ABŞ və Qərb Rusiyanın ən zəif yerlərini tam dəqiqliyi ilə müəyyən edə bilib, Kremlin müqavimət resurslarının tükənmək üzrə olduğu qənaətinə gəlib; Kreml hətta Rusiyanın sərhədləri ətrafında baş verənlərə reaksiya imkanlarını belə, itirə bilər…
Yenixeber.org: Dünyada siyasi-ideoloji qütbləşmə dərinləşməkdə davam edir. Artıq hərbi-siyasi məzmun daşıyan bu qütbləşmə təhlükəli prosesə çevrilməyə başlayıb. Və bu baxımdan, dünya nəhəngləri arasında real qarşıdurma vəziyyəti ciddi narahatlıq doğura biləcək faktordur.
Bir müddət öncə Ağ Ev ABŞ-ın xarici düşmənlərini rəsmən elan etdi. Rusiya və Çini də bu düşmənlərin arasında ilk sırada təqdim etməyə üstünlük verdi. Bu isə Ağ Evin yaxın gələcək üçün əsas beynəlxalq prioritet hədəflərini təxmin etməyə imkan verir.
Belə anlaşılır ki, prezident Co Baydenin “ABŞ beynəlxalq mübarizə məkanına geri dönür” şüarı ilə başlatdığı qütbləşmə prosesi hələ uzun müddət davam edə bilər. Üstəlik, Bayden administrasiyası beynəlxalq qütbləşmənin əsas “düyün nöqtəsi”ni də müəyyən edib. Və bu funksiya Ukraynanın üzərinə düşüb.
Əslində, tam dəqiqliyi ilə seçilmiş “düyün nöqtəsi”dir. Çünki Rusiyanı hərbi-siyasi münaqişə vəziyyətinə çəkmək üçün Ukraynadan daha uyğun variant tapmaq çətin olardı. Ona görə də, Ağ Ev Donbass böhranı ətrafında Ukrayna və Rusiyanı çox asanlıqla kəskin qarşıdurmaya sürükləyə bildi.
İndisə hərbi-siyasi qarşıdurmanın ikinci mərhələsinə start verilib. Yəni, Ağ Ev Ukrayna böhranını aktual saxlamaqla, bu qarşıdurma üzərindən Rusiya əleyhinə təzyiq kampaniyasını gücləndirməyə çalışır. Böyük ehtimalla bu kampaniya Rusiyanın öz sərhədləri içərisinə tam sıxışdırılana qədər davam edəcək.
Ağ Ev artıq bütün beynəlxalq təzyiq resurslarını işə salıb. Rusiyaya qarşı ən sərt sanksiyaların tətbiq olunması artıq öz təsirini göstərməyə başlayıb. Eyni zamanda, Rusiyanın sıxışdırılması məqsədilə yeni təzyiq cəbhələri də açılmaqdadır.
Bu baxımdan, Avropa Parlamentində Rusiya ilə bağlı qəbul edilən son qətnamə böyük maraq doğurur. Çünki həmin qətnamə məzmun etibarilə Rusiyanın öz sərhədləri ətrafında baş verənlərə reaksiya imkanlarını məhdudlaşdırmaq məqsədi güdür. Yəni, Kremlin əl-qolunu bağlamağa cəhd göstərirlər.
Avropa Parlamentinin qətnaməsində Rusiyanın Ukrayna ərazisinə hücum edəcəyi təqdirdə, Kremlin üzləşəcəyi beynəlxalq sanksiyalar sadalanır. Üstəlik, həmin sanksiyaların kifayət qədər sərt olması və maliyyə-iqtisadi məzmun daşıması Kreml üçün çətin günlərin sürətlə yaxınlaşmaqda olduğu anlamına gəlir.
Məsələ ondadır ki, Kreml Ukrayna ərazisinə qoşun yeritdiyi andan etibarən Rusiya SWIFT sistemindən çıxarılacaq, rus oliqarxların və onların ailələrinin bütün aktivləri dondurulacaq, Rusiyadan təbii qaz və neft alışı dərhal dayandırılacaq.
SWIFT dünya maliyyə qurumlarına standartlaşdırılmış və etibarlı bir mühitdə maliyyə əməliyyatları haqqında məlumat göndərməyə və almağa imkan verən beynəlxalq şəbəkədir. Belə bir önəmli maliyyə sistemində iştirakdan məhrum olunacağı təqdirdə, Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarında olduqca ciddi problemlər yarana bilər. Ona görə də, bundan ciddi şəkildə narahat olan Kreml hazırda belə bir problem ilə üzləşəcəyi təqdirdə, ən optimal alternativ çıxış yollarını axtarmağa başlayıb.
Oliqarxların və onların ailə üzvlərinin bütün aktivlərinin dondurulması ilə bağlı təhdid yalnız maliyyə-iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. Bununla Putin hakimiyyətini Rusiyanın maliyyə-iqtisadi elitası ilə qarşıdurma təhlükəsi üzərindən hədələyirlər. Hər halda, Rusiyanın maliyyə-iqtisadi elitasının Kremlin aqressiv xarici siyasət kursu, xüsusilə də, Ukraynaya qarşı işğalçı davranışları ucbatından ziyan çəkməyə həvəsli olmadığı qətiyyən şübhə doğurmur. Bu baxımdan, sanksiyalar rus oliqarxları Putin hakimiyyətindən narazı sala biləcək faktor sayıla bilər.
Nəhayət, Rusiya təbii qazından və neftindən imtina edilməsi Kreml üçün ən ağır zərbə rolunu oynayırdı. Belə ki, bu zərbəni təxminən nüvə hücumu ilə müqayisə etmək olar. Çünki hər ikisinin təsir effekti təxminən oxşar nəticələr vəd edir.
Məsələ ondadır ki, Rusiyanın maliyyə-iqtisadi sistemi hazırda birmənalı şəkildə enerji resurslarının ixracına bağlıdır. Əgər, enerji resurslarından əldə edilən gəlir olmazsa, onsuz da deqradasiya dövrünü yaşayan Rusiya iqtisadiyyatınl qısa müddətdə çökdürə bilər. Bu baxımdan, Rusiya indi neft və qaz boru kəmərlərindən aldığı “həyat nəfəsliyi”nin qapanması təhdidi qarşısında taleyüklü seçim etmək məcburiyyətində qalmış kimi görünür.
Anlaşılan odur ki, Kremldə Ukraynanı Rusiya üçün sonuncu qala hesab edirlər. Onu heç bir halda, ABŞ və Qərbə təslim etmək istəmirlər. Ancaq Ukrayna uğrunda savaşmaq Kremlə ümumiyyətlə, Rusiyanın itirilməsi bahasına başa gələ bilər. Və Bayden administrasiyasının məqsədli şəkildə Rusiyanı məhz bu dalana doğru çəkdiyi qətiyyən diqqətdən yayınmır.
Artıq şübhə doğurmur ki, ABŞ və Qərb Rusiyanın ən zəif yerlərini tam dəqiqliyi ilə müəyyən edə bilib. İndi bütün imkanlardan istifadə edərək, Kremli Rusiyanın ən zəif yerlərinə zərbə endirməyə səbəb verəcək addımlara sövq etməyə çalışırlar. Və bu, demək olar ki, Rusiyanın tərksilah edilməsi istiqamətində beynəlxalq prosesin başladılması anlamına gəlir.
Maraqlıdır ki, Böyük Britaniyanın “Mİ 6” xüsusi xidmət servisinin rəhbəri Riçard Murun açıqlamasında Rusiya üzərində qurulan ssenariləri təxmin etməyə imkan verən məqamlar yer alır: “Rusiya iqtisadi və demoqrafik baxımdan, zəifləyən və çətin dönəmdən keçən bir ölkədir”.
R.Mur Böyük Britaniya və ABŞ tərəfindən “Ukraynanın işğalının nələrə səbəb ola biləcəyi barədə Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edildiyini” də bildirib. Bu açıqlama təxminən “Biz Rusiyanın müqavimət göstərmək imkanlarının tükənmək üzrə olduğunu bilirik” anlamına da gələ bilər.
Bütün bunları nəzərə aldıqda, ehtimal etmək olar ki, yaxın vaxtlarda Donbass böhranı yenidən təhlükəli istiqamətə yönəldiləcək. Ancaq bu dəfə Ukrayna sərbəst şəkildə öz ərazi bütövlüyünü təmin etmək şansı qazana bilər. Yəni, Ukrayna separatçı rejimlərə qarşı hərbi əməliyyatlara başlayacaq. Rusiya isə buna necə reaksiya vermək məsələsində ciddi tərəddüdlər yaşayacaq. Çünki, Kremlə artıq anlatmağa başlayıblar ki, Rusiyanın gələcək taleyi demək olar, ssenariləşdirilib.
Ona görə də, yaxın vaxtlarda Rusiya əli-qolu bağlanaraq, tərksilah olunmuş dövlət durumuna düşə bilər. Bu halda, Kreml Rusiyanın sərhədləri ətrafında baş verənlərə müdaxilə etmək imkanlarını böyük ölçüdə itirə bilər.
Elçin XALİDBƏYLİ