Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İskəndər” raketləri yenidən “partladı”-ŞƏRH

Azərbaycanın müharibə zamanı “İskəndər” raketi atıldığını rəsmən təsdiqləməsi Rusiya ilə münasibətlərdə problem yarandığına işarədir

Yenixeber.org: 2020-ci ildə 44 günlük müharibə zamanı Rusiyanın məşhur “İskəndər” raketlərinin Azərbaycana qarşı tətbiq olunub-olunmaması məsələsi yenidən gündəmdədir.

Xatırladaraq ki, müharibədə “İskəndər” operativ-taktiki raket kompleksinin istifadə olunması barədə ilk olaraq Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışıb. O, ötən ilin noyabrında müharibənin son günləri “İskəndər”dən istifadə edildiyini bildirmişdi. Bu il fevralın 24-də isə baş nazir Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “İskəndər”dən niyə istifadə olunmadığı barədə ittihamlarına sensasion cavab vermişdi: “Qoy, Sarkisyan cavab versin ki, niyə “İskəndər” raketləri partlamadı? Yaxud niyə 10 faizi partladı?!”

Bu açıqlama Azərbaycanda və Rusiyada rezonans doğurdu və ciddi müzakirələrə səbəb oldu. Həmçinin, noyabrın 9-u axşamı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanmazdan saatlar əvvəl Xırdalana raket atılması olayını gündəmə qaytardı. Həmin gün Bakının şimal-qərb istiqamətində güclü partlayış səsi eşidilsə də, dağıntı və tələfat olmamışdı. Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanları bu barədə hər hansı açıqlama vermədilər. Amma kuluarlarda şayiələr dolaşmağa başladı ki, Rusiya tərəfindən Azərbaycanı Bəyanatı imzalamağa məcbur etmək üçün raket atılıb və havada zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov “İskəndər”in atıldığı, amma partlamadığı ilə bağlı Paşinyanın açıqlamasına reaksiya verərkən bildirmişdi ki, Qarabağ müharibəsində bu raketlərdən istifadə edilməyib. Rusiya mətbuatında dərc olunan çoxsaylı məqalələrdə ölkənin hərbi sənayesinin qüruru olan silah sistemini gözdən salan Paşinyana qarşı sərt tənqidlər var idi. Rusiya hərbi-siyasi elitasının basqılarından sonra Paşinyan dediklərini təkzib etməyə məcbur olmuşdu.

Bu hadisə xarici medianın da diqqətini çəkib. Martın 3-də Böyük Britaniyanın “Middle East Eye” saytında “Azərbaycan-Ermənistan münaqişəsi: İsrail istehsalı olan müdafiə sistemi Yerevanın Bakıya atdığı, Rusiya istehsalı olan raketi zərərsizləşdirib” başlıqlı yazı dərc olunub. Məqalədə ad çəkilmədən yüksək rütbəli rəsmilərdən birinə istinadla yazılıb ki, ötən il Qarabağ müharibəsinin son günlərində Rusiya Ermənistanı Azərbaycana “İskəndər” raketi atmağa təhrik edib, amma İsrailin istehsal etdiyi “Barak-8” sistemi sayəsində raketi zərərsizləşdirmək mümkün olub.

Bu hadisəyə Azərbaycanın reaksiyası belə olub: Müdafiə Nazirliyi hər hansı açıqlama verməyib, Prezident İlham Əliyev isə fevralın 26-da media üçün keçirdiyi brifinqdə iddiaların doğru olmadığını bildirib:

“Biz “İskəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim”.

Bu günlərdə “İskəndər” raketlərinin atılması Azərbaycan tərəfindən yenidən gündəmə gətirilib. Martın 31-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik – ANAMA-nın adının çəkilməsini istəməyən rəsmisi caliber.az saytına açıqlamasında bildirib ki, onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər:

“2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İskəndər” raket sisteminə aid olduğu müəyyən edilib”.

ANAMA əməkdaşı vurğulayıb ki, hətta açıq internet mənbələrində axtarış apararkən 9M723 identifikasiya nömrəsinin “İsgəndər” raketinə aid olduğunu müəyyən etmək mümkündür: “Bu isə İkinci Qarabağ Müharibəsi dövründə, o cümlədən də Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir”.

Qeyd edək ki, “İskəndər” raketlərinin qalıqları Bakıda, “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində ANAMA nümayəndələri tərəfindən icitmaiyyətə təqdim olunub.

“Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur. Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan raketlərin üzərindəki “M” nişanları isə onların məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir.

Açıq mənbələrə görə, Ermənistan Silahlı Qüvvələrinin sərəncamında olan raket kompleksi “İskəndər E” modifikasiyasıdır. Əslində “İskəndər-E”, “İskəndər-M”in sadələşdirilmiş ixrac versiyasıdır. “İskəndər-E”nin mənzili cəmi 280 km, yəni “İskəndər-M”in (500 km) mənzilinin yarısıdır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün mətbuata verdiyi açıqlamada “İskəndər” raketinin qalıqlarının tapılmasından xəbərsiz olduğunu bildirib. “Xeyr, anladığım qədər, bu, yeni məlumatdır. Ordumuzun bu barədə ətraflı məlumatı olub-olmadığını, prezidentə məruzə edib-etmədiklərini bilimirəm. Əlbəttə bu, daha çox onların səlahiyyətindədir”, – deyə Kreml sözçüsü vurğulayıb. Eyni zamanda, Peskov Qarabağda müharibə zamanı “İskəndər” raketlərindən istifadə olunmadığını bildirib.

Qeyd edək ki, ANAMA-nın bu məlumatı açıqlaması Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Azərbaycanın Qarabağ bölgəsinə səfərindən bir gün sonraya təsadüf edir. Agentlik açıqlayıb ki, “İskəndər” raketlərinin qalıqları martın 15-də tapılıb. Görünür, əvvəlcə Azərbaycanın əlində raketin tətbiqi ilə bağlı ya yetərli sübutlar olmadığından, ya da başqa səbəblərdən onun ictimaiyyətə açıqlanması 2 həftə ləngidilib.

Xatırladaq ki, general Bulqakov Xankəndində sülhməramlılar üçün yeni hərbi şəhərciyin və səyyar xəstəxananın açılşında iştirak edib. O, 3 ay ərzində Şuşa və Laçın əraziləri də daxil olmaqla, ətraf yerlərdə rusiyalı hərbçilər üçün 12 belə şəhərcik salınacağını söyləyib. Azərbaycanlı ekspertlər bu rəqəmlərin sülhməramlı kontingentdən əlavə, 4 minlik heyət üçün nəzərdə tutulduğunu deyirlər.

Bulqakovun səfəri ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Azərbaycanın adı çəkilmir və “Naqornıy Karabax” ifadəsi işlədilir. Yəni ərazisinin Azərbaycana aidiyyəti qeyd olunmur. Bundan əlavə, nazir müavininin bölgəyə Azərbaycanın razılığı ilə gəlib-gəlməməsi də məlum deyil, bu barədə hər hansı bilgi verilmir. Ehtimal etmək olar ki, rəsmi Bakı Bulqakovun missiyasından narazı qalıb, “İskəndər” raketlərinin atılması faktının ictimailəşdirilməsi həm də bu narazılığın təzahürüdür.

Əlbəttə, ikitərəfli münasibətlərdə problem yaradan başqa məsələlərin olduğu da istisna deyil. Qərb-Rusiya geosiyasi mübarizəsinin gücləndiyi bir mərhələdə tərəflərdən biri Azərbaycandan birmənalı seçim tələb edə bilər. Rəsmi Bakının Avrasiya İqtisadi İttifaqına inteqrasiyası, Qarabağda yerləşdirilən hərbi kontingentin sayının artırılması və ya ona hərbi baza statusu verilməsi Moskvanın istəkləri sırasına daxil ola bilər. Görünür, Azərbaycan rəhbərliyi Kremlin tələbləri və ümumən Qarabağla bağlı yeritdiyi siyasətlə razılaşmır, ölkə maraqlarına zidd addımlara gücü yetən qədər müqavimət göstərməyə çalışır.(pressklub)

P.S. Fotolar APA-ya məxsusdur.

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam