Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“NAXÇIVAN DƏHLİZİ” ERMƏNİSTAN ÜÇÜN DƏ ÜMİD QAPISINA ÇEVRİLİR: -Rusiya İrəvanın ipini Türkiyə və Azərbaycanın ayağın bağlayır- TƏHLİL

 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Moskva görüşündə yalnız kommunikasiya əlaqələrinin bərpa qərarının alınması, dolayısıyla Naxçıvan-Mehri dəhlizinin açılmasına “yaşıl işıq” yandırılması cəmiyyətimizdə ciddi müzakirələrə səbəb olub.

Yenixeber.org: Bir çox siyasi xadimlər və ekspertlər bu xəttin açılmasının yalnız Ermənistana sərf edəcəyinə inanırlar. İddialara görə, Ermənistanla Rusiya arasında dəmir yolu xəttinin bərpası ilə Azərbaycanın 1990-cı illərdən etibarən tətbiq etdiyi blokada yarılacaq və bundan əsasən İrəvan faydalanacaq.

Bu mülahizənin əsassız olduğunu təsdiqləyən bir neçə arqument var.

Əvvəla, ondan başlayaq ki, 1990-cı illərdən etibarən Ermənistana qarşı tətbiq etdiyimiz blokada, həqiqətən, işə yaramışdımı?

Bəllidir ki, bir ölkənin blokadaya alınması – onun 4 tərəfdən xaricə çıxışının və girişinin əngəllənməsi deməkdir. Ermənistan da elə 4 dövlətlə həmsərhəddir – Türkiyə, Azərbaycan, İran və Gürcüstan. Azərbaycanın tətbiq etdiyi bloklama siyasətinə biz və Türkiyə əməl edirdik. Ermənistanın cənub qapısı – İran yolu və şimal qapısı – Gürcüstan yolu isə açıqdı. Ermənistana gələn və gedən bütün mallar məhz bu qapılardan keçirdi.

Üstəlik, İranın Qərbə açılan ən qısa yolu da Ermənistan üzərindəndir. İrandan ixrac edilən mallar Ermənistan – Gürcüstan – Qara vasitəsilə Avropaya gedə bilir. İdxal məhsulları da eyni marşrutla İrana gətirilir. Dolayısıyla bu xəttin işləməsi Ermənistanı nəinki blokadadan çıxarırdı, hətta onu tranzit ölkəyə çevirirdi. Bu mənada Azərbaycanın Ermənistana tətbiq etmək istədiyi blokada siyasəti sadəcə niyyət olaraq mövcud idi. Reallıqda isə belə bir blokadadan söhbət gedə bilməzdi.

Azərbaycanın blokada siyasətinin təsirləri Ermənistanın iqtisadi inteqrasiyasını müəyyənləşdirmişdi. Blokada nəticəsində Ermənistan şimal və cənub qapısından asılı vəziyyətə düşdüyündən, ölkənin ticari əlaqələrində Rusiyanın payı xeyli azalmış, bunun yerinə Avropa və Çinin çəkisi artmışdı. Ermənistanın rəsmi statistikasına inansaq, hazırda bu ölkənin bütün idxal və ixracatının təxminən 20%-ni Rusiya ilə ticari əlaqələr təşkil edir. Ticari əlaqələrin 65% -i isə Avropa və Çinlədir. Avropa ilə ticari əlaqələr əsasən Gürcüstanın Batumi və Poti limanları vasitəsilə həyata keçirilir. Çinlə əlaqədə isə cənub qapısının da önəmli rolu var. Ermənistan ixracatının təxminən 15% -i isə İrandan alınan malların payına düşür.

Bütün bu statistik rəqəmlər göstərir ki, Azərbaycanın Ermənistana tətbiq etdiyi blokada bu ölkədən daha çox Rusiyanın əleyhinə nəticələnmişdi. Rusiyanın Ermənistan ixracatındakı mövqeyi önəmli ölçüdə sarsılmış, Avropa ölkələri və Çin ön plana çıxmışdı. Hər tərəfdən blokadaya alınan İranın da Ermənistan idxalatındakı payı artmış və ABŞ sanksiyalarının hədəfi olan bu ölkə nəfəslik əldə etmişdi.

Rusiyanın Ermənistanla ticari əlaqələrdə digər ölkələrə uduzmasının əsas səbəbi iki ölkə arasında Gürcüstan üzərindən keçən marşrutun çətinliyidir. Gürcüstan üzərindən Rusiyaya getmək üçün Cənubi və Şimali Osetiyadan keçməlisən. Cənubi Osetiya məsələsi Gürcüstanla Rusiya arasında ciddi problemə çevrildiyi üçün etibarlı marşrut sayılmır. Üstəlik, qış aylarında bu yollar qardan-çovğundan keçilməz olur. Bu da erməni iş adamlarını daha çox başqa bazarlara yönləndirir.

Ermənistan kiçik ölkə olduğundan, onunla ticari münasibətlər Rusiya üçün böyük əhəmiyyət kəsb etmir. Amma Ermənistanın iqtisadi inteqrasiyası həm də siyasi oriyentasiyasını müəyyənləşdirdiyindən, Rusiya Cənubi Qafqazdakı bu son qalasını da itirmək istəmir. Moskvanın kommunikasiyaların açılmasında və Ermənistanın ipini Azərbaycanın ayağına bağlamasında əsas məqsədlərindən biri bu olsa, gərək.

Ermənilər də Naxçıvan-Mehri dəhlizinin onlara hansısa fayda verəcəyindən o qədər də əmin deyillər. Gəlin, bu mövzuya bir də ermənilərin nöqteyi nəzərincə baxaq.

“Telegram” sosial şəbəkəsinin erməni səhifələrindən olan “Togarma” yazır:

“Ermənistanın bəzi siyasətçiləri və vətəndaşları arasında nəqliyyat arteriyalarının blokdan çıxarılması ilə bağlı ortaya çıxan eyforiyaya diqqət yetirmək istərdik. Nədənsə, Türkiyə ilə sərhədin açılacağı və Ermənistanın Avropa bazarlarına və Türkiyənin özünə əlavə giriş əldə ediləcəyi ilə bağlı yanlış bir inam yaranıb. Bu, doğru deyil. Bu məsələyə Türkiyə tərəfi də çox isti baxmır. Ankaranın sərhədlərin açılması üçün irəli sürdüyü ilkin şərtlər əvvəlki kimi qalır:

– Ermənistan ərazi iddialarından tamamilə geri çəkilməli;

– Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsi Ermənistanın xarici siyasət gündəmindən çıxarılmalı;
 
– Ermənistan Respublikası tərəfindən Türkiyənin indiki sərhədləri tanınmalı;
 
– Ağrı (Ararat) Dağının simvolu Ermənistanın gerbindən çıxarılmalı;
 
– Soyqırımı üçün kompensasiya tələbindən vaz keçilməli.

Bəli, Türkiyə bəzi şərtləri rədd edə bilər, amma ipiqırıq Paşinyan hökuməti şərtlərin çoxunu qəbul etməli olacaq.

Əlbəttə ki, Türkiyə ilə ticarət sərfəli olardı (onların Ermənistan üçün kim olduqlarını unudarsaq), ancaq onsuz da Bakı-Tbilisi-Qars və İrəvan arasında yeni bir dəmir yolu xətti var və sərhədləri açmadan bu xəttdən istifadə edilə bilər (bildiyimizə görə, erməni iş adamları onsuz da aktiv şəkildə istifadə edirlər).

İndi 11 yanvar 2021-ci il tarixli razılaşmanın Ermənistan üçün nə vəd etdiyinə daha yaxından baxaq.

Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, Azərbaycan İranla sərhəd boyunca Horadiz və s. üzərindən yeni bir dəmir yolu xətti çəkir. Ermənistan üçün bunun mənası yoxdur. Çünki artıq inşa edilmiş və Azərbaycanın sadəcə istifadəyə icazə verə biləcəyi köhnə Zaqafqaziya dəmir yolu xətti var, lakin heç bir razılaşmada bu barədə bir kəlmə də söz açılmır.

“Kommersant” qəzeti  yazır ki, Gümrüdən Qarsa əvvəldən mövcud olan dəmir yolunu istifadəyə vermək əvəzinə, Ermənistana Naxçıvan yolu ilə İğdıra yeni dəmir yolundan faydalanmaq təklif olunur. Sovet hakimiyyəti illərindən (1990-cı illər nəzərdə tutulur – Ovqat.com) indiyədək Gümrüdən Qarsa birbaşa dəmir yolu xəttinin açılmasına türklər qadağa qoyub; hər şey yalnız Azərbaycan üzərindən keçməlidir. Hətta Ermənistan Türkiyənin bütün şərtlərini qəbul etsə belə…

Meqri ərazisindən keçən dəhlizin açılışından sonra cənub avtomobil yolu 10 Noyabr 2020-ci il tarixli razılaşma ilə Rusiya Federasiyası FSB-nin nəzarətinə keçir və İranla dəmir yolu əlaqəsi tamamilə Azərbaycanın nəzarəti altında olacaq. Yeganə ümid qapımız Naxçıvan Muxtar Respublikasından keçəcək və Ermənistan tərəfi də dəmir yolundan istifadə üçün ona tarif ödəyəcək.

Rusiyaya yeni dəmir yolu yolu ilə (SSRİ dövründən bəri mövcud olan yoldan, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan tərəfi imtina edir) Azərbaycan Respublikasının bütün ərazisindən keçməyə məhkumuq və bu da bizim üçün ziyanlıdır, çünki Lars və Poti limanından keçən marşrutdan dəfələrlə uzundurbundan əlavə, dəmir yolundan istifadə tarifini də Azərbaycan təyin edir.

Nəticədə, Azərbaycan Naxçıvana və Türkiyənin mərkəzi hissəsinə ən qısa marşrutu alır, tranzit haqqı ödəmədən boru kəmərləri çəkir, lazım gələrsə, avadanlıq daşıma fürsəti qazanır və cənubdakı bütün Ermənistan sərhədinə tam nəzarət edir.

Ermənistan da öz növbəsində Türkiyə və Azərbaycanın iqtisadi və nəqliyyat peykinə çevrilir və bunun müqabilində türk qonşularının tranzit masasından qırıntılar alır”.
(Ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam