“200 nömrəli yük” –Əfqanıstandan Penzaya içiboş tabut göndəriləndən 10 gün sonra əsgər sağ-salamat gəlib çıxıb
1979-cu ildə SSRİ-nin hərbi kontingentinin Əfqanıstana daxil olması ilə başlayan və 10 il davam edən müharibə sovet vətəndaşlarının yaddaşına faciəli hadisələrlə həkk olunub.
Yenixeber.org: Kreml bu dövrdə Əfqanıstana 800 milyon ABŞ dollarından artıq bir məbləğdə yardım göstərib.
Əfqanıstandakı sovet qoşunlarının saxlanılmasına, hərbi əməliyyatların keçirilməsinə isə təxminən 3 milyard dollar sərf edilib. Sözsüz ki, sıravi vətəndaşların əksəriyyəti bu xərclərdən məlumatsız olub.
Nəinki xərclər, hətta ilk illərdə Əfqanıstanda baş verən hadisələr maksimum gizli saxlanılıb. Mətbuat sovet əsgərlərinin Əfqanıstanda dəmiryolu çəkməsini, məktəb tikməsini tirajlayaraq əsl həqiqətləri gizlətməyə cəhd edib. Amma bu, uzun çəkməyib və çox keçməmiş “Əfqanıstanda hərbi xidmət” hərbi xidmətə çağrılınanlar və onların valideynləri üçün böyük qorxuya çevrilib.
Əfqanıstan müharibəsi digər faciəli hadisələrlə yanaşı həm də “200 saylı yük” ifadəsi ilə yadda qalıb. Yükdaşımalarda bu termin əvvəllər də olub, amma sovet vətəndaşları onun aşıqlamasını yalnız Əfqanıstan müharibəsi başlanandan sonra anlayıblar.
Əfqanıstanda həlak olan döyüşçülərin meyitlərinin tabutu “200 saylı yük” adlandırılıb.
Niyə məhz “200”?
Həlak olan döyüşçülərin meyitləri SSRİ-yə, doğulduqları yerə sinkdən hazırlanmış tabutlarda gətirilib. Sink tabut hər tərəfdən qaynaq edildikdən sonra taxta qutulara qoyulub. Bu cür “yük”lərin çəkisi təxminən 200 kiloqram ağırlığında olub.
Nadir hallarda sink tabutun üzərində bir-iki yerdə gözlük qoyulub. Sink tabutlar həlak olanların ailə üzvlərinə veriləndə onu açmamağı “məsləhət” görüblər. Əslində isə tabutların açılmasına ciddi qadağa qoyulub. Bu da səbəbsiz olmayıb. Çünki bəzi meyitlər yalnız parçalanmış əzalardan ibarət olub, yaxud da meyit tanınmaz hala düşüb.
Bu da bir faktdır ki, içərisi boş olan tabutlar da ailələrə təhvil verilib. Döyüş meydanlarında bəzi hallarda meyitlərin çıxarılması mümkün olmadığından və döyüşçünün ailə üzvlərini “narazı” salmamaq üçün sink tabutlara sadəcə uyğun çəkidə kütlə qoyularaq ailəyə verilib.
Boş tabutlar haqqında Əfqanıstandakı sovet qoşunlarının arxa çəbhə hissəsində xidmət edən mayor Aleksandr Koçetov 1990-cı illərdən sonra verdiyi müsahibələrdə aşağıdakıları qeyd edib:
“Dağlar arasındakı hərbi əməliyyatlar bəzən elə şiddətli olurdu ki, böyük itkilərə məruz qalırdıq. Bəzi hallarda çətin dağ şəraitində meyitləri çıxarmaq mümkün olmurdu. Bəzən də meyitlər elə bir vəziyyətə düşürdü ki, əzaların kimə məxsus olduğunu müəyyən etmək olmurdu. Mən arxa çəbhə hissəsində xidmət edirdim. Mənə həvalə olunmuş vəzifələrdən biri də həlak olmuş döyüşçülərin meyitlərini uçuş meydançasına gətirmək idi. Biz əvvəlcə döyüşlərdən sonra meyitləri ərazidən çıxarırdıq, kimlərin həlak olmasını siyahı ilə müəyyənləşdirirdik. Elə olurdu ki, həlak olanlarla siyahı arasında say fərqi olurdu.
Yəni meyitlərin sayı az olurdu. Belə olan halda həlak olan, amma meyiti tapılmayan döyüşçünün tabutu ailəsinə boş göndərilirdi və bu son dərəcə məxfi saxlanılırdı. Əfqanıstanda xidmət etdiyim illərdə belə bir hadisə də baş vermişdi. Həlak olanların arasında Penzadan hərbi xidmətə çağrılmış əsgərin meyitini tapmamışdıq. Onun da tabutunu ailəsinə boş göndərdik. Təxminən 10 gündən sonra həmin əsgər peyda oldu. Harada olduğunu da öyrəndik. O, yerli sakinlərlə narkotik mübadiləsi edirdi. Hissə komandiri onu ciddi cəzalandırdı. Həmin əsgərə ailəsi ilə əlaqə yaratmağa icazə vermədilər. Çünki bu, SSRİ-də, övladları Əfqanıstanda qulluq edən ailələrdə çaşqınlıq yarada bilərdi...”
Sink tabutların açılmaması üçün yerli hərbi komissarlıqların və digər rəsmi qurumların nümayəndələri dəfn mərasimlərində tabut torpağa basdırılana qədər iştirak ediblər.
Meyitlərin sink tabutlarda daşınması və onun hər tərəfdən qaynaq edilməsi uzun məsafəni qət edərkən meyidin qoxusunun yayılmaması və yarana biləcək infeksiyaların qarşısının alınması məqsədini daşıyıb.
Həlak olan döyüşçülərin meyitlərinin yaşadıqları yerə gətirilməsinin “200 saylı yük” adını daşınmasının səbələrindən biri də, SSRİ müdafiə nazirinin həlak olmuş döyüşçülərin daşınması haqqında imzaladığı əmrlə bağlı olub. Həmin əmrin nömrəsi də 200 olub.
Bütün nəqliyyat vasitələrində, aviasiya, dəmiryol, su nəqliyyatında daşınan meyitlər eyni adla, “200 saylı yük” adı ilə qeydiyyata alınıb.
1979-cu ildən 1989-cu ilə qədər davam edən Əfqanıstan müharibəsi zamanı SSRİ-yə göndərilən “200 saylı yük”ün sayı təxminən 15 minə çatıb. Sink tabutların içinin dolu, yaxud da boş olmasını isə indi yalnız torpaq bilir.
Qeyd edək ki, Əfqanıstan müharibəsində Azərbaycandan 7500 nəfər iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyyatlar zamanı həlak olub.
İlham Cəmiloğlu