Bank sektorunun “MTN işi” ilə əlaqələri
“MTN işi”nə baş bankirin də adı qarışdı; Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin “Zaminbank” vasitəsilə offşor zonalara torbalarla nağd pul göndərməsinə Milli Bank rəhbərliyi illərlə seyrçi qalıb; “Zaminbank” haqda 3 il 8 ay öncə yazdıqlarımız bu gün təsdiqlənir...
"Xeberinfo.com": Məlumata görə, musavat.com bank sektorunun “MTN işi” ilə bağlı əlaqələrinə dair yeni məlumatlar əldə edib. Ölkənin öndə gələn bir neçə bankı ilə MTN generallarının əlaqələri üzə çıxıb.
MTN-in işdən çıxarılan və həbs edilən zabitlərinin bank sektoruna da ciddi təsirləri olub. Özlərinin nəzarətlərindəki banklardan əlavə, digər bankların fəaliyyətinə də müdaxilələr ediblər. Məsələn, 2012-ci ilin martında “Texnikabank”la bağlı MTN-in əməliyyatı oldu. Bankı rəhbərliyi həbs edildi, həbs edilməyənləri isə işdən çıxarıldılar. Ardınca “Texnikabank” demək olar ki, yağmalandı. E.Mahmudov bu bankı qudası Cahangir Hacıyevin əli ilə tamamilə öz nəzarətinə keçirdi. Ölkənin ən qabaqcıl 5 bankından biri olan “Texnikabank” C.Hacıyevin və onun barbar komandasının əli ilə yerlə yeksan edildi. Artıq bu bank demək olar ki, tamamilə müflis edilib. Yada salaq ki, ötən həftə “Texnikabank”ın Müşahidə Şurasının rəhbəri Rövşən İsmayılov öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb.
MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri də “Zaminbank”dır. Bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyev edirmiş. Onun qardaşı sözügedən bankda filial müdiri vəzifəsində çalışır.
“Zaminbank” adı qara işlərdə hallanan banklardandı. Bu qurum haqda google-də axtarış verdikdə qarşımıza xeyli neqativ tonda yazılmış məqalələr çıxır. O məqalələrdən biri 2012-ci ilin fevralında musavat.com-da dərc olunub. 3 il 8 ay öncə yazılmış həmin məqaləyə göz atdıqda bu gün “MTN işi” ilə bağlı ortada olan xeyli iddialara aydınlıq gəlir. Həmin yazıdan bir hissəni oxucuların diqqətinə çatdırırıq:
“”Zaminbank" hər gün 50 milyonu necə əridir?
Yazının girişində 18 fevral 2012-ci il tarixli sayımızdakı məqalə haqda söhbət açmışdıq. Bir daha xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılıb. Yazı işıq üzü gördükdən sonra iqtidara kifayət qədər yaxın olan bir neçə vicdanlı millət vəkilləri, müstəqil iqtisadçılar bu mövzuda bizə bəzi ip ucları verdilər. Onların iddialarına görə, Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zaminbank”a qədər gedib çıxır. Bilgili mənbələrin “Yeni Müsavat”a sızdırdığı məlumatlarda deyilir ki, Moskvada keçirilən əməliyyatdan sonra Azərbaycandan nağd şəkildə, kisələrdə milyonlarla dollar pulun daşınması nəinki dayanmayıb, hətta azacıq da olsa, səngiməyib. Qaynaqlarımız deyir ki, “Zaminbank” vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınır. Bəzi mənbələrin iddiasına görə isə “Zaminbank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır".
***
Mətbuatın yazdıqlarına görə, MTN-in sabiq rəhbərliyi hava nəqliyyatı vasitəsilə indiyədək ölkədən qeyri-leqal yollarla 2 milyard pul çıxarıb. Bu xəbərlə 2012-ci ilin fevralında yazdıqlarımız arasında üst-üstə düşən məqamlar var. Amma hələlik bu istiqamətdə araşdırmalarımız bitmədiyindən əlavə bilgi verə bilmirik. Bu iddialarla bağlı “Yeni Müsavat” qəzetinin rəhbərliyi “Zaminbank”a informasiya sorğusu yollamağı planlaşdırır.
***
Ən maraqlı və diqqət çəkən məqamlardan biri də MTN-in sabiq rəhbərliyinin illərlə davam edən qara pul əməliyyatına Mərkəzi Bankın rəhbərliyinin biganə qalmasıdır. Elman Rüstəmov vaxtında bu işlərlə bağlı ölkə rəhbərliyinə məlumat veribmi? Veribsə, niyə heç bir tədbir görülməyib? Ola bilərmi ki, o, bu cür ciddi mövzuda nədənsə çəkinərək susqunluq göstərib? Şübhəsiz ki, bu suallara aydınlıq gətirmək istintaqın işidir. Yəqin müstəntiqlər bu epizod üzrə Mərkəzi Bank rəhbərliyinin ifadəsini alacaq.
Bir məsələni də xatırladaq ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla quda olduqdan sonra xeyli güclənib. C.Hacıyev bu qohumluq əlaqəsindən istifadə edərək özünü ölkənin qeyri-rəsmi baş bankiri kimi aparıb. Bu barədə “Yeni Müsavat” bir neçə dəfə yazıb.