyi daha israrla Rusiyadan Laçın dəhlizinə nəzarət məsələsinin həllini tələb etməlidir.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam