"Daha 3 bankın lisenziyası ləğv edilə bilər"
Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir.
"Xeberinfo.com": Bu baxımdan Mərkəzi Bankın İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib. Bununla da hər iki bankın fəaliyyəti dayandırılıb.
Ekspertlər bundan sonra bir neçə bankın da bağlanacağını bildirirlər.
Bununla bağlı iqtisadçı Vüqar Bayramov azvision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda 5 bankın bağlanma təhlükəsi var idi və Mərkəzi Bank elan etdikdən sonra 2 bankın bağlanması ilə bağlı qərar qəbul edildi, onların lisenziyası geri alındı. Onun sözlərinə görə, digər 3 bankın da lisenziyasının geri alınması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir: “Ümumiyyətlə Azərbaycanda zəif bankların bağlanması heç bir narazılıq doğurmalı deyil. Burada ciddi bir risk doğuran çətinlik yoxdur. Bankların əmanətlər qarşısında öhdəlikləri yerinə yetirə bilməsi ilə bağlı hər hansı bir çətinlik yoxdur. Bağlanmış iki bankın əmanətləri geri qaytarması ilə bağlı problem olmayacaq. Xüsusilə qorunan əmanətlərin geri qaytarılması ilə bağlı elə bir ciddi problem yoxdur”.
Ekspert bildirib ki, bankların sayı ilə bağlı xüsusi standartlar olmasa da, beynəlxalq qiymətləndirmələr göstərir ki, Azərbaycanda bankların sayı digər qonşu ölkələrlə müqayisədə daha çoxdur:“Təbii ki, bankların birləşməsinə ehtiyac var. Bankların bağlanmasındansa, onların birləşməsi daha məqsədə uyğundur. Çox təəssüf ki, hələ bankların birləşməsi müşahidə olunmur. Azərbaycanın mövcud maliyyə bazarının miqyasını, əhalinin sayını və adambaşına düşən ümumidaxili məhsulun həcmini nəzərə alsaq, bankların rəqabətliliyini artırmaq üçün bankların sayını 30-a qədər azaldılması yaxşı olar. Bu bankların bağlanması ilə deyil, onların birləşməsi yolu ilə həyata keçirilsə, daha məqsədə uyğundur. Çünki bankların birləşməsi bütövlükdə bank sektoruna inamın da qorunub saxlanmasına imkan verir. Bu bank sektorunda rəqabətin güclənməsinə, inamın artırılmasına və eyni zamanda bank sektorunun təkmilləşməsinə şərait yarada bilər. Ümumilikdə 2015-ci ilin ikinci yarısı və 2016-cı ilin birinci yarısında daha 3 bankın ya birləşəcəyi, ya da bağlanacağı ilə bağlı qərar qəbul ediləcəyini proqnozlaşdırırıq”.