Baydenin "genosid hədiyyəsi" Ermənistana təzyiqləri artırdı: Azərbaycan və Rusiya hərəkətə keçdi
Kreml Paşinyan hakimiyyətinə növbədənkənar parlament seçkilərində qalibi Rusiyanın müəyyən edəcəyini xatırlatdı; Azərbaycanın israrlı təzyiqləri nəticəsində Rusiya Ermənistanı üçtərəfli anlaşmaların icrasına məcbur etməyə başlayıb...
Yenixeber.org: Ermənistan "siyasi labirintə" düşüb. Rəsmi İrəvan bu "geopolitik labirint"dən çıxış yolu tapmaqda çətinlik çəkir. Hansı istiqamətdə hərəkət edəcəyini bilmir.
Çünki hazırda Ermənistanın gedə biləcəyi bütün istiqamətlər başlanmış kimi görünür. Hansı istiqamətə yönəlsə, qarşısında özündən qat-qat güclü dövlətlərin maraqları ilə üzləşir. Və bu, hazırda Ermənistan üçün "pat vəziyyəti" yaradır.
İndi Ermənistana ən sərfəli vəziyyət bir müddət ətalət variantında qala bilmək ola bilərdi. Ancaq rəsmi İrəvanın ətalət vəziyyətdə qalmaq şansı da yoxdur. Mütləq gedəcəyi istiqaməti müəyyənləçdirib, hərəkət etməlidir.
Cənubi Qafqaz regionunda mövcudluğu qorumaq üçün Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa çalışmalıdır. Ancaq ənənəvi ideoloji prioritetlər buna imkan vermir. Rəsmi İrəvanın bu istiqamətdə atmağa çalışdığı hər addım Ermənistan daxilində siyasi böhrana yol açır. Bu problemin həllinə imkan verə biləcək zaman isə demək olar ki, mövcud deyil.
ABŞ prezidenti Co Bayden erməni diasporuna və Ermənistana "genosid hədiyyəsi" edib. Təbii ki, Ağ Ev sahibi bunu yalnız ermənilərə olan dərin rəğbətindən etməyib. ABŞ-ın geopolitik maraqları baxımından, "erməni kartı"ndan istifadə etməyə çalışıb. Və indi rəsmi İrəvandan etdiyi "genosid hədiyyəsi"nin qarşılığında ciddi bir təşəkkür gözləyir.
Əlbəttə, rəsmi İrəvan məmnuniyyətlə ABŞ prezidenti Co Baydenə təşəkkür edərdi. Ancaq Ağ Ev quru təşəkkür gözləmir. Əksinə, rəsmi İrəvandan və erməni diasporundan Rusiyanın for-postu olan Ermənistanı istəyir. Və Ermənistan üçün "ən dərin və çıxılmaz geopolitik quyu" da məhz budur.
Məsələ ondadır ki, rəsmi İrəvan hazırda Ermənistanı ABŞ-a təslim edə biləcək durumda deyil. Ağ Ev Ermənistanın milli təhlükəsizlik maraqlarını təminat verməkdə çətinlik çəkir. Və ABŞ-ın Cənubi Qafqazda belə mexanizmləri yoxdur.
Ona görə də, bu məsələdə Ermənistanın qarşısına daha böyük əngəl-faktor çıxmış olur. Ermənilərin Cənubi Qafqazda peyda olması, Ermənistanın isə mövcudluğu məhz Rusiya ilə bağlıdır. Kreml onilliklər boyu himayə etdiyi Ermənistanı Ağ Ev sahibinin "genosid hədiyyəsi"nə qurban verməz. Yəni, Rusiya yaxın gələcəkdə Ermənistanı öz istifadəsində saxlamağa çalışacaq. Və buna nail olmaq üçün isə ABŞ-dan fərqli olaraq, bir sıra təsir mexanizmlərinə sahibdir.
Ermənistan sərhədləri Rusiya qoşunları tərəfindən qorunur. Bu düşmən ölkənin ordusu məhz Kremlin hədiyyə etdiyi silahlara möhtacdır. Ermənistan iqtisadiyyatı Rusiya şirkətlərinin yatırdığı sərmayə ilə mövcuddur. Ermənistanın hərbi təhlükəsizliyi birmənalı şəkildə Rusiyadan asılıdır. Əgər, Kreml himayə etməzsə, Azərbaycan ordusu cəmisi bir neçə gün ərzində Ermənistan paytaxtı İrəvanda komendant saatı təyin edər. Elə son 44 günlük savaşda Ermənistanı regionun xəritəsindən tamamilə silinməkdən də məhz Rusiya xilas etdi.
İndi rəsmi İrəvan Rusiyaya necə arxa çevirə bilər ki... Əlbəttə, buna müəyyən cəhdlər göstəriləcək. Ancaq bütün bu cəhdlər Ermənistana bumeranq effekti ilə geri dönə bilər.
Məsələ ondadır ki, Rusiya hazırda Ermənistanın tam sahibi durumundadır. Kremldə qəbul ediləcək hər hansı bir qərar Ermənistanın taleyini birdəfəlik həll edə bilər. Ona görə də, rəsmi İrəvan Rusiyanın regional maraqlarına problem yarada biləcək addımlardan yayınmaq məcburiyyətindədir.
Maraqlıdır ki, Kreml Ermənistan üzərində olan xüsusi hüquqlarını vaxtaşırı rəsmi İrəvanın yadına salır. Rusiya baş naziri Mixail Mişustinin erməni həmkarı Nikol Paşinyan ilə son təmasları da buna misal ola bilər. Rusiya baş naziri əvvəlcə N.Paşinyana prezident Vladimir Putinin "atəşin salamlar"ını çatdırıb.
Bu, erməni baş nazirə onun Kremldə Rusiya prezidenti ilə son görüşünün xatırladılması anlamına gəlir. Kreml bu "atəşin salam"la ermənilərə Ağ Ev sahibinin "genosid hədiyyəsi"ndən "qırmızı cizgiləri" aşacaq nəticələr çıxarmaq həvəsinə düşməməyi məsləhət görür. Hər halda, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində qalibin Rusiya tərəfindən müəyyən ediləcəyini erməni baş nazir hər kəsdən daha dəqiq bilir.
Digər tərəfdən, Rusiya baş naziri erməni həmkarına 10 noyabr və 11 yanvar anlaşmalarının icra olunmasının vacibliyini də xatırladıb: "Bu anlaşmalar region ölkələri qarşısında yaxşı perspektivlər açır. Məhz bütün iqtisadi-ticari və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, eləcə də, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın inkişafına səbəb ola bilər".
Göründüyü kimi, Kreml rəsmi İrəvana mesajını açıq mətnlə çatdırmağa üstünlük verir. Rusiyanın maraqlarını da ifadə edən anlaşmaların icrasının vacibliyini xatırladır. Üstəlik, həm keçmiş əlaqələrin bərpasında, həm də yeni marşrutların (Zəngəzur dəhlizi) yaradılmasında israrlıdır.
Rusiya baş naziri M.Mişustinin bu "atəşin salamı" əslində, Paşinyan hakimiyyətinə yönəlik üstüörtülü xəbərdarlıq xarakteri daşıyır. Hər halda, rəsmi İrəvanın son vaxtlar Ağ Evin fəallaşmasından yanlış nəticələr çıxardığı diqqətdən yayınmırdı. Hətta üçtərəfli anlaşmaların icrasını əngəlləmək istiqamətində müəyyən addımlar da atmağa çalışırdı.
Xüsusilə də, anlaşmaların icrasını təhlükəyə ata biləcək davranışlar Xankəndi üzərindən olunurdu. Kreml bölgədəki erməni separatçıların rəhbəri Araik Arutyunyanı Moskvaya çağırdı, "qulaqburması" verdi. A.Arutyunyanın geri döndükdən sonra bəzi erməni siyasi dairələrini tənqid etməsi də belə düşünməyə əsas verir. Və bu, ermənilər üçün elə bir ciddi dəyişikliyin olmayacağını göstərir.
Əksinə, rəsmi İrəvan üçtərəfli anlaşmaların icrasına məcbur edilməkdədir. Əlbəttə, Kreml bu məsələyə o qədər də ciddi fikir verməyə də bilərdi. Ancaq rəsmi Bakının sərt mövqeyi və Kremlə birbaşa təzyiqləri Rusiyanı çətin vəziyyətə salmaqdadır.
Hər halda, Ermənistanın üçtərəfli anlaşmaları icra etməkdən yayınmağa çalışacağı təqdirdə, Azərbaycanın da alternativ mövqe hüququ qazanacağını və rəsmi Bakının bundan məmnuniyyətlə istifadə edəcəyini Kremldə çox gözəl anlayırlar. Və alternativ variant kimi, Azərbaycanın yenidən hərbi əməliyyatlara başlamağa hazırlaşması Rusiyanın sülhməramlı missiya adı altında reallaşdırmağa çalışdığı bütün geopolitik maraqları təhlükə altına sala bilər.
Ona görə də, Kreml Azərbaycanı yeni hərbi əməliyyatlardan vaz keçirtmək üçün nəhayət ki, konkret addımlar atmağa məcbur qalıb. Son vaxtlar Xankəndi bölgəsindən Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmağa başladığı ilə bağlı məlumatlar da bunu təsdiqləyir. Çünki rəsmi Bakı bu məsələdə xüsusi həssaslıq göstərməklə yanaşı, həm də qətiyyətli addımlara hazır olduğunu da gizlətmir.
Bütün bunları nəzərə aldıqda, Ermənistanın gələcək taleyinin Ağ Evin "genosid hədiyyəsi"ndən deyil, məhz rəsmi İrəvanın üçtərəfli anlaşmaları necə icra edəcəyindən asılı olduğu qətiyyən şübhə doğurmur. Bu baxımdan, Ermənistanın hər hansı çıxış yolu yoxdur və Azərbaycanın bütün tələblərini yerinə yetirməyə məhkumdur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert