Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Cənubi Qafqazda “külək” daha şimaldan əsmir: Bu bölgə ermənilər üçün təhlükəli regiona çevrilir

 

 Fransanın Ermənistan-Gürcüstan cütlüyü üzərindən bölgəyə soxulmağa can atması Kremli də narazı saldığından Rusiya regionda bütün baş verənlərə, o cümlədən də Türkiyə qoşunlarının Azərbaycana gəlişinə seyirçi qaldı... Ermənistan istifadə edildikdən sonra növbəti dəfə meydanda – Cənubi Qafqazda təkbaşına buraxıldı...

Yenixeber.org: Ermənistanın hərbi avantüralarından sonra Cənubi Qafqaz regionunda situasiyanın ciddi şəkildə dəyişdiyi artıq qətiyyən şübhə doğurmur. Belə ki, bir neçə ay əvvəl ilə müqayisədə indi bu regionda tamamilə fərqli geopolitik vəziyyət yaranıb.

Məsələ ondadır ki, onilliklər ərzində Cənubi Qafqaz regionunda həmişə “şimal küləkləri” əsib. “Külək” şimaldan əssə də, bu “hava cərəyanı” heç də hamını üşütməyib. Bəzilərini, xüsusilə də, erməniləri hətta “isidib”...

Ancaq indi Cənubi Qafqaz regionunda “külək” fərqli istiqamətdən əsir. Və region tədricən, “şimal küləyi”nin soyuğundan xilas olmağa başlayıb. Ermənilərsə, bu “qaynar cənub küləyi”də yanıb, sovrula biləcəklərindən artıq ciddi şəkildə əndişəyə düşüblər.

kaukasss.jpg (11 KB)

Əslində, bu, hələ başlanğıcdır. Dəyişən, yenidən dizayn edilməkdə olan dünyanın Cənubi Qafqaz bucağında hələ çox şey əvvəlki dönəmlərdə olduğundan fərqlənəcək. Hər kəsə - regiondakılara da, bu bölgədə özlərinə mənafe uyduranlara da durmalı olduqları yer tam dəqiqliyi ilə göstəriləcək.

Hər halda, Cənubi Qafqazda və bu region ətrafında cərəyan edən proseslər çox tezliklə bölgəyə yad olanların buradan kənarlaşacağını, əvəzindəsə, bölgəyə daha çox haqqı çatanların yerləşəcəyini ehtimal etmək üçün müəyyən əsaslar olmamış deyil. Xüsusilə də, erməni təxribatlarının doğurduğu nəticələrin məzmun və keyfiyyəti Cənubi Qafqazda yeni situasiyanın yüklənməkdə olduğunu biruzə verməkdədir.

Məsələ ondadır ki, Ermənistanın təxribatları şimalda əks-səda doğurmadı. Şimaldan hər hansı diqqətəlayiq reaksiya verilmədi. Yəni, şimal baş verənləri sükutla qarşıladı.

Cənubdansa, “yumruqlar düyünləndi”, ermənilərə həm hədələyici, həm də aşağılayıcı tonda xəbərdarlıq mesajları verildi. Və bu, o qədər sürətlə baş verdi ki, hətta bunu gözləməyən ermənilər panik duruma düşdülər.

rusiya-moskva-kreml-putin-medvedev.jpg (22 KB)

Ermənistanın siyasi dairələri çaşqınlıq içərisində gah Şimala, gah da Qərbə sığınmaq üçün vurnuxmağa başladılar. Ancaq kimsə Paşinyan hakimiyyətinə “qucaq açmağa” həvəs göstərmədi. Bu isə məsələnin böyüyüb, Ermənistanın boyunu aşmasından xəbər verirdi.

Normalda Rusiyanın Ermənistana dəstək verməsi və Kremlin bu məqsədlə hətta KTMT-ni də yardım üçün sıraya düzməyə çalışması qətiyyən təəccüb doğurmazdı. Amma indi məhz bunun baş verməməsi ciddi şəkildə təəccüb doğurur.

Əlbəttə, tarixən Cənubi Qafqazda baş verənlərin arxasından həmişə “rus barmağı” çıxıb. Xüsusilə də, rəsmi İrəvanın davranışlarında Kremlin istəyi və təlimatı həlledici iradə rolunu oynayıb.

Amma bu dəfə baş verənlərdə “rus barmağı” o qədər də qabarıq şəkildə sezilmir. Düzdür, Azərbaycanın beynəlxalq enerji və kommunikasiya layihələrinin keçdiyi ərazinin hərbi münaqişə təhlükəsi altına salınması Rusiyanı da məmnun edə bilərdi. Sadəcə, bunun üçün birbaşa Rusiyanın özünün ssenarisinin işə salınması Kremlin oyun qaydalarına daha uyğun olardı.

pa.aaaa.JPG (31 KB)

Məsələ ondadır ki, Rusiyanın regionda baş verənlərdən ən incə detallarına qədər məlumatlı olduğu qətiyyən şübhə doğurmur. Ancaq oyun qaydalarının və ssenarinin fərqli mərkəzlərdən qaynaqlanmış ola biləcəyi də tamamilə inandırıcı görünür. Və Paşinyan hakimiyyətinin bütün yalvarışlarına Kremlin biganə susqunluqla reaksiya verməsi də məhz bu reallığın əlaməti ola bilər.

Deməli, Ermənistanı hərbi təxribatlara həvəsləndirən beynəlxalq siyasi iradə mərkəzini bir qədər fərqli istiqamətdə axtarmaq lazım gələcək. Bu, doğrudursa, onda Cənubi Qafqaz uğrunda mübarizədə iştirak etmək istəyən beynəlxalq oyunçuların sayının arta biləcəyini ehtimal etmək qətiyyən yersiz görünməz.

Ermənistanın iqtisadiyyatı demək olar ki, mövcud deyil. Bu isə o deməkdir ki, Ermənistanda daxili maliyyə qaynağı yoxdur. Yəni, əgər, Ermənistan bir dövlət kimi mövcuddursa, bu, birmənalı şəkildə xarici ölkələrdən gələn maliyyə vəsaitinin hesabınadır.

Onu da qeyd edək ki, bu düşmən ölkə yalnız Rusiyadan erməni diasporunun göndərdiyi ianələr sayəsində mövcudluğunu qorumur. Rəsmi İrəvan üçün Rusiyadan başqa, daha üç maliyyə qaynağı mövcuddur. Bunlardan biri ABŞ-dakı erməni diasporunun, digəri isə Fransa ermənilərinin təmin etdiyi maliyyə axınıdır.

1594984660444_pIxSBKSo.jpg (42 KB)

Üçüncü maliyyə qaynağı isə Türkiyədən əldə edilir. Belə ki, Türkiyədə 100 mindən artıq Ermənistan vətəndaşı miqrasiya qanunlarını kobud şəkildə pozmaqla, işləyir və bu düşmən ölkəyə para göndərir. Əhalinin aztəminatlı hissəsi də məhz Türkiyədə işləyən ermənilərin göndərdiyi paranın hesabına yaşayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni təxribatlarından dərhal sonra “Bu, Ermənistanın boyunu aşan işdir. Onu bu təxribata sürükləyənlər var...” deyərkən, bir çox məqamlara da aydınlıq gətirmişdi. Belə ki, prezident R.T.Ərdoğan Türkiyədə qeyri-qanuni yaşayan ermənilərin Ermənistana para göndərdiklərindən məlumatlı olduqlarını vurğulamağı da qətiyyən unutmamışdı.

Təbii ki, Türkiyə prezidenti bununla rəsmi İrəvana qanunsuz işləyən erməniləri ölkədən çıxartmaqla, Ermənistan əhalisini əsas maliyyə mənbəyindən məhrum edə biləcəklərini anlatmağa çalışırdı. Çünki bu, Ermənistanda sosial böhranı dərinləşdirə və əlavə olaraq da humanitan böhran yarada bilər.

Eyni zamanda, “Ermənistanı təxribata sürükləyənlər...” deyilərkən isə məhz Fransanın nəzərdə tutula biləcəyi qətiyyən istisna deyil. Belə ki, son vaxtlar rəsmi Paris Türkiyənin yüksəlişindən, artıq dünyada yeni güc mərkəzinə çevrilməyə başlamasından ciddi şəkildə narahatdır.

images-93_16_9_1578030658.jpg (66 KB)

Ona görə də, Fransa Liviyada Türkiyənin fəaliyyət məkanını mümkün qədər məhdudlaşdırmağa can atır. Son məlumatlara görə, Fransa da Liviyaya hərbi kontingent göndərmək qərarı verib.

Digər tərəfdən, rəsmi Paris Türkiyə ilə Yunanıstan arasında qısamüddətli də olsa, silahlı münaqişənin törədilməsinə can atmaqdadır. Hər halda, Fransanın təhrikləriylə Yunanıstan-Türkiyə münasibətlərinin gərginləşməkdə olduğu qətiyyən diqqətdən yayınmır. Əsas məqsədsə, Yunanıstanla hərbi münaqişəyə nail olmaqla, Avropa Birliyi ölkələrini Türkiyə ilə qarşı-qarşıya gətirməkdir.

Ancaq rəsmi Ankara gələcəyə hesablanmış xarici siyasi kursu ilə Fransanın bütün cəhdlərini heçə endirməkdədir. Halbuki rəsmi Paris Türkiyə əleyhinə fəaliyyətini daha da genişləndirməkdə israrlıdır.

Bu baxımdan, erməni təxribatlarının məhz rəsmi Paris tərəfindən ssenariləşdirilə biləcəyi də istisna olunmur. Çünki bu halda, bölgədəki beynəlxalq iqtisadi və kommunikasiya layihələrinin təhlükə altında buraxılması yalnız Azərbaycana deyil, Türkiyəyə də ciddi maliyyə-iqtisadi itkilər vəd edə bilər.

seh8t.jpg (42 KB)

Eyni zamanda, Türkiyə və Azərbaycanın paralel şəkildə Ermənistanın təxribatlarından qaynaqlanın regional savaşa çəkilməsi, həm də rəsmi Ankaranın Rusiya ilə münasibətlərinə sarsıdıcı zərbə vura bilərdi. Ancaq rəsmi Parisin bu hiyləgər planı demək olar ki, pozuldu.

Rəsmi Ankara baş verənlərdən onsuz da məlumatlı olan Kremllə diplomatik təmaslar sayəsində anlaşma əldə etdi. Fransanın Ermənistan-Gürcüstan cütlüyü üzərindən bölgəyə soxulmağa can atması Kremli də narazı saldığından Rusiya regionda bütün baş verənlərə, o cümlədən də Türkiyə qoşunlarının Azərbaycana gəlişinə seyirçi qaldı. Və əslində, bu susqunluğu ilə Azərbaycan-Türkiyə ortaqlığına passiv dəstək vermiş oldu.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvan hərbi avantüralarla taleyüklü səhvə yol vermiş kimi görünür. Ən azından ona görə ki, indi Cənubi Qafqazda Türkiyənin nəfəsi daha aydın hiss olunur. Fransa isə həmişə olduğu kimi, sınaqdan çıxartdığı ssenarinin uğursuz olduğunu anladıqdan sonra özünü heç nə olmamış kimi aparmağa üstünlük verir. Yəni, Ermənistan istifadə edildikdən sonra yenə də meydanda – Cənubi Qafqazda təkbaşına buraxılıb.

Belə anlaşılır ki, Cənubi Qafqaz ermənilər üçün artıq təhlükəli regiona çevrilməkdədir. Hər halda, bu regionda şimal deyil, məhz cənub küləyi əsməyə başlayıb. Cənub küləyi isə öz qaynarlığı ilə ermənilər üçün “yandırıcı effekt” də verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam