Yenixeber.org: Əgər bir gün bir yadplanetli ölkəmizə gəlsə (başqa ölkələrə də gələ bilər) və cəmiyyətimizi antropoloji cəhətdən öyrənmək, insanların necə yaşaması, nə işlə məşğul olması barədə məlumat almaq üçün televiziyalarımıza baxsa, mətbuatımızı oxusa, onda bizim haqqımızda hansı təəssürat yarana bilər?
Suala cavab verməyə çalışmayacağam. Ümumiyyətlə, media mühitimiz və onun cəmiyyətimizə təsiri barədə danışacağam.
Medianın nə olduğunu, necə işlədiyini peşəkarlar yaxşı bilirlər. Amma onun təsirinin dərinliyi və diapazonu barədə biz nə dərəcədə obyektiv və ciddi təsəvvürə malikik? Bu barədə bir neçə kəlmə deməyin faydalı olduğunu düşünürəm.
Medianı hansı qüvvələr formalaşdırır? Media mühiti bütövlükdə cəmiyyətin ehtiyac və maraqlarını nə dərəcədə ifadə edir? Bizim düşüncə və davranışımız necə manipulyasiya edilir? Bu məsələlərə obyektiv cavab tapmaq məcburiyyətindəyik.
Təbii ki, medianın toxunulmaz atributu onun azadlığıdır. Amma nədən azadlığı? Bu azadlıq nə ilə və necə müəyyən olunur? Bəs, medianın prinsipiallığı? Hansı dəyərlər bu prinsipiallığı müəyyən edir? Verdiyimiz sualların cavablarını dərslik və tədqiqatlarda tapmaq olar. Lakin zamanın çağırışları yeniləndiyi üçün cavabların da yenilənməsi labüddür. Məsələlər bu günün kontekstində araşdırılmalıdır.
Medianın ən mürəkkəb sosial mühit olması onun barəsində birmənalı fikir yürütməyi çətinləşdirir. Media “cəmiyyətin güzgüsü” olaraq həyatı əks etdirir və iş də elə bu “əksetdirmə”nin başındadır. Çünki güzgünün üç halı var. Güzgü:
1) təmizdir;
2) sınıqdır və ya cilalı deyil, hər şeyi təhrif edir, o cümlədən özümüzü özümüzə əyri göstərir;
3) güzgünün üstü tozla örtülmüşdür.
İnsanın informasiyaya olan ehtiyacı bioloji ehtiyacları qədər mühümdür. Bizim fiziki yaşamımız biosfer, yaxud atmosfer kimi mühitlərdən asılı olduğu halda, media mühiti də mental və psixoloji yaşamımız üçün eyni əhəmiyyətə malikdir. Biosferdə həyati amillərin nisbətinin pozulması ekosistemlərdə ciddi dəyişikliklər yaradır və nəinki sağlamlığımız, hətta mövcudluğumuz təhdid altına düşür. Bəs, mediadakı çirklənmə – yalan, eqoist maraqlar, cəngəllik qanunlarının təzahürü, insan psixologiyasına və münasibətlərinə ziyan vuran “toksik” informasiyalar bizim mental sağlamlığımıza necə təsir edir?
Bu zəhərlənmə tədrici olduğu üçün onun təsiri dərhal meydana çıxmır. Media cəmiyyəti getdikcə zəhərləyir və kompleks xəstəliklərin meydana çıxmasına gətirib çıxarır. Media, fəza qədər qaçılmaz zərurətdir, lakin onun zəhərli olması qaçılmaz zərurət deyil. Çünki medianı insanlar yaradırlar.
Aydındır ki, biz necə bir cəmiyyətə malikiksə, o cür də mediamız var. Amma bu müddəada həqiqət payı nə qədərdir? Medianın arxasında duran qüvvələrin maraq dairəsindən kənaq kəsimlərin həyatları, arzuları orada necə əks olunur?
Sosial media sanki bu sualların ifadə etdiyi problemlərdən çıxış yolu kimi insanlara verilmiş hədiyyədir. Lakin onda olan nizamsızlıq da insanların düşüncə tərzini və mədəniyyətini əks etdirir. Bu gerçəklik konstruktiv, yaradıcı və proqressiv baxışları akkumulyasiya etməyə, sinergizm yaratmağa xidmət edə bilərmi?
Əlbəttə, media azadlığı anlayışının özündə paradoks var. Əgər o, siyasi, bazar, istehlak məqsədləri kimi millərə xidmət edirsə, bu mühitdə az qala hər şey alınıb-satılırsa, media azadlığından hansı şərtlər daxilində danışmaq olar?
Daha bir məsələ də budur ki, sadə vətəndaşın arzu və xəyallarından, cəhd və yaşantılarından bəhs edən bir media mühitini hardan tapmaq və ya necə yaratmaq olar? Məgər bütün cəmiyyət ancaq siyasətçilərdən, şübhəli biznes və şou adamlarından, cinayətkarlardan və zorakılıq törədənlərdən ibarətdir? Bu məsələdə media nümayəndələrinin “tələb təklif doğurur”, “tamaşaçı və ya oxucu sifarişi” kimi bəhanələrlə mövcud vəziyyətə haqq qazandırması ilə razılaşmıram.
İnsan həm biloji, həm də mental olaraq açıq sistemdir. O, hər iki mühitdən gələn təsirlər altında ciddi dəyişmələrə məruz qalır. Ancaq onun özünün əks təsiri də danılmazdır. İndi mediamızın bütün bu yalanları, insanın heyvani təbiətinə ünvanlanmış mesajları ilə bioloji və sosial cəhətdən qorunma mexanizmləri inkişaf etdirilməmiş uşaq və gənclərimizə necə təsir etdiyini təsəvvür edirisinizmi? Psixi pozğunluqların, aqressiv sosial münasibətlərin, saxtakarlığın, dəyərlərin itirilməsinin səbəbləri arasında başda simasız və prinsipsiz media gəlmirmi?
Bir cəmiyyət olaraq, bu transformasiyaya laqeydliyin bədəlini hər birimiz ödəyəcəyik. Nə etməli?
Yəqin ki, bəzi ümumi məqsədlər yada salınmalıdır. Gerçəkliyin ifadəsi, kommunikasiya, sosiallaşma, mübadilə və s.- bütün bunların önündə yüksək, konstruktiv fikirlərin bölüşdürülməsi dayanır. Yaranışından bəri cəmiyyətin vahid, qlobal sivilizasiyaya doğru hərəkətində onun inkişafına töhfə vermək vəzifəsi daşıyıb. İndi də onu həmin vəzifədən heç kim azad etməyib. Bəs əgər media insanın rifahına, cəmiyyətin yaxşılaşdırılmasına, idarəetmənin təkmilləşdirilməsinə xidmət etmirsə, özü ziyanlı bir mühitə, dəhşətli silaha çevrilmirmi?
Əlbəttə, mən medianın rolu haqqında sadəcə, iki rəngdən ( “ağ-qara”) istifadə etməklə qiymətləndirmə aparmaq fikrindən uzağam. Müasir media mühiti dövrümüzün nəzəriyyələrini, meyarlarını və vərdişlərini əks etdirir, eyni zamanda formalaşdırır və etiraf etməliyik ki, ən yaxşı halda cəmiyyət daxilində çox faydalı rol oynaya, təkamülə dəyərli töhfələr verə bilər. Lakin istənilən halda media mühiti sorğulanmalı, heç də hər şeyin normal və qaçılmaz olmadığı anlaşılmalıdır. Ən azı ona görə ki, mediamız sağlam deyil və əgər sağlam deyilsə, öz təbiəti etibarilə cəmiyyətdə ciddi psixi və sosial xəstəliklərin yayılmasına rəvac verə bilər.
Müəllif: Ramazan Əsgərli, psixoterapevt ,
Azərbaycan Bəhailəri Mərkəzinin katibi