"Banklar üçün "parnik dövrü" başa çatdı, sınaq başladı"
"Banklar üçün sınaq dövrü başlayıb, bu testdən keçə bilməyən xeyli bank bağlana bilər"
"Xeberinfo.com": Məlumata görə, bank sektorunda baş verən prosesləri şərh edən iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bu qənaətə gəlib.
Onun sözlərinə görə, ötən ilədək “istixana şəraitində bəslənən” Azərbaycan bankları bu ildən ciddi risklərlə üzləşib: "Bu vəziyyətdən bankların necə çıxacağı hazırda bir çoxlarını, xüsusilə də banklarda əmanətləri olan müştəriləri düşündürən bir nömrəli məsələyə çevrilib. Bu günlərdə president fərmanı ilə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirməyə açılması, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi bu istiqamətdə narahatçılığı daha da artırıb. “Fitch” beynəlxalq reytinq agentliyi “Bank Technique” ASC-nin reytinqlərini geri çağırması, 6 ayın yekunlarına görə bəzi bankların (ASB, Access Bank, Mugan Bank, AFB bank və digərlərinin) aktivlərinin əvvəlki rüblə müqayisədə azalması bu istiqamətdə problemlərin davamlı olacağını deməyə əsaslar yaradır.
Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində də zəif kapitallaşma və aktivlərinin keyfiyyətinin aşağı olması səbəbindən təsdiqlənən emitentlərin defolt olma riskinə dair məlumatlar yayılmaqdadır. Bunun başlıca səbəblərindən biri də manatın devalvasiyasından sonra bəzi bankların kapitala olan minimum tələbləri yerinə yetirə bilməməsidir.
Odur ki, Mərkəzi Bank kommersiya banklarının kapitalının artırılmasının stimullaşdırılmasına yönələn tədbirlər həyata keçirməklə yanaşı riskləri idarə etmək üçün kapitallaşma səviyyəsinə olan tələbləri sərtləşdirmək siyasətini də davam etdirməlidir. Çünki, cari vəziyyətdə bank siyasətinin mərkəzində kapitalın strukturu və adekvatlığı, aktivlərin keyfiyyəti və risklərin düzgün idarəolunması dayanmaldır.
Bu situasiyada Azərbaycan Əmanətlərin Sığortalanması Fondu da çevik və optimal qərarlar qəbul etməli, eləcə də sığorta hadisələri ilə bağlı operativ məlumatlar yaymalıdır. Çünki, məcburi ləğv edilən “Azərbaycan Kredit Bankı” nümunəsində də görsəndi ki, hələ də bəzi banklarıda sığorta olunmayan əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi qorunan əmanətlərlə müqayisədə yüksək olaraq qalır.
Bir şeyi də nəzərə almaq lazımdır ki, hazırda “istixana şəraitində bəslənən” Azərbaycan bankları keçid dövrünü yaşayır və bu testdən heç də bütün banklar keçə bilməyəcək, onlardan bir qismi ilə vidalaşmalı olacagıq. Odur ki, əmanətçilər də ayıq olmalı və vaxtında qəbul edəcəyi qərarlarla vəsaitlərini sığortalamağa səy göstərməlidirlər.