Sabiq bank rəhbəri müxalifətə keçdi -məktubunun sirli kodları
Beynəlxalq Bankın keçmiş rəhbərinin indi sanki təkbaşına dirəniş göstərdiyi rəyi yaranır, amma heç şübhə yoxdur ki, onun arxasında dayanan qüvvə var; bu isə təkcə Eldar Mahmudov olmaya bilər; Hacıyev təkcə maliyyə nazirini deyil, dışlandığı sistemi hədəf alıb...
Xeberinfo.com: Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri, ötən ay məhkəmənin hökmü ilə 15 azadlıqdan məhrum edilən Cahangir Hacıyev həbsinin ildönümü ərəfəsi həbsxanadan geniş mətnli müraciət yayıb. Sabiq bankir “ictimaiyyətə müraciət” kimi təqdim edilən məktubunda yenə də özünün suçsuz olduğunu iddia edərək maliyyə naziri Samir Şərifovu hədəfə alıb, özünü az qala “təmiz bankir”, “xalqa canı yanan əzabkeş kimi” təqdim etməyə çalışıb.
C.Hacıyev uzun müddətə həbsə göndərilməsini əlbəttə ki, həzm edə bilmir, daima komfort həyat sürməsi səbəbindən indi həbsxana divarları arasında sıxılır. Hələ də Bakı İstintaq Təcridxanasında saxlanılan C.Hacıyevin müqavimət göstərməsi bu səbəbdən başadüşüləndir.
Maliyyə naziri ilə illərdir sürən düşmənçiliyi nəhayətdə onun acı sonluğu ilə nəticələndi. Vaxtilə dövlət büdcəsindən də çox maliyyəyə nəzarət etmiş, istədiyi kimi xərcləmiş C.Hacıyev indi yaranmış böhrana görə özünü qətiyyən suçsuz bilmir. Onun hədəfi isə ilk baxışdan göründüyü kimi, təkcə maliyyə naziri deyil, əslində dışlandığı sistemdir.
Məsələn, C.Hacıyev müraciətinin girişində iddia edir ki, yaranmış duruma görə əsas məsuliyyət “heç bir maliyyə siyasəti olmayan, eləcə də heç iqtisadi - maliyyə təhsili olmayan (S.Şərifov Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib-”YM") maliyyə nazirinin" üzərindədir. Yada salaq ki, 2006-cı ildə sabiq maliyyə naziri Əvəz Ələkbərov MTN şefinin yuxarılara “nazir Əli İnsanovla iş birliyində olub” kimi dosyesindən sonra işdən çıxarılmışdı ki, bunu illər sonra Ə.Ələkbərov özü də etiraf etmişdi.
Amma C.Hacıyevlə hələ qohum olmasa da, artıq çox yaxın olan E.Mahmudov öz kadrını nazir postuna gətirə bilmədi. Üstəlik, yalnız prezidentə bağlılığı olan nazir sonradan onlara boyun əymədi. İndi açıq şəkildə olmasa da, C.Hacıyev maliyyə nazirinin təhsilini qabardır, həddini aşaraq “yanlış kadr təyin olunub” mesajını verir.
C.Hacıyev bundan sonra suallara keçir: “Haradadır Maliyyə Nazirliyinin iqtisadi-təhlükəsizlik siyasəti? Milli valyutanın möhkəmliyi, sabitliyi ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Devalvasiyanı hansı iqtisadi qanunlar və meyarlar əsasında aparıb? Bu təxribat deyilmi? Yarıtmaz devalvasiya nəticəsində 11 bank bağlanıb, məgər bunun da günahkarı mənəm? Əhalinin banklardakı əmanətlərinin çox hissəsi batıb, Əmanətlərin Sığortalanması Fondu vəsait çatışmazlığından Mərkəzi Bankdan 500 milyon manat götürmək məcburiyyətində qalıb. Məgər bunun da günahkarı mənəm?”
C.Hacıyevin ritorik suallarında da hədəf ölkənin maliyyə sistemidir ki, ilyarım əvvələdək sabiq bankir də onun bir hissəsi idi. İndi isə dəyişən çox şey var və C.Hacıyevin hətta müxalifət susduğu bir vaxtda, iqtidar üçün ən həssas bir dönəmdə nəyi qabartdığını yaxşı bilir...
C.Hacıyev 2015-ci ilin fevral ayında maliyyə nazirinin təklifi ilə manatın ilk devalvasiyasını yenə yada salır: “Devalvasiyanın miqyası, ölçüsü, bankların və əhalinin buna hazırlanmaması bank sektorunu çökdürür, insanlara ağır təsir edir. Həmin devalvasiyada Azərbaycan Beynəlxalq Bankı (ABB) kapitalının ən azı 20-25 faizini (130-150 mln AZN) itirə bilərdi. Lakin ABB menecmenti tərəfindən görülən tədbirlər nəticəsində bu itki 7 milyon manat olur. Hər halda, ağır itkinin qarşısını ala bildik, 7 milyon manat qaçılmaz itki isə səriştəsiz devalvasiyanın qurbanına çevrilir. Halbuki bu zərəri də mənə aid edirlər”.
C.Hacıyevin niyə devalvasiyadan belə möhkəm yapışmasının sirri var. Çünki istefaya göndərilməsinin əsas səbəbi də məhz devalvasiya, daha doğrusu, bu prosesdə qazandığı iddiasıdır. Xəbərlərdə deyilirdi ki, C.Hacıyevin istefaya göndərilməsinin kökündə məhz devalvasiyadan öncəki dollar alveri durur. Belə ki, bankir devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamında olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib. Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri prezidentə məruzəsində yaranmış situasiyaya görə C.Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar. C.Hacıyev doğrudan da “devalvasiya məhbusu” hesab oluna bilər...
Yeri gəlmişkən, daha bir maraqlı məqam da diqqət çəkir. C.Hacıyev maliyyə sektorunda E.Rüstəmova heç vaxt güvənməyib, münasibətləri, yumşaq desək, pis olub, iddialara görə, qudasına arxayın olub heç baş bankiri saymayıb da. Amma nədənsə, həbsdən sonra E.Rüstəmovu düşmənləri sıyahısından çıxarıb. Elə son müraciətində də devalvasiyaya görə S.Şərifov qədər məsuliyyət daşıyan E.Rüstəmovun adını xatırlatmayıb. Ehtimal etmək olar ki, C.Hacıyev indi “iki cəbhədə” vuruşmağın mənasız olduğunu anlayıb və yalnız maliyyə nazirini hədəf seçib. Başqa bir ehtimal isə C.Hacıyevin baş bankirlə anlaşa bilməsi ola bilər. Çünki sirr deyil ki, elə E.Rüstəmovla maliyyə naziri də çoxdan yola getmirlər...
C.Hacıyev bankın rəhbərliyindən uzaqlaşdırılandan sonra başlamış istintaqa da narazılığını bildirir:“BMCMİ-də cinayət işi başlanır, çoxlu sahibkarlar həbs edilir, minlərlə vətəndaşa ölkəni tərk etmək qadağası qoyulur, minlərlə iş yerləri bağlanır, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələr iflic olur, bankın və layihələrin idarəçiliyində xaos yaranır və kreditlərin ödənilməsi dayanır. Nəticədə bankların yaranan zərərlərini hazırda mənə aid edirlər”.
Həbsdəki bankir “hər devalvasiya vaxtı yaranan zərərlər mənim ünvanıma aid edilir” yazaraq, rəqəmlər sadalayır. “Əvvəl 1 milyard manat, sonra 3 milyard, 6 milyard manat, indi də 10-20 milyard manat nağılı işə düşüb” deyə, o, narazılığını bildirir. Əlbəttə ki, C.Hacıyev uzun illərin təcrübəsində bank maxinasiyalarını, eləcə də maliyyə nazirinin offşorlarda pul “fırlada biləcəyindən” yaxşı xəbərdar ola bilir. Onu haqlı narahat edən səbəb isə “çox yüklənməsidir”. Sabiq bankir ondan indi mənimsənilən puldan daha çox istənilməsinə etiraz edir.
Məlumdur ki, ümumilikdə C.Hacıyev və ailəsinə məxsus 184 milyonluq səhmlər Beynəlxalq Banka qaytarılıb. Amma bunlar heç məhkəmədə nəzərə alınmadı. İddialar var ki, C.Hacıyevdən qaytardığı məbləğdən bir neçə dəfə çox pulu da geri istəyirlər. Ona ağır cəza verilməsinin səbəbləri sırasında, deyilənə görə, bu israrı da var. Vaxtilə Fərhad Əliyevə də elə MTN bu cür bazarlıq təklif etmişdi, amma sabiq nazir israr etdiyi üçün 9 il həbsdə yatmalı oldu.
C.Hacıyev də bu müraciətində əsas vurğunu “yüklənməsinə” edib. Diqqət edək: “Başqa bir qəribəlik ondan ibarətdir ki, iki ildir istintaq gedir, məhkəmə prosesinin birinci mərhələsi başa çatıb. Ancaq Londondakı lordlar məhəlləsindəki bahalı malikanələrim, təyyarələrim, offşor zonalarındakı pullarım haqqındakı şayiələr şayiə olaraq qalmaqdadır. Real aləmdə bunları tapan və görən yoxdur”.
Dekabrın 5-də C.Hacıyevin həbsinin 1 ili tamam olur. Onun mart ayında “istefa” verməsindən keçən 10 ayda azadlıqda qalmasına səbəb dəyən ziyanı toplamaq və özünün də borcunu ödəmək vədi olub. Amma C.Hacıyev anlaşmanı pozduğu üçün bir il əvvəl həbs olundu. Onun anons etdiyi üçüncü ittiham haqda hələ ki rəsmi məlumat yoxdur, amma özü yazır ki, ona yeni ittiham verilir. “Bu lap sinxron qadın üzgüçülüyü idman növünə bənzəyir, əhsən! Tanrı bizi növbəti devalvasiyalardan, məni isə üçüncü ittihamdan qorusun!” deyə, müraciətini yekunlaşdırır.
Qudası - sabiq nazir Eldar Mahmudovun xilas edə bilmədiyi, bəlkə də qurban verdiyi C.Hacıyevin indi sanki təkbaşına müqavimət göstərdiyi rəyi yaranır. Amma heç şübhə yoxdur ki, onun arxasında yenə də dayanan qüvvə var, bu isə təkcə E.Mahmudov olmaya da bilər.
C.Hacıyev də çox sirlər bilir və onları həbsdən yaymayacağına heç bir zəmanət yoxdur. Onun müqaviməti həm də buna işarədir...
“YM”