“Devalvasiya riski ciddi olaraq, qalmaqdadır”
İqtisadçılar Mərkəzi Bankın tezliklə kəskin qərarlar verəcəyindən narahatdır, çünki proses belə davam edə bilməz
Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması ikinci devalvasiya riskini qaçılmaz edir.
"Xeberinfo.com": Ekspertlər bildirirlər ki, proses rezervlərin tükənməsinə doğru gedir və yaxşı olmayan nəticələr vəd edir. İkinci devalvasiya isə ölkə iqtisadiyyatı üçün ciddi təhlükə hesab edilir.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, bir ayda rezervlərin 1,5 milyard dollar azalması onu göstərir ki, manata güvən qalmayıb: “Azərbaycan əhalisinin, iqtisadi oyunçuların manata güvəni tamamilə sarsılıb. Gözləntilər artıb ki, manatın getdikcə dəyərsizləşməsi davam edəcək. Bu tipli valyuta məzənnəsi ilə bağlı məsələlərdə güvən çox önəmlidir. Güvən sarsıldıqca oyunçuların aktivliyi artır və getdikcə həm əhali, həm də iqtisadi fəaliyyətlə məşğul olan insanlar, şirkətlər getdikcə daha çox əllərində olan sərbəst manatı dollara çevirməyə meyl göstərirlər. Bu, onu göstərir ki, devalvasiya sürəci ümumiyyətlə, çox sürətlidir. Yəni insanlara mesaj verildi ki, heç bir gərginlik olmayacaq. Birdən-birə 35 faiz devalvasiya oldu. Bu, onu göstərdi ki, insanların ümumiyyətlə, Mərkəzi Bankın sözünə və hökumətin atdığı addımlara güvəni tamamilə sarsıldı. Devalvasiyadan sonra da valyuta ehtiyatlarının azalması onu göstərir ki, insanlar hələ də əllərində olan manatın sürətlə dollarlaşmasına çalışırlar. Güvən yenidən təsis olunmayana qədər bu proses davamlı olacaq”.
Ekspertin sözlərinə görə, bu isə rezervlər üzərində böyük basqı yaradır: “Rezervlərin belə sürətlə azalması onu deməyə əsas verir ki, aprel-may aylarında da bu tendensiya davamlı olsa, Mərkəzi Bank ikinci bir addım atmaq məcburiyyətində qalacaq. Çünki rezervlərin tükənməsi sürəti həddindən artıq yüksəlib. Hətta Mərkəzi Bank fevralda və yanvarda olduğundan daha çox mart ayında müdaxilə etməyə məcbur olub. Ona görə də, hər şey aprel və may aylarında rəsmi rəqəmlərin vəziyyətindən asılı olacaq. Görünən odur ki, ajiotaj davam edir və insanlar əllərində olan kiçik manat rezervlərini belə, yenidən dollara çevirməyə çalışırlar. Bu ajiotajın davamlı olması, aprel ayında da müdaxilələrin yüksək səviyyədə olmasını indidən proqnozlaşdırmağa əsas verir. Belə davam etsə, təbii ki, Mərkəzi Bankın ikinci devalvasiyaya getməsi qaçılmaz olacaq. Amma bunun səviyyəsi və faizi barədə söz demək çətindir. Hər şey neftin qiymətindən asılı olacaq. Çox güman ki, neftin qiymətinin yaxın zamanlarda artması gözlənilmir. Bu səbəbdən də ikinci devalvasiya dalğasında Mərkəzi Bank məcburən birinci dalğadakı 35 faiz həcmində olmasa belə, ona yaxın və yaxud da onun yarısı qədər həcmdə devalvasiyaya getməyə məcbur olacaq”.
Qeyd edək ki, ekspertlər Mərkəzi Bankın devalvasiyanın tempini artıracağından narahatdırlar. Həmçinin, bildirilir ki, kəskin devalvasiya da istisna deyil. Çünki Mərkəzi Bank bu templə maksimum 2-3 ay ehtiyatların azalmasına imkan verə bilər.
Ekspert Samir Əliyev isə bildirib ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının azalması son səkkiz ay ərzində davam edir: “Manatın sabitliyi üçün Mərkəzi Bank son dörd ayda valyuta ehtiyatının 37 faizini itirib. Dekabr-mart aylarında ehtiyat təxminən 5,5 milyard dollar azalıb”.
S.Əliyev qeyd edib ki, hətta 34 faizlik kəskin devalvasiya da valyuta ehtiyatını qoruya bilməyib: “Vəziyyət gözlənildiyindən də pisdir. Proseslər göstərir ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını davam etdirəcək”.
Ekspertin sözlərinə görə, narahatçılıq manatın ucuzlaşmasının gözlənildiyindən də sürətli templə davam etdirilə biləcəyi ilə bağlıdır: “Mərkəzi Bank tezliklə sərt addımlar atmalı olacaq. Hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər”.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 4,29 milyard dollar (31,2 faiz) azalaraq, 13,76 milyard dollardan 9,47 milyard dollara enib. (musavat.com)