Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiya Azərbaycanda möhkəmlənmək istəyir-Bakının buna qarşı atacağı addımlar nədən ibarət olmalıdır?

 

Yenixeber.org: 2021-ci ilin əsas mövzusu Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin suverenliyinin bərqərar edilməsi olmalıdır. Artıq cəmiyyətdə 10 noyabr razılaşmasının mahiyyəti, Rusiyanın bölgədə rolu və niyyəti ilə bağlı təsəvvürlər var. Hər gün Xankəndindən, sülhməramlıların cavabdehlik daşıdığı digər ərazilərdən gələn xəbərlər, foto və videomateriallar əlavə suallara ehtiyac qoymur.

Konkret ifadə etsək, Moskva Dağlıq Qarabağda Abxaziyada, Cənubi Osetiyada, Dnestrdə olduğu kimi, özünə bağlı yerli rejim qurur. Bölgəni hərbiləşdirir, erməni əhalisini geri gətirib, yerləşdirməklə onların demoqrafik üstünlüyünü bərpa edir. Bu qondarma rejim Moskvanın Azərbaycana və Ermənistana təsir imkanlarını daha da gücləndirməklə yanaşı, bütövlükdə regionun Rusiyanın geopolitik rəqibləri ilə əməkdaşlığını buxovlayır. Beləliklə, Kreml öz sərhədləri boyunca bufer nəzarət zonaları yaratmaq siyasətini Cənubi Qafqazda uğurla yekunlaşdırmaq üzrədir.

Bu siyasətin davamı olaraq Azərbaycanın və Ermənistanın daxili siyasi həyatında Rusiyanın izləri getdikcə daha aydın nəzərə çarpmağa başlayır. Bunun ilk simptomları Bakıda artıq müşahidə edilir: əhalinin önəmli qisminin Rusiyanın sülhməramlı missiyasını təqdir etdiyinə dair sorğu nəticələri, telekanallarda Moskvanın fəaliyyətini dəstəkləyən çıxışlar, partiya lideri statusundakı bəzi “arxiv siyasətçiləri”nin üzə çıxıb, Rusiyanın rolunu müsbət çalarda təqdim etmək cəhdləri və s… Ermənistanda isə siyasi böhran davam edir. Moskvaya bağlı siyasi qüvvələr, onların müdafiə və təhlükəsizlik sektorundakı uzantıları, habelə vətəndaş cəmiyyəti institutları və media ölkədə siyasi dəyişikliyə nail olmağa çalışırlar. Qərbyönlü Paşinyan iqtidarının təklif etdiyi növbədənkənar seçki onlar tərəfindən qəbul edilmir, hökumətin bir an öncə istefa verməsi tələb olunur.

Əlbəttə, bütün müstəqillik tarixi boyu Rusiyanın forpostu rolunu oynamış Ermənistanı itirmək təhlükəsi hələ ki real olmadığından Kreml üçün bu mərhələdə Azərbaycanda möhkəmlənmək daha önəmlidir. Paşinyan qalsa belə, hələ uzun müddət İrəvan Moskvanın siyasi orbitindən çıxa bilmyəcək. Bunun yetərli iqtisadi, siyasi və təhlükəsizlik səbəbləri var. Azərbaycanda isə vəziyyət Rusiya üçün xeyli mürəkkəbdir. Zəngin neft-qaz ehtiyatlarını müxtəlif boru kəmərləri ilə Qərbə nəql etməyə nail olan Bakı iqtisadi müstəqilliyini təmin etməklə bərabər, mühüm ölkələrlə güclü ikitərəfli əlaqələr, hətta taktiki ittifaqlar qurmağı bacarıb. Altı həftəlik müharibənin gedişində məhz Türkiyə, Britaniya, İsrail, İtaliya və s. ölkələrlə yaxın münasibətlər Azərbaycana qarşı erməni lobbilərinin təzyiqlərini neytrallaşdırdı, onu beynəlxalq təzyiqlərdən qorudu.

Türkiyə-Azərbaycan strateji müttəfqiliyi Moskva üçün problemdir. Çünki möhkəm milli, tarixi, mədəni, siyasi kökləri olan bu birlik regionda Türkiyəni Moskva üçün ciddi rəqibə çevrir. Putin və Ərdoğan bu gün cari maraqları önə çıxarıb, uzalaşma nöqtələri tapsalar da, Rusiya üçün heç bir təminat yoxdur ki, NATO üzvü Türkiyə sabah təkrar Qərblə birlikdə hərəkət etməyə başlamayacaq.

Moskvanın əsas narahatlıqlarından biri Azərbaycan cəmiyyətində tarixi, siyasi səbəblərdən güclü antı-Rusiya ovqatının hakim olmasıdır. Kremlə bağlı kəşfiyyat, media və s. resurslar var gücləri ilə 6 həftəlik müharibənin nəticələrini Putinin Azərbaycana ərməğanı kimi təqdim etməyə çalışsalar da, Azərbaycan cəmiyyəti 10 noyabr razılaşmasına şübhə, sülhməramlıların Dağlıq Qarabağa gətirilməsinə isə neqativ yanaşır.

Daha bir narahatlıq mənbəyi xalqın Rusiyaya münasibətinin siyasi palitrada əks olunmasıdır. Nəinki postsovet məkanında, hətta bir çox Avropa ölkəsində ciddi rusiyayönümlü siyasi partiyalar fəaliyyət göstərsələr də, Azərbaycanda belə bir siyasi qüvvə yoxdur, yuxarıda qeyd olunan təbii səbəblərdən Kreml buna nail ola bilməyib. Hakimiyyət obyektiv, subyektiv səbəblərdən uzun illər balanslı siyasət yeritsə də, siyasi müxalifətin əsas hissəsi avrointeqrasiyanın, Qərblə yaxınlaşmağın tərəfdarıdır.

Şübhəsiz ki, Rusiya Azərbaycandakı mövcud reallığı bölgədə öz maraqlarına təhlükə sayır və bunu dəyişdirmək üçün müxtəlif istiqamətlərdə geniş fəaliyyətə başlayacağı aydındır. İlk növbədə Azərbaycandakı daxili imkanların səfərbər edilməsi, “yatmış” şəbəkənin “oyadılması”, onların müxtəlif maliyyə qaynaqlarına çıxşının təmin edilməsi gözləniləndir. Paralel olaraq, Rusiyada yaşayan azərbaycanlıların bir qisminin siyasi proseslərə yönəldilməsi, xüsusən oliqarxiyanın və tanınmış simaların imkanlarından bu istiqamətdə istifadə edilməsi mümkündür. Bu metod 2013-cü ildə sınaqdan keçirilib. (2013-cü ildə azərbaycanlı biznesmenlərdən ibarət Milyarderlər İttifaqı yaradılmışdı.) Rusiyaya yaxın çevrələrn yeni media qurumları, vətəndaş cəmiyyəti institutları, humanitar fondlar yaratması, onların ictimai prezentasiyası daxildə anti-Rusiya ovqatını zəiflətməyə xidmət edə bilər…

Bu mövzuda ehtimal və mülahizələri uzatmaq da olar. Aydın məsələdir ki, Dağlıq Qarabağa indikindən daha böyük ordu yerləşdirilsə belə, Rusiya onunla Azərbaycana təsir edə bilsə də, strateji hədəflərinə çata bilməz. Gürcüstan, Ukrayna, Moldova təcrübəsi gəstərir ki, yalnız hərbi güc deyil, “yumşaq güc”ün imkanlarından da istifadə edilməlidir. Azərbaycan da elə adıçəkilən ölkələrin təcrübəsindən istifadə etməklə, Rusiyanın təzyiqlərini neytrallaşdıra bilər. Bunun üçün cəmiyyətdə münbit zəmin mövcuddur.

İlk növbədə Konstitusiya islahatları aparmaqla fundamental siyasi problemlərin həlli üçün hüquqi bazanın yaradılması vacibdir. Seçki Məcəlləsinin təkmilləşdirilməsi, siyasi müxalifətə leqal fəaliyyət imkanlarının yaradılması, media azadlığının təmin edilməsi, normal seçkilərin keçirilməsi, məhkəmə-hüquq sisteminin islahatı və müstəqilləşdirilməsi cəmiyyətin daxili potensialının realizə olunmasına şərait yaradar. Ölkədə gerçək siyasi dialoq güclü həmrəyliyin əsas təminatı olmaqla bərabər, milli maraqların müdafiəsində hakimiyyətin əlini gücləndirər. Burada siyasi, qrup maraqları kənara qoyulmalıdır. Çünki potensial təhlükə kifayət qədər böyükdür, Rusiyanın təzyiqlərinin qarşısında daxili imkanların effektiv səfərbər olunması ancaq siyasi açlıma getməklə mümkündür.

Bu cür ishalatlar avtomatik olaraq Azərbaycanı Qərbə yaxınlaşdıracaq. Xarici siyasətdə bu il atılmalı olan ən mühüm addım Avropa Birliyi ilə ikitərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanmasıdır. Azərbaycan rəsmi şəkildə bəyan etməsə də, artıq Rusiyanın təzyiqlərindən əziyyət çəkən ölkələr kateqoriyasına daxil olur. Bu səbəblə, avrointeqrasiya xəttini gücləndirmək, Türkiyə ilə hərbi-siyasi ittifaqı dərinləşdirmək, GUAM-ın fəaliyyətini aktivləşdirmək prioritet olmalıdır. Məlumdur ki, Ankara da bu formata ciddi maraq göstərir, ayrı-ayrılıqda Türkiyə-Ukrayna, Türkiyə-Gürcüstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.

2021-ci ildə atılacaq addımlar, veriləcək qərarlar Azərbaycanın gələcəyi baxımından taleyüklü olacaq.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam