Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Merkel Baydeni niyə hədələdi: NATO dağılarsa, Almaniya Rusiya və Çinə üz tuta bilər

 

ABŞ-ın Türkiyəni və Almaniyanı narazı salması NATO-nun sonunu gətirə bilər; "Dünyada qüvvələr nisbətinin dəyişməsi"ni qabardan Almaniya kansleri ABŞ-dan praqmatik xarici siyasət kursu tələb edir...

Yenixeber.org: Dünya yeni hərbi-siyasi mərhələyə qədəm qoyub. Artıq beynəlxalq məkanda yeni şərtlər ön plana çıxmağa başlayıb. Və əksər nüfuzlu dünya dövlətləri hazırda bu yeni şituasiyanın ilk əlamətləri ilə hesablaşmaq məcburiyyətində qalıblar.

Maraqlıdır ki, bəzi dövlət liderləri dünyada hərbi-siyasi vəziyyətin ciddi şəkildə dəyişdiyini artıq açıq şəkildə etiraf etməyə başlayıblar. Onlardan bəziləri bu duruma görə heç şübhəsiz ki, sevinirlər. Ancaq bundan ciddi şəkildə məyusluq yaşayanlar da olmamış deyil.

Almaniya kansleri Angela Merkelin son açıqlaması hazırda dünyada mövcud olan situasiyanı təxmini də olsa, təsəvvür etmək imkanı verir. Onun NATO-nun üzləşdiyi situasiyadan narahatlıq keçirdiyini biruzə verməsi, olduqca maraqlı və önəmli proseslərə eyham da sayıla bilər.

1066132454-1530962307.jpg (25 KB)

Məsələ ondadır ki, Almaniya kansleri Şimali Atlantika Alyansının üzləşdiyi yeni situasiyanın heç də təhlükəsiz olmadığını vurğulayıb: "NATO dünyada yeni qüvvələr nisbəti ilə qarşı-qarşıya qalıb. Bu, beynəlxalq siyasi proseslərə də təsir göstərə bilər".

Maraqlıdır ki, A.Merkel yeni qüvvələr nisbətinin yaranma səbəblərinə də toxunub. Onun fikrincə, əsas səbəb Çinin iqtisadi və siyasi cəhətdən ciddi şəkildə güclənməsi ilə bağlıdır: "Ancaq bu məsələdə digər səbəblər də var. Məsələn, Rusiyanın vaxtaşırı aqressiv davranışları da qüvvələr nisbətinin yenidən formalaşmasında önəmli rol oynayır".

Təbii ki, Angela Merkelin bu açıqlamasından bir sıra nəticələr çıxartmaq olar. Ancaq həmin nəticələrin ABŞ-ı məmnun edəcək məzmun daşımayacağı da qətiyyən şübhə doğurmur. Hər halda, Angela Merkelin Ağ Evə müəyyən mesajlar verməyə çalışdığı açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, NATO ABŞ-ın xüsusi həssaslıq göstərdiyi beynəlxalq hərbi-siyasi alətdir. Ağ Ev adətən, öz beynəlxalq rəqiblərini məhz bu alət ilə hədələyir. Son günlər Rusiyanın hədələbmısində NATO faktorunun ön plana çıxarılması da bunu təsdiqləyir. Və Ağ Ev həm Rusiyanı, həm də Çini ABŞ-ın xarici düşmənləri arasında ilk sıraya yazıb.

196100.jpg (41 KB) 

Almaniya kansleri isə deyir ki, Çin iqtisadi-siyasi cəhətdən çox güclənib, Rusiya isə aqressiv davranır. Buna paralel olaraq da ABŞ-ın əsas güc qaynağı NATO ciddi problemlər ilə üzləşməyə başlayıb. Və əslində, Angela Merkelin bütün bu dediklərində ABŞ-a yönəlik üstüörtülü bir qınaq cəhdi də nəzərə çarpır.

Məsələ ondadır ki, son dövrlərdə Ağ Ev Almaniyaya qarşı təzyiq və təhdid faktorlarını ön plana çıxarmağa başlayıb. Bir tərəfdən, ABŞ hərbi bazaları Almaniyadan çıxarılaraq, Baltikyanı ölkələrdə yerləşdirilir. Bununla da Almaniya külli miqdarda maliyyə vəsaitindən məhrum edilir. Bəzi nəhəng Almaniya şirkətləri isə ABŞ hərbi bazalarının timsalında önəmli sifarişçini itirir.

Digər tərəfdən isə Almaniyada keçmiş hərbçilər və ultrasağçı qüvvələr Merkel hakimiyyətinə qarşı vahid mərkəzdən hərəkətə gətirilib. Onlar ölkənin xanım kanslerini devirməklə hədələyirlər.

Bütün bunların əsas səbəb isə Almaniyanın Rusiya ilə enerji resursları sahəsində əməkdaşlığı davam etdirməsidir. Halbuki ABŞ Merkel hakimiyyətindən Rusiyadan enerji resursları idxalını tamamilə dayandırmağı tələb edir. Əvəzində digər enerji resursları ixracatçıları ilə əməkdaşlıq etməyi məsləhət görür. Və bu səbəbdən ABŞ-Almaniya münasibətləri müəyyən mənada, "düyünə düşmüş" kimi görünür.

angela-merkel-wladimir-putin.jpg (80 KB) 

Eyni zamanda, kansler A.Merkelin "qüvvələr nisbətinin dəyişməsi" ilə bağlı dediklərində Ağ Evə yönəlik incə xəbərdarlıq mesajı da sezilməmiş deyil. Belə ki, xanım kansler NATO-nun artıq və şəriksiz hərbi-siyasi güc statusunu itirdiyinə eyham vurur. Bu hərbi-siyasi alyansa alternativ yeni beynəlxalq iradə mərkəzinin yaranmaq üzrə olduğunu qabardır. Eyni zamanda, ABŞ-ın Almaniyaya qarşı təzyiq və təhdidləri davam etdirəcəyi təqdirdə, Merkel hakimiyyətinin alternativ qütbə yönəlmə ehtimalı gündəmə gətirilmiş olur.

Belə anlaşılır ki, əslində, A.Merkel NATO-nun düşdüyü durumdan danışarkən, əsas məqsəd ABŞ-ın öz müttəfiqlərinə hörmətsizliyinin nəticələrini qabartmaq niyyəti də ola bilər. Çünki NATO-nun zəifləməsində və ABŞ-ın düşməni elan edilən qütbün güclənməsində Ağ Evin yanlış xarici siyasət kursunun da təsiri olmamış deyil. Hər halda, Ağ Evin narazı saldığı nüfuzlu dünya dövlətlərinin əks qütblə daha fərqli məzmun üzrə anlaşmağa üstünlük verdiyi inkaredilməz reallıqdır. Və bunu məhz Türkiyənin timsalında daha yaxşı müşahidə etmək mümkündür.

Məsələ ondadır ki, Ağ Evin son təzyiqləri Türkiyəni artıq alternativ hərbi-siyasi müttəfiqlər barədə düşünmək məcburiyyətində qoyub. Rəsmi Ankara hazırda Rusiya və Çin ilə yeni münasibətlər modelinə meyilli olduğunu qətiyyən gizlətmir. Xüsusilə də, prezident Co Baydenin "genosid avantürası"ndan sonra Türkiyənin Çin ilə bəzi strateji sahələr üzrə əməkdaşlığa başlaması ABŞ üçün ciddi xəbərdarlıqdır.

Əgər, Ağ Ev rəsmi Ankara ilə anlaşmağa nail olmazsa, ABŞ Türkiyə kimi önəmli strateji müttəfiqini itirə bilər. Ancaq bu itkinin Ağ Evə çox baha başa gələ biləcəyi də indidən nəzərə alınmalıdır. Hər halda, rəsmi Ankaranın atacağı hər bir addımın mütləq ikitərəfli zərbəsi olacaq.

erdo-reis.jpg (114 KB) 

ABŞ-Türkiyə münasibətləri pozurlarsa, rəsmi Ankara Rusiya və Çin ilə strateji müttəfiqlik qərarı verə bilər. Bu isə ABŞ və Qərbə qarşı Rusiya-Çin qütbünün güclənməsi deməkdir. Digər tərəfdən, buna paralel olaraq, Türkiyənin NATO-nu tərk etməli olacağı da qətiyyən şübhə doğurmur.

Türkiyə öz hərbi gücünə görə NATO tərkibində ABŞ-dan sonra ikinci dövlətdir. Türkiyənin bu qurumu tərk etməsi NATO-nun az qala yarısının itirilməsi anlamına da gələ bilər. Bu halda, ABŞ və Qərbin qorumağa çalışdığı hərbi-siyasi qütb həm ciddi şəkildə zəifləyəcək, həm də NATO-nun ümumiyyətlə, mövcudluğu belə, gərgin müzakirə və mübahisə mövzusu olacaq.

Göründüyü kimi, hazırda artıq NATO-nun gələcək taleyi ciddi təhlükə qarşısındadır. Angela Merkel kimi təcrübəli siyasətçinin bu mövzunu gündəmə gətirməsi qətiyyən təsadüfi deyil. Böyük ehtimalla Almaniya kansleri Bayden administrasiyasına NATO-nu zəiflədib, qarşı qütbü gücləndirən xarici siyasət kursundan imtina etməyi məsləhət görür.

Yəqin ki, NATO-nun da, elə ABŞ və Qərbin Rusiya-Çin çütlüyü ilə rəqabətinin də taleyi indi məhz Bayden administrasiyasının qəbul edəcəyi qərarlardan asılıdır. Hər halda, Bayden administrasiyası A.Merkelin üstüörtülü təhdidlərinə daha həssas yanaşsa, həmin qərarlar proqmatik məzmun daşıya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam