Sabiq polis rəisi ifadə verdi -Həyat yoldaşının məhkəməsində
Sabiq polis rəisi arvadının məhkəməsində ifadə verib. O, dələduzluqda təqsirləndirilən arvadının cinayət işində şahid kimi dindirilib.
Xeberinfo.com: Sabiq polis rəsinin ziddiyyətli ifadələri məhkəmədə gərginlik yaradıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinahətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın əri, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərov dindirilib.
Bildirək ki, L.Əkbərovanın işi üzrə bir neçə nəfər zərər çəkən kimi qeydə alınıb. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar. L.Əkbərova ilə A.Məmmədova bir neçə aylıq qohum da olublar. Belə ki, A.Məmmədovanın qardaşı ilə L.Əkbərovanın qızı nişanlanıblar. Sonradan bu nişan pozulub.
Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər.
Məhkəmədə L.Əkbərova həbs edilmədən öncə dəymiş zərərin 165 min manata yaxın olduğu məlum olub. Onlar bu miqdarın 49 min manatını ödəyiblər. Qalan məbləği ödəmədikləri üçün A.Məmmədova və digər zərərçəkmişlər polisə müraciət ediblər.
Məhkəmədə A.Məmmədova həyat yoldaşı Dəyanət Məmmədovun ikinci təhsil üçün 12 min manatı şəxsən polis mayoru olmuş Mahir Əkbərova verdiyini deyib.
Sabiq polis rəisi isə məhkəmədə bu və digər epizodlar üzrə danışarkən deyilənlərin hamısının yalan olduğunu, bütün əməlləri keçmiş arvadının törətdiyini bildirib:
“Leyladan 3 il əvvəl boşanmışam. Boşanmağımızın səbəbi də bu söz-söhbətlər oldu. Böyük qızım şikayətçi Anarənin qardaşı ilə nişanlı olub. Elə bütün bu problemlər də bunlarla qohum olandan sonra başladı. Qızımın nişanlısı işləmirdi. Maşını da yox idi. Gedib 10 min ilkin ödəniş edib, ona maşın aldım. İndi də həmin krediti ödəyirəm. Sonra gördüm işləmir, avaralıq edir, maşını əlindən aldım, nişanı qaytardıq. Sonradan bu pul söhbətləri çıxdı. Kim kimdən pul alıb, kimsə kimisə işə düzəldəcəkmiş məsələləri məni bezdirdi. Mənim bunlardan xəbərim yoxdur. Bu söhbətlərdən bezib Leylanı boşadım. Başım dincəldi. Amma mənə zənglər gəlirdi ki, arvadın bizdən pul alıb, işə düzəldəcəkdi. Mən bir neçə nəfərin pulunu qaytardım. Evi də Leylaya qoyub, çıxıb getmişdim. 18 aydır həbsdədir, heç kimi də yoxdur. Ona indi də mən baxıram. Bir uşağım birinci qrup əlildir. Ayda 1000 manat verib, ona baxıcı tutmuşam. Sorğu verib, araşdıra bilərsniz ki, banklara nə qədər borcum var. Hamısı da bu söhbətlər çıxandan sonra yaranıb”.
İsrarla özünün bu işlərdən xəbərinin olmadığını deyən Mahir Əkbərovun sözlərinə zalda olan zərərçəkmişlər etiraz ediblər. Mahir Əkbərov çıxışının davamında bu işdə əli olanların həbs edilməsini də istəyib: “Kimin nə etdiyi, kimdən pul aldığı məlum deyil. Günahı olanları tutub salsınlar içəri, aydınlaşdırsınlar”.
Məhkəmədə prokurorun suallarını cavablandıran sabiq polis əməkdaşı Dəyanət Məmmədovdan universitetə düzəltmək üçün 12 min manat alıb-almaması haqda bunları deyib: “Mən rektoram, təhsil naziriyəm ki, işə adam düzəldim? Heç kimdən pul almamışam. Yalandı, şərdi, böhtandır”.
Zalda olan zərəçəkmiş Dəyanət Məmmədov da prokurorun sualını cavablandırıb, pulu harada və hansı məqsədlə M.Əkbərova verdiyini danışıb: “Mən ikinci ali təhsil almaq istəyirdim. Mahir dedi ki, 12 min manata bu işi həll edəcək. Dövlət İdarəçilik Akademiyasına məni düzəldəcəkdi. 12 min manatı şəxsən “Arpaçay” kafesində onun özünə vermişəm. Bunu sübut edəcək telefon danışıqları, mesajlar da var. Bir müddət sonra iş düzəlmədi. Mahir dedi ki, məni özünə yaxın bilib, verdiyim pulu restoranının sənədlərini düzəltməyə xərcləyib. Guya ki, qaytaracadqı”.
Məhkəmədə məlum olub ki, M.Əkbərov əvvəlcə söz verdiyi kimi Dəyanət Məmmədovu Dövlət İdarəçilik Akademiyasına düzəldə bilməyəcəyindən sözünü dəyişib. Bu haqda isə zərərçəkmiş Anarə Məmmədova məhkəmədə danışıb:
“Ailəvi olaraq Şamaxıya istirahətə getmişdik. Mahir də ailəsi ilə orada idi. Mahir telefonda anası ilə danışdı. Yoldaşımı Naxçıvana universitetə düzəldəcəyini, tanışları olduğunu dedi. Mahirin anası Almaniyada idi. Dedi ki, gözləyək, o gəlib işi həll edəcək. 12 min manatın 5 min manatını da mənim Təfəkkür Universitetindən oxuyub aldığım diplomumun yalandan saxta olduğunu deyərək məndən aldılar. Qalan pula isə yoldaşımı Naxçıvana universitetə düzəldəcəkdilər. Bu söhbətləri sübut edəcək telefon danışıqları, mesajlar, vatsap yazışmaları var. Biz vəkilimiz vasitəsi ilə onları sizə təqdim edəcəyik”.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunaraq həbs edilən Leyla Əkbərova da məhkəmədən söz istəyib.
O, keçmiş əri Mahir Əkbərovun günahsız olduğunu məhkəməyə sübut etməyə çalışıb: “Mahiri bu zülmə mən salmışam. Öz səfehliyimdən üç uşağımın atasını bu hala saldım”.
Zərərçəkmişlər isə Leyla Əkbərovanın bu sözlərinə etiraz ediblər və bildiriblər ki, O, qorxduğu üçün ərini məsuliyyətdən kənarda qoymağa çalışır.
Məhkəmədə digər diqqət çəkən bir məqam isə Mahir Əkbərovun dəymiş zərəri ödəyəcəyini deyərək məbləği soruşması olub: “Nə qədər zərər var axı. Deyin görüm mənə”.
Onun bu sualına ilk cavab keçmiş arvadından gəlib: “116 min”.
Zərərçəkmişin vəkili Vasif İsrafilov məhkəməyə Mahir Əkbərovun Dəyanət Məmmədovdan 12 min manatı və digər şəxslərdən pul almasını sübut edən vatsap danışıqlarını məhkəməyə təqdim edib.
Hakim Rahib Salmanov bildirib ki, həmin danışıqlar M.Əkbərova qarşı ittihamların əsaslı olduğunu sübut edir. Ancaq hakim həmin sübutların əsaslı olduğunu araşdırılmasının lazım olduğunu da qeyd edib.
Mahir Əkbərov buna da etiraz edib və həmin vatsap danışıqılarının gerçək olmadığını bildirib.
Hakim növbəti məhkəmə prosesini dekabrın 15-nə təyin edib və sabiq polis rəsinin də məhkəmədə iştirak etməsini tələb edib.
Növbəti prosesdə Mahir Əkbərovun anası Nigar Əkbərova və qızı Fidan Əkbərli də məhkəmədə şahid qismində ifadə verəcək. Sabiq polis rəsinin anası Nigar Əkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail Rayon Şöbəsində sektor müdiri işləyir.
Qeyd edək ki, vaxtı ilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş.
O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.