Daşnak iddiası:“İnönü erməni olub, atasını ermənilər öldürüb, anası sonra islamı qəbul edib”
“... Varlı bir erməni ailəsi 1880-ci illərdə Malatyanın bir kəndində yaşayırdı. Bölgədəki erməni kəndləri mütəmadi olaraq kürd tayfaları tərəfindən terrora məruz qalırdı, ermənilər təqib olunurdu. Ermənilər erməni kəndlərini qorumaq üçün fədai (azadlıq döyüşçüləri) adı altında bir araya gəlirlər. Kəndlərin müdafiəsini təşkil etməyə başlayırlar. Fədailər təşkilatının rəhbəri bir dəfə həmin varlı erməni ailənin başçısına yaxınlaşır. Deyir ki, silah və at almaq üçün bizə pul lazımdır, fədailərə maddi kömək edin. Zəngin erməni bu tələbə əməl edib-etməyəcəyinə iki gün ərzində qərar verəcəyini söyləyir. İki gündən sonra fədai rəhbər geri qayıdır. Varlı erməni fədailərə pul verməkdən imtina edir. Fədai rəhbər varlı ermənini oradaca güllələyir. Öldürülən erməni kişinin dul qadını yeni doğulmuş oğlu ilə İzmirə qaçır, orada islamı qəbul edir və oğlunu ermənilərə qarşı nifrət hissi ilə böyüdür. O oğlan Kamal Atatürkdən sonra Türkiyənin ikinci prezidenti olur. Bəlkə də İttihadçı (Gənc Türk) liderlərdən sonra Türkiyədəki ermənilərin və digər etnik azlıqların düşmənləri arasında İsmət İnönü (1884-1973) qədər qəddarı olmayıb”. Daşnaklara bağlı “armenianweekly.com” saytında gedən məqalələrin birində (Armenian Turks and Other Tragic Stories of Roots) belə deyilir.
Mustafa İsmət paşaya “İnönü” soyadını Kamal Atatürk verib. "Milli şef" kimi tanınan İsmət İnönü 17 il 11 ay ərzində Türkiyənin baş naziri olub. 1938-1950-ci illərdə isə Türkiyənin prezidenti kimi fəaliyyət göstərib. Atatürkdən sonra çağdaş Türkiyənin ən çox sevilən siyasi lideri sayılır. Etnik baxımdan ata tərəfdən kürd olan İsmət İnönü Bitlisin Kürümoğulları nəslindəndir. Onun anası isə türkdür. Rəşid əfəndi ile Cevriye Temellinin 5 övladı dünyaya gəlib. İsmət İnönü bu ailənin ikinci uşağıdır. Onun etnik kimliyi ilə bağlı nə Türkiyədə, nə də bütövlükdə dünyada mübahisə üçün zərrə qədər də olsa yer yoxdur. Ancaq ermənilər onun etnik kimliyini də şübhə altına alırlar. Uydurma bir nağılla Türkiyənin böyük şəxsiyyətlərindən olan İsmət paşanı erməni elan edirlər. Fikir verin, erməni iddiasında söhbət Malatyadakı hansısa kənddən gedir. Kəndin adı məlum deyil. Zəngin erməninin adı da naməlumdur, onun xanımının kimliyi də məchul olaraq qalır. Tam uydurma bir şey. Ancaq ermənilər belə uydurmaları real tarix kimi qəbul edirlər.
Bəli, erməni tarixi bu cür yalanlar üzərində bərqərardır. Erməni genosidi ilə bağlı haray-həşir də havadan götürülmüş belə yalanlardan yoğurulub.
Elbəyi Həsənli, Sürix
https://armenianweekly.com/2018/03/19/armenian-turks-and-other-tragic-stories-of-roots/