Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Sosial şəbəkələrdə tanışlıqlar -Məhəbbətin biofiziki coğrafiyası

 

Əvvəllər insanlar kinolarda, bulvarda, parklarda, küçələrdə, ictimai nəqliyyatda, səfərlərə gedəndə tanış olurdular. 

Yenixeber.org: İndi tanışlıq üçün daha əlverişli variant var, “evdən çıxmadan, qoşulma və çatdırılma pulsuzdur”. Tanışlıq  saytları. Belə tanışlıqlar bir tərəfdən həqiqətən çox əlverişlidir, asandır, qısa müddətdə onlarla insanla tanış ola bilərsiniz, amma digər tərəfdən, bir az təhlükəlidir. Təhlükəli tərəfini saxlayaq, əvvəl müsbət tərəflərindən danışaq, sonra mənfini qeyd edərik. Onsuz da, bizim dediymiz əsas deyil, indi hamı ağıllıdır, öz bildiyini daha düzgün hesab edir.  Tanışlıq saytlarına baxanda adam təəccüb edir ki, bu cür gözəl oğlanlar və qızlar niyə saytlarda tanışlıq axtarır və ya digər sosial şəbəkələrdə? Həyat təcrübəmizə inansanız bir neçə məsləhətimizə əməl edin ki, internetdə dostluq və romantik əlaqələr qurarkən və ya sevgi üçün tərəf müqabil seçərkən məyus olmayasınız. Biz qətiyyən belə əlaqələrin əleyhinə deyilik, əksinə, bu münasibətlər artıq mövcuddur və bizim xoşumuza gəlib-gəlməməsi heç kimi maraqlandırmır. Əslində çox cəlbedici prosesdir, bir saata profilini bəyəndiyiniz birinin haqqında hər şeyi öyrənə bilərsiniz:onlayn tanışınız hansı növ musiqini dinləməyə üstünlük verir, kinonun hansı növü ona daha yaxındır, idman, rəqs, mahnı oxumaq

 və ya başqa bir hobbisi varmı, harda oxuyur, harada işləyir, hansı ixtisasdadır, hansı yeməyi sevir və s. maraqlarınıza əsasən istədiyiniz  sualı verə bilərsiniz. “Evdən çıxmadan, qoşulma və çatdırılma pulsuzdur”. Əladır deyilmi? Üzbəüz bəlkə soruşmaq çətin olan hər şeyi mesajla soruşmaq olur.  Tanışlıq saytlarında düzgün ünsiyyət qurmağın da öz qaydaları var. Ağıllı olaq ki, bizi kimsə aldatmasın. Hazırsınızsa başlayaq:

 

1.Bu tanışlıqdan özünüzün nə gözlədiyinizi, ümumiyyətlə nə istədiynizi dəqiqləşdirin. Dəqiq və konkret. Məqsədinizi bilsəniz, tanış olduğunuz adamın səzə uyğun olub olmamasın tez təyin edəcəksiniz, vaxtınız boşuna getməyəcək.

2.Həmsöhbətinizin sizinlə ancaq xoş vaxt keçirmək planını və ya ciddi yanaşmasını anlamaq problem deyil. Qətiyyən aldadılmağınıza imkan verməyin, əgər sözünüz tutursa, ümumi cəhətləriniz varsa, o zaman şəxsi fotoşəkillərini göndərməsini, videogörüntü ilə, Skype-da danışmağı təklif edin; həmsöhbətinizdən azca şübhələnirsinizsə, əmin deyilsinizsə sirlərinizi bölüşməyin, özünüzə, ailənizə aid məlumat verməyin;

 

3.Onun haqqında bütün məlumatları yoxlayın, özündən soruşun və konkret suallar verin. Daha ətraflı: sizə xoş sözlər deyib, tərifləyirsə, komplimentlər yağdırırsa, narahat olmayın, tərifləri inkar etməyin, komplimentləri xoş qəbul edin. Əks təqdirdə, özünüzə olan hörmətinizin aşağı səviyyədə olduğunu göstərəcəksiniz, komplimentlərə qarşılıq verin və ya tərifə yumorla cavab verin.

4.Əgər tanışlıq saytında mesajlaşırsınızsa və hər yazdığınız sözə sadəcə bir kompliment, ya da qısa cavab verilirsə, cavab da gec verilirsə, bu ünsiyyəti əyləncə hesab edən bir göstəricidir. Həmsöhbətiniz bu anda ya həqiqətən kiminlə isə məşğuldur, ya da sizə qarşı laqeyddir.

 

5.Qızlar, tanış olduğunuz adam görüşə təkbaşına gəlməyinizi xahiş edərsə, ayıq olmaq lazımdır. Ciddi münasibət qurmaq istəyən adam tək gəlməyi istəsə, demək ehtiyatlı olmalı. İlk görüş zamanı onlayn tanışınızın nə qədər səxavətli, qayğıkeş olduğunu anlamaq üçün bir pul israfının olması vacibdir. Bu məsələni əvvəlcədən də müzakirə etmək olar, sonra "çay pulunu kim ödəyəcək?" sualı ortaya çıxmasın.

6.İlk görüşdən çox şey gözləməyin; görüş üçün bütün məsuliyyəti öz üzərinizə götürməyin; necə varsınız elə olun, dəyişməyə, uyğunlaşmağa və ideal bir tərəfdaş kimi görünməyə ehtiyac yoxdur. Geyinib-bəzənmək lazım deyil, yaxşı əhval ruhuyyədə, təbii, sadə və dəblə geyinib gedə bilərsiniz. İdman stili daha yaxşıdır, rahatlıq gətirir və gərginliyi aradan qaldırır. Unutmayın, geyim əsasdır, geyimə görə qarşılayırlar, ağıla görə qiymətləndirirlər (və ya yola salırlar). Uyğun bir tərəfdaş tapmaq üçün seçiminizin sizə yaxşı münasibətdən başlayacağını unutmayın. Özünüzü qəbul etdirməli, sərhədlərinizi və tərəfdaşınızın sizə olan hörmətini hiss etməlisiniz.

7.“Özünü sığortalamaq” ağıllı adam üçün ən əsas məsələdir, sosial şəbəkə tanışlığından danışarkən, bir-birinə zidd olan iki qütbdə dayandığınızı nəzərə almaq vacibdir. Bunun üçün tərəf müqabilinizi adi vəziyyətindən çıxara biləcək bir metod tapın; hansı sözlərlə adekvat qıcıqlanma yarada bilərsiniz ki, o bir az hirslənsin. Bu zaman nə münasibət göstərsə, onu əsas götürün, ilk reaksiya çox önəmlidir, insan hirslənəndə öz üzərində nəzarəti itirir və əsil simasını göstərir. Onu  hirsləndirəcək sözlərə reaksiyasına baxın və münasibətinizi davam etdirib etdirməməyinizə qərar verin. Bu bir çox qədim kitablarda da göstərilmişdir. İnsan çox dərin məxluqdur, insanı bir növ bal arısına bənzədirlər, ağzından bal tökülür, dərinlərdə isə neştəri var. Virtual ünsiyyətdən canlı formata keçmədən bunu mütləq edin, əgər aqressiv adamdırsa, bitirin getsin, tanış olmaq üçün saysız variantlar var. Məşədi İbad demişkən “O olmasın, bu olsun”. Kim olur, olsun, normal adam olsun (pulu çox olmasa da, olar, amma gələcəyi olan adam olsun ki, maddiyyat əsasdır, maddi vəsaiti olmayan biri arzularımızın həyata keçməsinə şərait yarada bilməyəcək). Heç vaxt ümid etməyin ki, “sizi aldatmaq olmaz”, əksinə, həmişə ehtiyatlı olun. İnternet tanışlıqlarında səhv edib aldanan məhz “məni aldatmaq olmaz, mənim dostum  yalançı deyil, hər şey yaxşı olacaq" təsəvvürü ilə yaşayan insanlardır. Fərqi yoxdur, qadın olsun və ya kişi. Oğlanlar bilməlidir ki, internetdə tanışlıq axtaran qızlar avam deyil. Onlar nə istədiyini bilir.

 

Səmimiyyət və sadəlövhlük arasındakı fərqi anlamalısan. Ağıllı və dünyagörmüş insan heç vaxt səmimiyyəti pis məqsədlər üçün istifadə etməz, amma həyat yaşamaq uğrunda mübarizədir, insanlar yaxşı yaşamaq uğrunda hər vasitədən istifadə edə bilər. Bu həqiqətdir, bu səbəbdən özünüzə aid sirləri danışmazdan əvvəl bunun sizin üçün nə qədər zərərli ola biləcəyini düşünün. Sosial şəbəkədə tanış olub “o mənim çox xoşuma gəlir”  deyə tez-tələsik ciddi münasibət qurmağa tələsməyin, insanı tanımaq, onunla bir həyat qurmaq kimi məsələləri bir günə və ya daha az vaxta həll etmək asan deyil. İnsan həyatı maddiyyat əsasında qurulur və onun üzərində mənəvi dayaqlar məskunlaşır.

 

Tanışınızın sizi aldatdığını və ya ciddi insan olduğunu öyrənmək üçün onun profilini öyrənin. Özü haqqında yazdıqlarına, hansı peşənin sahibi olduğuna, yaşının neçə olduğuna, təhsilinə, paylaşdığı fotolara, geyiminə, üz ifadələrinə və duyğularına diqqət yetirin. Əlbəttə, bəziləri saxta fotoşəkillər düzəldir, ancaq yazışmalar zamanı həmsöhbətinizin həmin anda çəkilmiş şəklini  istəyə bilərsiniz. Və xoşbəxtlikdən indi görüntülü danışmalar var. Qoyduğu şəklin sahibi olub olmadığını öyrənmək an məsələsidir. Nəzərə alınmalıdır ki, bəziləri özlərinin şəklini qoymağa utanır, fotoşəkillərdə özlərini qəbul etmir, bəzən belələri daha yaxşı, bir az utancaq insanlar olur.

 

Ağıl insana ona görə verilib ki, özünü, öz həyatını idarə etsin. Gənc yaşlarda özünə uyğun olmayan birinə aşiq olub həyatını qurban verən insan sonralar bunun ağrısını çəkməyə məhkum olur. Məhəbbət çox qarışıq hissdir, bəzən ən ağıllı insan ən dəyərsiz birini onun dəyərsiz olduğunu bilərək sevə bilər. Məhəbbət hissdir, dünyanın sonu deyil, bəzən izsiz sönüb gedir, bəzən də özündən sonra dərin yaralar qoyur. Buna görə tanış olduğunuz insanda özünüzə uyğun keyfiyyətləri tapın, sonra nə edəcəyinizə qərar verin. Müasir dünyada isə hər şeyi ölçüb-biçmək lazımdır. Evi, işi, yaşamaq üçün minimum imkanları olmadan dünyaya uşaq gətirib özünü və övladını həyatın girdabına salmaq ağılsızlıqdır. Sevmək üçün də ağıl lazımdır. Məhəbbət hissi insan həyatının əsasını təşkil etsə də ona tam təslim olmaq lazım deyil. Həyatını sakit, istədiyin kimi yaşamaq istəyirsənsə, ağılla sev, münasibətlərini ağılla idarə et. Eyni zamanda sevdiyin adamın tələblərini və arzularını öyrən və ona əməl et.

 

Bu cür onlayn tanışlıqların populyarlığının sirri nədir? Niyə hər gün daha çox insan onlayn xidmətdən istifadə edir və onlayn tanışlıq canlı ünsiyyətdən niyə üstün hesab olunur? Bunları da nəzərinizə çatdıraq.

1.Onlayn tanışlıqdan hər an istifadə etmək mümkündür. Görüşməyə vaxt itirməyinizə ehtiyac yoxdur, yalnız bir telefona və internetə sahib olmaq kifayətdir.

2.Saatın neçə olması vacib deyil, gecə-gündüz, yolda, yemək yeyəndə də yazmaq olur. İnternet tanışlıq sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirir.

3.Mesajlara dərhal cavab vermək lazım deyil, cavabı düşünməyə, tanışınıza layiqli cavab verməyə kifayət qədər vaxtınız var.

4.Eyni anda bir neçə insanla ünsiyyət qurmaq mümkündür. Onlayn söhbət canlı söhbətdən daha asandır, belə ki, bu utancaq insanlar üçün də əla çıxış yoludur.

5.İstəyinizə uyğun olmayan insanları yaşına, peşəsinə, maraqlarına görə seçərək, uyğun olmayanı dərhal bloklaya bilərsiniz.

Onlayn tanışlığın müsbət xüsusiyyətlərindən biri də budur ki, imtina etdiyinizi heç kimə izah etmək məcburiyyətində deyilsiniz, kiminsə xoşuna gəlmək üçün çalışmalı deyilsiniz. Əsas siz özünüzsünüz, xoşunuza gəlməyənə vaxt sərf etmirsiniz. "Mənə inanmırsan?" sözünü qəbul etmirsiniz və bu cür tanışlıqları dərhal bloklayırsınız. Sərhədlər sizindir, sizinlə tanış olmaq istəyən hörmət gözləməyi bacarmalıdır. Onlayn tanışlıqların mənfi tərəfləri də var, amma bir yazıda hərtərəfli göstəriş vermək mümkün deyil, sağlıq olsun, bunları da qeyd edərik. Unutmayın, kim deyirsə ki, internetdən tanış olub evlənmək yaxşı deyil, düz deyil, mentalitetimizə uyğun deyil, elə həmin adamlar özünə lazım olsa, dünyanın o biri başından xoşuna gələn adamla əlaqə qurar.

Dünyada çox şeylər mutasiyaya uğrayır və bu zamanın tələbidir. Məhəbbət, ailə qurmaq prosesi də mutasiyaya uğrayıb, buna aqressiv münasibət göstərmək əslində düz deyil. Belə münasibətlər artıq dünyada çoxdan mövcuddur və çoxdan özünü uğurla təsdiq edib. İnsanlar sosial şəbəkələrdə məhəbbət tapa bilərmi? Əlbəttə. Düzgündürmü? Tamamilə.

P.S.Nəzərinizə çatdırmağı vacib hesab etdiyim bir məsələ də var. Tanış olarkən dost və düşmən millətləri mütləq nəzərə alın. Bu sizin xeyrinizədir.  

 

Sosial şəbəkələrdə tanışlıqlara münasibətiniz müsbətdir, yoxsa?

                                   Fikirlərinizi aşağıda yaza bilərsiniz.                                              

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam