"Varlı erməni Dağlıq Qarabağa 30 milyon avro vəsait yerləşdirib"
Son bir ilə kimi Azərbaycanın işğal altındakı ərazilərinə nə Ermənistan, nə erməni diasporu, nə də digər imkanlı şəxs investisiya yatırırdı. Dağlıq Qarabağdakı separataçı rejimin himayədarları bu məsələyə hər zaman ehtiyatla yanaşıb. Amma son bir ildə bu müstəvidə fərqli proseslər baş verir. İşğal altındakı rayonlarımızda yolların çəkilməsi, müxtəlif təyinatlı müəssisələrin inşası, dünyanın varlı ermənilərinin Qarabağa gəlişi əsas diqqəti torpaqların gələcək aqibətinə çəkir. Əvvəllər investisiya yatırılmasına ehtiyatla yanaşılan bu ərazilərə indi belə diqqət nəyin carçısıdır? Bəlkə erməni tərəfi elə zənn edir ki, Azərbaycan torpaqlarını əbədi olaraq işğal altıında saxlaya biləcək?
"Xeberinfo.com": Məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvi, deputat Rövşən Rzayev Modern.az-a bildirib ki, rusiyalı milyoner German Sterliqov və onun kimilərinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşməsi heç də bu torpaqların artıq itirilməsi anlamını vermir. Deputat deyir ki, Azərbaycan gec-tez ərazi bütövlüyünü təmin edəcək.
“Buna heç bir Azərbaycan vətəndaşının, o cümlədən də mənim şübhəm yoxdur. Sterliqov kimilərinin qanunsuz olaraq Qarabağa gətirilməsi Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe sərgiləməsinin bariz nümunəsidir. Yəni Ermənistan tərəfi konstruktiv mövqeyə hələ gəlməyib ki, Azərbaycan öz ərazi bütövlüyünü sülh yolu ilə həll etsin. Bu addım təxribat xarakteri daşıyır. Ermənistan lobbisinin təkidi altında hər hansı varlı insanı yanlış yola cəlb edirlər və o adam da Azərbaycan ərazilərinə gəlib, işğal altında olan ərazilərə investisiya yatırır. Eyni zamanda xaricdə yaşayan erməni lobbisinə agah olan varlı erməni Dağlıq Qarabağa 30 milyon avro vəsait yerləşdirib. Təəssüflər olsun ki, bu həqiqətdir. Bunu Rusiyada yaşayan qeyri-normal bir insanın hərəkətlərində də gördük. Əcnəbi bir vətəndaş erməni vəkilinin sayəsində Rusiyadan qaçaraq Azərbaycanın işğal altındakı torpalqarında gizlənir və oradan iş adamı kimi bəyanatlar verir”.
R.Rzayev əslində iş adamının öz vətənini qoyub gəlmədiyini vurğulayıb. “Bütün dünya bilir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Minsk Qrupu çərçivəsində sülh yolu ilə təmin edilməlidir. Eyni zamanda, Azərbaycan silahlı qüvvələrinin intensiv inkişaf etməsi hər an öz ərazisində antiterror əməliyyatı keçirməsinə imkan yaradacaq. Bu, Azərbaycanın tam hüququdur. Azərbaycan bir çox dövlətlərlə birlikdə terrora qarşı aparılan tədbirlərin iştirakçısıdır. Ona görə bu yol da bizim üçün aydındır və bütün beynəlxalq hüquqlar tərəfimizdədir”.
R.Rzayevin sözlərinə görə, erməni lobbisi də düşünməlidir ki, bu cür addımlar Ermənistana və ermənilərə heç bir yaxşı şey vəd etmir.
“Azərbaycanın işğal altında olan ərazilərinə gələn adamlar varsa, onlar ya şəxsi mənafedən, ya da erməni lobbisinin təsiri altında bu addımları atırlar. Ayrı cür ola bilməz. Çünki dünyada imkanlı ermənilər çoxdur və onlar çoxdan Qarabağa gələ bilər, müxtəlif işlər görərdilər. Baxın, Rusiyada yaşayan varlıların hamısı deyil, ancaq kəmsavad, psixi durum qarışıq olan bir fiquru cinayət təqibindən qurtarmaq üçün bura göndəriblər. Azərbaycanın gücü kifayət qədərdir ki, öz sözünü istədiyi vaxtı desin. Hələlik Azərbaycan Ermənistan tərəfindən konstruktiv mövqe gözləyir”, - deyə deputat əlavə edib.