Yenixeber.org: İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin regiona çapar sürəti ilə səfərlər etməsini diqqətdən kənarda qoymaq olmazdı. Onun görüşlərini, səfərləri ilə bağlı söylənilən fikirləri gözdən keçirərkən İranın Azərbaycandakı sabir səfiri Möhsin Pakainin “Farsnews”a verdiyi müsahibə qarşıma çıxdı. Yaxşı diplomat olduğuna şübhə etmədiyim və Azərbaycanda işlədiyi dövrdə fəaliyyətini ciddi izlədiyim Pakainin müsahibəsi məndə belə fikir yaratdı ki, cənab səfir 44 günlük müharibə ərzində İranın yüksək vəzifəli şəxslərinin təzadlı açıqlamalarından xəbərsizdir. Hərçənd, həqiqətdə belə olduğunu düşünməyə heç bir əsasım yoxdur.
Görünür, İran bizim cəmiyyətdə ona qarşı yaranmış inamsızlığı müharibədən sonra kompensasiya etmək yolunu tutub. Bu yolu seçənə kimi Tehranın hansı addımlar atdığını nəzərdən keçirsək, gəldiyimiz nəticələri əsas tezislə ifadə edə bilərik:
1.İran Azərbaycanın “Qarabağ”da zəfərini istəmirdi, hətta bir çox dini liderləri öz xütbələrində işğal faktından Azərbaycanı aşağılamaq məqsədi ilə istifadə edirdilər. Bunu cənub qonşumuzun Ermənistanla sıcaq münasibətlərindən də görmək mümkün idi. İran işğal edilmiş Azərbaycan ərazilərinin yağmalanmasından da faydalanır, məsələn, ucuz tikinti materiallarının alıcısı qismində xeyir götürürdü;
2.Müharibə başlayandan sonra xüsusilə ilk vaxtlarda birmənalı mövqe bildirmək çətin idi. Kimin qalib gələcəyini öncədən bilmədikləri üçün İran təmsilçiləri gah Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, gah da guya Azərbaycan tərəfdən terrorçuların, cihadçıların döyüşdüyü barədə məlumatlardan narahatlıq ifadə edirdilər, Azərbaycanla sərhədlərə zirehli texnika yeritməkdən də çəkinmirdilər. Bu, əslində, real fürsət yaransa, “terrorla mücadiləyə hazırlıq” da sayıla bilərdi. Rəsmi Bakı bunu görür, amma özünü təmkinli aparmağı bacararaq, əsas diqqəti müharibəyə yönəldirdi. Ancaq müstəqil müşahidəçilər gördüklərini yayır və yazırdılar. İran ərazisindən Ermənistana yardım üçün gedən TIR-ların təkərlərinin yerli Azərbaycan türkləri tərəfindən partladılması və bu yardımlara etiraz olaraq aksiyaların keçirilməsi danılmaz faktlardır;
3. Artıq müharibə başa çatıb və rəsmi Tehran o qədər də arzulamadığı vəziyyətdən daha uğurlu və uduşlu çıxmaq istəyir. Bölgədə Kreml kimi birbaşa təzyiq və təsir imkanları olmadığı üçün İran diplomatik kanallar vasitəsilə yeni yaranmış tabloda özünü müsbət obrazda təqdim etmək istəyir.
Pakainin “Biz bütün Qarabağın Azərbaycanın nəzarətinə keçməsini istəyirdik” ifadəsi bu gün Azərbaycanda nə qədər xoş qarşılansa da, Ermənistan üçün artıq heç bir məna kəsb etmir. Niyə? Çünki Ermənistan onsuz da Qarabağı bütöv itirib. Onun böyük hissəsi birbaşa Azərbaycanın, qalan 4 rayon isə Rusiya sülhməramlılarının nəzarəti altındadır. Hazırda bu bəyanat Rusiyanın əleyhinədirmi? Xeyr. Rusiya özü də deyir ki, buraları (4 rayonu) nə vaxtsa Azərbaycanın nəzarətinə verəcəyik. Bəs, o zaman İran diplomatının söylədiyi fikrin arxasındakı məqsəd nədir? Pakainin başqa bir tezisi məsələyə aydınlıq gətirməkdə bizə kömək edir. O deyir ki, əgər Ermənistan Qarabağın tam Azərbaycanın nəzarətində olmasını qəbul edərsə, o zaman Türkiyə ilə də münasibətləri normallaşar və ölkənin iqtisadi-siyasi vəziyyəti yaxşılaşar. Pakainin İrəvana sözü budur ki, onsuz da sizdə olmayan və sizə verilməyəcək torpaqlar üçün Azərbaycan və Türkiyə ilə münasibətləri ən pis həddə saxlamaqda davam etməyin. İrəvana xilas yolu göstərən bu tezisin arxasında “Qarabağ məsələsi”nin artıq Rusiya və Azərbaycan arasında problemə çevrildiyini etiraf və bəyan etmək istəyi durur.
İran, əlbəttə, bölgədəki varlığını bütün sahələrdə büruzə verməyə çalışır. Yuxarda Cavad Zərifin bəhs etdiyimiz Bakı, Moskva, Yerevan, Tbilisi və Ankaraya səfərləri də məhz buna xidmət edirdi. Amma görünən odur ki, Tehranı hələ də bu formatda görmək barədə konsensus yoxdur. İran Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin bərpasında dövlət və özəl sektorları vasitəsilə iştirak etmək istəyir. Bunun əslində Azərbaycanın cənub bölgəsində yaranmış durumu təkrarlamaq cəhdi olduğu aydındır. Azərbaycanın rəsmi orqanlarının qeyd edilən məsələdə nə qədər həssas olacaqlarını demək çox çətindir. Amma unutmaq olmaz ki, cənub-qərb bölgəmiz həm də Ermənistanla sərhəddir. Yəni, risk dərəcəsi daha artıqdır.
Seymur Həzi