Yenixeber.org: "Sputnik Azərbaycan"-a Federasiya daxilindən verilən məlumata görə, idmançıların və işçilərin əmək haqları vaxtı-vaxtında ödənilmir. Maaşların verilməsində 2-3 ay gecikmələr olur, hətta son 5-6 ayın maaşı hələ də verilməyib. Bununla əlaqədar olaraq artıq Federasiya daxilində də vəziyyət gərginləşib. İşçilər işləmək istəmir, idmançılar vəziyyətdən narazıdır. Məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan əməkdaşı ABF-in mətbuat xidmətinin rəhbəri Tahir Hümbətovla əlaqə saxlayıb Federasiyasının sözçüsü isə deyilənləri təkzib edib. “Komandalarımız ilin əvvəlindən təlim-məşq toplanışları keçirir, müxtəlif yarışlara qatılır. Böyüklər və gənclər arasında ölkə çempionatı keçirilib, bu gün də yeniyetmələr mübarizəyə başlayacaqlar. Hazırda böyüklərdən ibarət yığmamız Nalçikdə hazırlıqdadır. Məqsəd 22 yaşadək olanların Avropa çempionatında uğurlu iştirakdır. Bunu deməkdə məqsədim odu ki, maliyyə problemi olan Federasiya belə iş görə bilməz” – o bildirib. “Maaş məsələsinə gəlincə, yeni il öncəsi 2 ayın əmək haqqı verilib. İlin yeni başladığını nəzərə alsaq, ciddi gecikmə də yoxdur. Fevral başa çatdıqdan sonra da maaşlar veriləcək. Çünki ay bitməyib” – deyə Tahir Hümbətov əlavə edib. “Şikayət edənlərin kimliyini dəqiq bilmirəm. Ola bilər ki, həmin idmançı yeni baş məşqçimizin gəlişindən sonra əsas heyətdə yoxdur, yaxud müəyyən müddətdir millidən kənardadır. Federasiya milli üzvlərini maaşla təmin edir” – Federasiya sözçüsü vurğulayıb.