"Bədməramlı" Rusiya silahlılarının özfəaliyyəti...
Atəşkəs haqqında 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatdakı boşluqlar Rusiyaya Dağlıq Qrabağda "sülhməramlıların" mandatına uyğun gəlməyən "fəaliyyət" həyata keçirməyə, burada özünü rus torpaqlarındakı kimi aparmağa "imkan verir"
Yenixeber.org: Qəhrəman Azərbaycan ordusunun işğal altındakı əzəli və əbədi torpaqlarımızı yağı düşməndən 44 gün ərzində azad etməsi, ardınca atəşkəs haqqında məlum üçtərəfli sazişin imzalanması Azərbaycan xalqının, eləcə də, bizləri sevən türk qardaş və bacılarımızın, dostlarımızın hədsiz sevincinə səbəb olmaqla yanaşı, "sülhməramlı" adı altında Rusiya silahlı qüvvələrinin ərazimizə soxulması bəzi narahatçılıqlar da doğurmaqdadır. Baş verən hadisələr göstərir ki, Rusiyanın azərbaycan türklərinə, Azərbaycana mənfi münasibəti əsrlər boyunca dəyişməmişdir. 200 il bundan əvvəl Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) "sülh müqavilələrinə" istinad edərək erməniləri Azərbaycan ərazilərinə köçürən, əvvəl bizim torpaqlarımızda qondarma erməni vilayəti, sonra "dövləti" yaradan ruslar, indi də erməniləri mütəşəkkil şəkildə, sürətlə Dağlıq Qarabağa köçürməkdədirlər. Məqsəd bu ərazidə ermənilərə hansısa status verilməsinə nail olmaq, beləliklə də, əbədi olaraq (!?) Azərbaycanda qalmaq üçün bəhanə əldə etməkdir. Çünki yaxşı bilirlər ki, nə qədər ki, buradadırlar azərbaycanlılar və ermənilər arasında normal münasibətlərin yaranmasına imkan verməyəcəklər, belə bir imkanın yaranacağının işartıları sezilərsə, onu dərhal söndürəcəklər. Amma Rusiya başa düşür ki, yaranməş mövcud şəraitdə Dağlıq Qarabağ ermənilərinə hansısa statusun verilməsinə təkbaşına nail olmaq iqtidarında deyil. Rusiya Azərbaycan Prrezidenti İlham Əliyevin status barədə dediklərini də bilməmiş deyil. İlham Əliyev qəti şəkildə bildirmişdir ki, nə qədər ki, Prezidentdir, Dağlıq Qarabağda ermənilərə heç bir status verilməyəcəkdir! Ancaq, buna rəğmən Rusiya öz məqsədindən vaz keçmək niyyətində deyil. Ona görə də, hər fürsətdə həm RF Prezidenti V.Putin, həm də digər rus yetkililəri Dağlıq Qarabağda ermənilərə statusun veriləcəyi anonsunu qabardırlar və buna təkbaşına deyil, digər türk düşmənləri ilə birlikdə nail olmağa ardıcıl səy göstərirlər. Rusiyanın RİA Novosti agentliyinin bu günlərdə yaydığı məlumata görə Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko Dağlıq Qarabağın perspektiv statusundan danışarkən deyib ki: "Dağlıq Qarabağın statusu üçün əlavə danışıqlar tələb olunur (?). Biz şübhəsiz ki, ATƏT-in, Fransa prezidentinin, ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə cəlb olunan digər dövlətlərin səylərinə ümid edirik (!). Hələ qarşıda çox çətin işlər var, amma əsas şey əldə edilib (yəni demək istəyir ki, Dağlıq Qarabağa kifayət qədər erməni köçürmüşük!). Ermənilərə Azərbaycana aid olan ərazilərin qaytarılmasını təyin edən beynəlxalq sənədlərin icrası başlandı (!?). Bu, onu göstərir ki, burada Rusiya əsas rol oynadı”. Bəli, doğrudur, Rusiya yenə də öz mənfi rolunu oynayır. Bu zaman atəşkəs haqqında 10 noyabrda imzalanmış sazişin boşluqlarından istifadə edir. Məhz bu sənəddəki boşluqlar Rusiyaya Dağlıq Qrabağda "sülhməramlıların" mandatına uyğun gəlməyən "fəaliyyət" həyata keçirməyə, burada özünü rus torpaqlarındakı kimi aparmağa "imkan verir". Məlumdur ki, Rusiya sülhməramlıları dünyanın bir çox ölkələrində yerləşdirilib.Məgər bu ərazilərdə də Rusiyanın FHN, digər hümanitar və güc strukturları qaçqınların köçürülməsi, təmir, tikinti, kommunal xidmət işləri ilə məşğul olurlar? İndiyədək Rusiya sülhməramlıların yerləşdirildiyi ərazilərdə hansısa bir münaqişə həll edilibmi? Hər şeydən göründüyü kimi, Rusiya özünü güclü hesab edir və gücünə arxalanaraq sözdə Azərbaycanın süverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini ifadə etsə də, reallıqda Azərbaycan ərazisinin bir hissəsini ermənilərin əli ilə özünükiləşdirməyə cəhd edir. Ancaq Rusiya Azərbaycan xalqının, dövlətinin, Prezidentinin bütün ərazilərimizdə tam süverenliyimizin bərpa etmək əzmini, bu mübarizədə tək olmadığımızı unutmasın! Bunu
Rusiyaya "başa salmaq" üçün qardaş Türkiyə ordusunun Azərbaycana dəvət edilməsini, onun təkcə Ağdamda deyil, Şuşada, Xocavəntdə, Xankəndində yerləşdirilməsini tezləşdirmək, "sülhməramlıların" yerləşdiyi bütün ərazilərdə Azəzbaycan bayrağını ucatlmaq, bu ərazilərdə Azərbaycanın mülki hakimiyyətinin bərpasını tezləşdirmək lazımdır! Bura Azərbaycan ərazisidir, Azərbaycan dövlətinin bu ərazilərdə öz hakimiyyətini bərpa etmək hüququnu heç kim ala bilməz!
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri