Xankəndi və ətraf bölgə "siyasi vakuma" salınır: Paşinyan Araiki taleyin ümidinə buraxdı
Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazidəki ermənilər Şuşaya baxıb, işıq gələn tərəfi müəyyən etməli olacaqlar; Rəsmi Bakını qıcıqlandırmaqdan yayınan erməni baş nazir Araik Arutyunyanın separatçıları üçün faciəvi sonluğun sürətlə yaxınlaşdığını anlayır...
Yenixeber.org: Ermənilər "yalan tarix" uydurmağı sevən və bacaran yeganə toplumdur. Bu toplum indiyə qədər qondarma iddialar ilə "uydurma tarix hoqqabazlığı" üzrə xüsusi ənənə yaradıblar. Və bu "ənənə"dən imtina etmək niyyətləri də yoxdur.
Ancaq erməni toplumunun əslində, heç vaxt xeyir görə bilmədiyi "tarix uydurma ənənəsi"ndə üç hoqqabazlıq xüsusi yer tutur. Onlardan birincisi, qondarma "erməni soyqırımı" ilə bağlı iddialardır. Erməni diasporu onilliklər ərzində öz mövcudluğunu və fəaliyyətini məhz bu hoqqabazlıq üzərində qursa da, bu topluma elə bir ciddi faydası olmayıb. Və artıq "erməni kartı" ilə siyasi bazarlıq etməyə vərdişli ölkələr üçün də bu iddiaların əhəmiyyəti sona çatmaq üzrədir.
İkinci erməni hoqqabazlığı Azərbaycanın tarixi ərazilərində Ermənistan adlı qondarma dövlətin yaradılmasıdır. Belə bir dövlətin yaradıldığı elan edilsə də, əslində, reallıqda mövcud deyil. Çünki Ermənistan mövcud olduğu dövr ərzində Rusiyanın ermənilərin yaşadığı qeyri-rəsmi quberniyasından daha üstün statusa sahib ola bilməyib. Və indi ümumiyyətlə, iflas dövrünü yaşayır.
Nəhayət, üçüncü erməni hoqqabazlığı da məhz uydurma "Dağlıq Qarabağ respublikası" hesab oluna bilər. Çünki məhz bu hoqqabazlıq ucbatından Cənubi Qafqazda son 30 il ərzində fəlakət və kataklizmlər yaşanıb. Hətta bir çox Rusiya politoloqu keçmiş SSRİ-nin dağılmasının əsas səbəbini elə ermənilərin qondarma "dqr" hoqqabazlığı ilə əlaqələndirirlər.
Ancaq bu hoqqabazlıq yalnız keçmiş SSRİ-nin süqutuna yol açmayıb. Eyni zamanda, erməni toplumunun özünü də girov götürüb. Ermənistan adlı uydurma dövlətə real beynəlxalq subyektə çevrilmək imkanı verməyib. Üstəlik, hazırda Ermənistanın ümumiyyətlə, süqutuna səbəb ola biləcək proseslərə yol açıb.
Əslində, bu reallığı ermənilərin özləri də tam dəqiqliyi ilə anlayırlar. Ermənistan cəmiyyətində "dqr" artıq gələcəyi bloklayan ciddi problemlərdən biri hesab olunur. Əsas düşüncə ondan ibarətdir ki, "dqr" olmasaydı, Ermənistan bütün potensialını məhz Qarabağ ermənilərinin mövcudluğunu təmin etməyə yönəltməsəydi, indi daha inkişaf etmiş ölkələrdən biri olardı.
Ancaq bütün bunların erməni toplumuna artıq elə bir ciddi faydası ola bilməz. Çünki son 30 ildə inkişaf imkanlarının hamısı əldən buraxılıb. Və əvəzində nə Ermənistan normal dövlət ola bilib, nə də qondarma "dqr" mövcudluğunu qorumağa nail olub.
Azərbaycan ordusu bu məsələni 44 günlük savaş nəticəsində birdəfəlik həll edib. İndi yalnız Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu ərazidə yaşayan və yolunu azmış erməni vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi davam edir. Və bu məsələdə çox yaxın vaxtlarda öz həllini tapacaq.
Prezidenti İlham Əliyev "Dağlıq Qarabağ da, status da yoxdur" açıqlaması ilə "erməni xəyalları"nın üzərindən birdəfəlik xətt çəkib. İndi Azərbaycanın yolunu azmış vətəndaşları öz gələcək talelərini dəqiqləşdirmək üçün Azərbaycan qanunlarına uyğun prinsipial qərar qəbul etməlidirlər. Yəni, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ölkəmizin ərazisindən getməlidirlər.
Maraqlıdır ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin seçim etmək üçün real örnəkləri də var. Onlar çox asanlıqla Araik Arutyunyanın separatçılarının zülmü altında öz həyat şəraitləri ilə Azərbaycan əhalisinin rifah halını müqayisə etmək imkanına malikdirlər. Və bu müqayisədə hətta Ermənistan mətbuatı da Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə yardım edə bilər.
Hər halda, Ermənistanda nəşr olunan "Qraparak" qəzeti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində başladılan genişmiqyaslı tikinti-bərpa prosesinə diqqəti çəkib. Xüsusilə də, erməni nəşri Şuşa şəhərindəki yenidənqurma işlərindən bəhs edib: "Yollardan və nəqliyyat tunellərindən başqa, yüksəkgərginlikli elektrik yarımstansiyası tikilib. Bu şəhəri işıqlandıran yarımstansiya cəmisi bir neçə ay ərzində istifadəyə verilib".
Erməni nəşri Şuşanın 24 saat güçlü işiqlandırılmasının Xankəndidən çox aydın şəkildə müşahidə olunduğunu da qeyd edib. Xankəndiyə gedən yolun isə Rusiya sülhməramlıları ilə Azərbaycan əsgərlərinin ortaq nəzarəti altında olduğunu vurğulayıb: "Rusiya sülhməramlıları Xankəndiyə gedənlərin sənədlərini Azərbaycan əsgərlərinin nəzərləri altında yoxlayırlar".
Bütün bunların qarşılığında Xankəndi və ətraf bölgədə olan vəziyyət də maraq doğurur. Elə erməni nəşrinin Xankəndidən Şuşanın görüntülərini "ermənilər üçün əziyyət tələsi" adlandırması da vəziyyəti təsəvvür etməyə imkan verir. Çünki erməni nəşri qeyd edir ki, artıq bir neçə aydır, Xankəndi elektrik enerjisi ilə normal şəkildə təmin edilmir. Buna paralel olaraq, üstəlik, su təchizatı və telefon əlaqəsi də bərbad vəziyyətdədir.
Əslində, bütün bunlar qətiyyən təəccüblü deyil. Çünki Araik Arutyunyanın separatçıları nə qədər dövlətdən danışıb, erməniləri öz təsirləri altında saxlamağa çalışsalar da, ən elementar gündəlik ehtiyacların təmin edilməsi qarşısında belə, aciz duruma düşüblər. Halbuki, qondarma "dqr"in yubileyini keçirtmək iddiasında israr edirlər.
Ötən il də belə təxribatlara əl atmışdılar. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da separatçıların həmin təxribatlarına qatılmışdı. Erməni baş nazir Cıdır düzündə yallı gedib, lovğa açıqlamalar vermişdi. Halbuki bu il qəribə də olsa, gözə dəymir.
Məsələ ondadır ki, erməni mətbuatı baş nazir Nikol Paşinyanın tez-tələsik bir neçə günlük məzuniyyətə çıxdığını iddia edir. Bu isə o deməkdir ki, erməni baş nazir bu il Araik Arutyunyanın separatçılarının təxribatlarında iştirak etməkdən yayınmağa çalışır. Və bu, tamamilə başadüşüləndir.
Təbii ki, bunun kifayət qədər ciddi səbəbləri var. Erməni baş nazirin ötən ilki Cıdır düzü yallısından sonra çox şey dəyişib. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ordusu tərəfindən həll edilib. Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğuna növbəti dəfə əmin olub.
Eyni zamanda, erməni baş nazir növbəti dəfə onun ayağı Xankəndi və ətraf bölgəyə dəyəcəyi təqdirdə, olduqca qətiyyətli və sərt cavab reaksiya ilə üzləşəcəyini anlayır. Hər halda, Gorus-Qafan yolunun bağlanması zamanı baş verənlər erməni baş nazir üçün ciddi dərs olub.
Digər tərəfdən, Ermənistanda keçirilən son seçkilər də təsdiqlədi ki, Qarabağ klanına deyil, məhz N.Paşinyanın tərəfdarlarına səs verən erməni cəmiyyəti üçün Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin elə bir böyük əhəmiyyəti artıq yoxdur. Bu baxımdan, erməni baş nazirin Araik Arutyunyanın təxribatlarına qatılmaması ona elə də ciddi siyasi problemlər yaratmayacaq.
Belə olan təqdirdə, erməni baş nazir üçün onu xain hesab edən separatçılara görə Azərbaycanı qıcıqlandırmaqdansa, rəsmi Bakı ilə anlaşmaq daha sərfəlidir. Azərbaycanı qıcıqlandıracağı təqdirdə isə Ermənistanın hansı problemlər ilə üzləşə biləcəyini erməni baş nazir hamıdan daha aydın təsəvvür edə bilər. Hazırda Rusiya sülhməramlı qüvvələrinin arxasından boylanan Araik Arutyunyanın separatçılarının sonunun sürətlə yaxınlaşdığını isə baş nazir Nikol Paşinyan anlamamış deyil. Bütün bunlar həm də "siyasi vakuma" salınmış Xankəndi və ətraf bölgənin tədricən Azərbaycana təhvil verilməsi prosesinin tərkib hissəsi də sayıla bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert