Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gədəbəy rayon idarəsinə təqribən dörd ay bundan öncə polkovnik-leytenant Eldəniz Süleymanlı yeni rəis təyin olunarkən, tam əksəriyyət düşünürdü ki, bu idarədə hökm sürən “bazar qanunları”na “stop” qoyulacaq.
Yenixeber.org: Amma, həmin kəslər nə biləydilər ki, əvvəlki “komissar”ların oturub işlədikləri binanın ümumi görkəmi xoşuna gəlməyən, rayonun MKTB-nin balansında olan və vaxtilə şəhər icra nümayəndəliyinin yerləşdiyi binanı, üstüstə on iş otağını 50 min manat vəsait xərcləməklə qaydaya saldıran, eyni zamanda özünə yaratdığı “super” iş otağına 25 min manat vəsait xərcləyən bu şəxs, bir hərbi bileti 6 min manata, üçildənbir həkim müayinəsindən keçməyin haqqını isə 500 manata qaldıracaq. Məsələnin düşündürücü tərəfi odur ki, Eldəniz Süleymanlı təqribən dörd ay bundan öncə adı çəkilən idarəyə rəis təyin olunur və o, ötən aylar ərzində digər xərclər istisna olunmaqla, söylənilənlərə görə, təkcə təmir işlərinə 75 min manatdan çox vəsait xərcləyir. O halda ortaya maraq kəsb edən çoxsaylı suallar çıxır. Görəsən bu şəxs daşıdığı vəzifəsinə görə ayda nə qədər əməkhaqqı alır ki, o, bu qədər işlərin öhdəsindən gələ bilib?
Gədəbəy rayon idarəsininin yerləşdiyi bina Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansında olmadığından, sabiq “komissar”lar həmin binanı heç də qaydaya saldırmağı bacara bilməmişdilər. Çünki, vaxtilə həmin şəxslər bildirirdilər ki, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən, bu binanın təmir olunmasına vəsait ayrılmır”. Hələ bunlar azmış kimi, Gədəbəy rayon idarəsi tərəfindən “Qurbanlıq bayramı”nda kəsilən heyvanlara xərclənən pulların necə, hansı yollarla əldə olunması da, hər kəsi düşünməyə sövq edir. Düşünürük ki, belə bir olayların varlığı hər kəsi düşündürdüyü kimi, məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimovu da düşündürəcək. Çünki, heç bir istehsal sahəsi olmayan, biznes fəaliyyəti ilə məşğul olmayan bir idarə rəhbərinin belə bir addımlar atması, olduqca düşündürücü nüaslardır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gədəbəy rayon idarəsi rəisinin bir hərbi bileti 6000 min manata, üçildənbir həkim müayinəsindən keçməyin haqqını 500 manata qaldırmaqla qorxusuz-təhlükəsiz işləməsinin kökündə, sən demə başqa-başa amillərin varlığı dururmuş. Belə ki, söylənilənlərə görə adı çəkilən bu şəxs rayonda “ranqlı vəzifə” sahibi olan bir şəxslə sıx təmas qurmağı bacarıb. Elə ki, bir kimsə Eldəniz Süleymanlıya “qaşın üstə qara var” deyir, o halda həmin vəzifə sahibi idarə rəisinin “harayına çatır” və Gədəbəy rayon idarəsi rəisinin “xətrinə dəyən” həmin kəsi “məhşər ayağına” da çəkir.
Bütün bunlar qalsın bir yana, Gədəbəy rayon idarəsi rəisinin atdığı addımları analiz edərkən, ümumi çevrə arasında yaşananları müzakirəyə çıxarakən, məhz belə bir qənaətə gəlmək olur ki, müharibə şəraitində yaşayan bir ölkədə Eldəniz Süleymanlı ölkəmizə bu cür “töhfə”lərini bəxş etməklə, müasir tariximizdə silinməz izlər də buraxacaq. Görəsən səbəb nədir ki, qəlbində vətənpərvərlik hissi gəzdirən, onu göz bəbəyi kimi qorumağa çalışan bəzi gənclərimizi, o, yollarından çıxmağa şərait yaradır. Axı, belə bir addımlar heç cür yolverilməzdir. Bir hərbi biletin 6 min manata satılması isə, nə yerə, nə göyə sığası məsələ deyil. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir. (7GUN.az)