İşə adam düzəldən “polkovnik”in məhkəməsi: “Villanı sat, pulumuzu ver”
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi Əlövsət Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Xeberinfo.com: Bu prosesdə də xeyli sayda şahid dindirilib. Onların əksəriyyəti təqsirləndirilən şəxsin dələduzluq əməlinin qurbanı olublar.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmişlər təqsirləndirilən şəxslərə qarşı qəzəblərini gizlədə bilməyiblər.
Musavat.com xəbər verir ki, şahidlər ifadə verərkən zalda olan zərərçəkmişlər fürsət düşdükcə, Ə.Məhərrəmovdan pullarını qaytarması tələb ediblər.
50-dən çox zərərçəkmiş var...
Şahidlərin və zərərçəkmişlərin dediklərindən belə məlum olub ki, Ə.Məhərrəmov "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi olsa da, işə adam düzəltməklə məşğul olub. Bunun üçün də özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edib.
Bu iş üzrə zərərçəkmişlərin sayı 50-dən çoxdur. Onlar FHN-ə işə düzəlmək üçün 4-10 min manat arasında nağd pulu Ə.Məhərrəmova verdiklərini deyiblər.
Təqsirləndirilən şəxs pul aldığı vətəndaşlara əvvəlcə bildirib ki, işə düzəlmək üçün ilk olaraq Ukraynada kurs keçmək lazımdır. Bunun üçün Ə.Məhərrəmov vətəndaşlardan 4 min manata qədər pul alıb. 3 aylıq kursdan sonra onlar işə düzəldilməli imişlər...
“Novxanıda 4 mərtəbəli villan var. Sat, o xarabanı...”
Məhkəmə prosesinin gedişində zalda olan zərərçəkmişlərdən biri yerindən deyib: “Allah sənin bəlanı versin, Əlövsət... Nə istədin bu qədər camaatdan? Biz nə qədər gəlib, getməliyik? Bu qədər insanı niyə süründürürsən? Novxanıda 4 mərtəbəli villan var. Sat, o xarabanı camaatın pulunu ver də... Camaatın pulunu basıb yemisən...”
Ardınca zərərçəkmiş bir qadın qəzəbli şəkildə bu söhbətə qoşulub: “Ay zalım, mən qadın xaylağı bu yaşımda yolda biri peraşki yiyəndə tamah salıram. Gündəlik çörəyə möhtac qalmışam. Nəyim var idi, əlimdən aldın. Banklar pensiyamı alır. Özüm, ailəm ac-yalavac qalmışıq. Mənim pulumu qaytar da... Allah sənin bəlanı versin”.
“Pul da batıb cəhənnəmə”
Məhkəmədə ifadə verən şahidlərdən biri Fariz Bədəlov olub. O, ifadəsində bildirib ki, onun atası Əlövsət Məhərrəmova 4100 manat verib. Məqsəd isə onun Ukraynada kursa düzəlməsi imiş:“Onu atam tanıyır. Pulu da atam vermişdi. Ukraynada oxuyub, qayıdandan sonra işə düzələcəkdim. Yalandan getdim-gəldim. Amma iş düzəlmədi. İndi də pulumuzu ala bilmirik. Artıq bu işdən yorulmuşam. Pul da batıb cəhənnəmə... Cəzası nədir verin, gedib çəksin”.
İfadə verənlər arasında təqsirlənidirlən şəxsin iş yoldaşı olmuş Firidun Həsənov da olub. O, da şahid qismində dindirilib. Şahid deyib ki, qohumunu işə düzəltmək üçün Ə.Məhərrəmova 4850 manat pul verib. Ancaq digərləri kimi onun da işi düzəlməyib.
Prokuror şahiddən təqsirləndirilən şəxsi FHN formasında görüb-görmədiyini soruşub. Şahid isə qeyd edib ki, onlar ayrı-ayrı binalarda olduğu üçün Ə.Məhərrəmovu gec-gec görüb. Bu səbəbdən də xatırlamır.
Təqsirləndirilən şəxsə 10 min dollar pul verən isə Elçin Ağayevin atası olub. Şahid Elçin Ağayev məhkəmədə deyib ki, atası onu FHN-ə işə düzəltmək üçün Əlövsət Məhərrəmova pul verib.
Məhkmədə Əlövsət Məhərrəmovun təşkil etdiyi kurslarda dərs deyən müəllim Vaqif Sərdaraov da ifadə verib. Hüquq-mühafizə orqanlarında 20 il xidmt etdiyini və polkovnik olduğunu deyən şahid 6 aya yaxın Ə.Məhərrəmovun yanında işə düzəldiyini və kursda dərs dediyini bildirib. O, təşkil olunan kurslarda 6-7 nəfərin iştirak etdiyini söyləyib.
Digər şahid Elçin Abdullayevin ifadəsində başqa bir maraqlı məqam ortaya çıxıb. Oğlunu işə düzəltmək üçün Əlövsət Məhərrəmova 7 min manat verən E.Abdullayev deyib ki, təqsirləndirilən şəxs pul aldığı insanları inandırmaq üçün onlara Quran kitabı paylayırmış.
Məhkəmədə o da məlum olub ki, Ə.Məhərrəmovun cinayət işində ümumi 93 nəfər şahid kimi tanınıb. Onların yarısından çoxu zərərçəkmişdir. Sonuncu məhkəmə prosesində 37-ci şahidin ifadəsi dinlənilib.
Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.