"Mətbuatımızda çox ciddi monopoliya var" —"Dövlətdən vəsait alan KİV-lərin əksəriyyətinin arxasında müəyyən qüvvələr dayanır"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyətini sərt tənqid edib.
Yenixeber.org: Deputat saytımıza açıqlamasında bildirib ki, bütün sahələrdə və qurumlarda olduğu kimi media sahəsində də ciddi islahatlar aparılmalıdır:
"Ümumiyyətlə, yaranan qurumlar effektiv işləməlidirlər, özlərini doğrultmalıdırlar. Cənab Prezident tərəfindən aparılan islahatların da son məqsədi məhz inkişafa nail olmaqdır. Bu baxımdan Azərbaycan mediasında da ciddi islahatlara ehtiyac var. Mən bunu bir neçə dəfə söyləmişəm. Bu islahatları aparmaq lazımdır ki, mətbuat nüfuz qazansın və özünü saxlaya bilsin. Necə ki, iqtisadi, hüquq və digər sahələrdə uğurlu islahatlara start verilibsə, hesab edirəm ki, media sahəsində də böyük islahatlar olmalıdır".
V.Əhmədov deyib ki, hazırda KİVDF-nin fəaliyyətindən ciddi narazılıqlar mövcuddur:
"Bu narazılıqlar zaman-zaman Azərbaycanın bir sıra tanınmış və peşəkar jurnalistləri tərəfindən də dilə gətirilir. KİVDF və digər bu kimi media təşkilatlarının fəaliyyətinə dərindən baxmaq lazımdır ki, bu qurumlar özünü doğrulda bilib, yoxsa bilməyib. Bunu media sahəsində çalışan insanlar çox gözəl bilirlər. Mənim bildiyim məlumata görə, KİVDF-nin fəaliyyəti ilə bağlı jurnalistlər çox ciddi problemlərlə üzləşiblər. Bu sahədə müəyyən problemlər yaranıb. KİVDF-nin ədalətsiz fəaliyyətindən narazı qalan jurnalistlərimiz var. Bu problemi ümumi konteksdə həll etmək lazımdır. Yəni, Azərbaycanda aparılan dərin islahatlar konteksində KİVDF-nin də fəaliyyətinə də baxmaq lazımdır".
Deputat qeyd edib ki, hazırda Azərbaycan mətbuatında çox ciddi monopoliya mövcuddur:
"Mən sizə açıq deyim ki, mətbuatımızda çox ciddi monopoliya var. Mən islahatlar deyəndə əsasən də bu problemin aradan qaldırılmasını nəzərdə tuturam. Yəni, bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır. Dövlətdən vəsait alan qəzet və saytların əksəriyyətinin arxasında müəyyən qüvvələr dayanır və onlar maliyələşdirir. Üstəlik də dövlət tərəfindən onlara yardımlar edilir. Halbuki, həmin KİV-lər bazarın ixtiyarına buraxılmalı idi ki, özü özünü doğrultsun. Əgər imkanı, peşəkarlığı olacaqsa, o yaşayacaq. Peşəkarlığı olmayacaqsa, o zaman gedib başqa işlə məşğul olacaq. Bütün dünyada media bu cür fəaliyyət göstərir. Yəni, KİV-ləri öz peşəkarlıqlarına görə bazar özü tənzimləməlidir. Dövlət hər dəfə bu qəzetlərə milyonlar xərcləyir, onları saxlayır. Axı bu uzun müddət belə davam edə bilməz!".(demokrat.az)
Zaur Hacılı