Samir Şərifov “portfelsiz nazir”ə çevrilir- təfsilat
Beynəlxalq Bank vasitəsilə milyardlarla dollar vəsaitin mənimsənilməsinin qarşısını ala bilməməsi bir yana, yaxın adamlarının yenidən bu talanda iştirak etməsi maliyyə nazirini “pat” vəziyyətə salıb; onun bank sektoruna nəzarətdən və iri maliyyə vəsaitlərinin bölüşdürülməsindən kənarda saxlanıldığı barədə iddialar var
Yenixeber.org: Azərbaycan Beynəlxalq Bankında 15 milyardı aşan yeyintinin ölkənin bütün iqtisadi sferasına, xüsusilə bank sektoruna vurduğu zərbənin təsirləri hələ də hiss olunmaqdadır. Beynəlxalq Bankdan başlamış “domino effektli yıxılma” 2015-ci ildə manatın iki dəfə kəskin devalvasiyasının səbəbi oldu.
Bu işdə məsuliyyəti olanlar-Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və bir neçə məsul şəxs həbs olundu. Məhkəmə onları “əsas suçlular” kimi cəzalandırdı. Halbuki C.Hacıyev məhkəmədə israrla yanında oturacaq şəxs kimi daha çox bir nəfərin-maliyyə naziri Samir Şərifovun adını çəkirdi.
Çünki Beynəlxalq Bankın idarə olunması, böyük məbləğdə kreditlərin verilməsi və s. məsələlərdə Maliyyə Nazirliyinin rəy və qərarları həlledici idi. Şübhəsiz ki, həm Samir Şərifov, həm də onun Müşahidə Şurasında təmsil olunan müavini bankda baş verənlərdən xəbəri olub, lakin onlar C. Hacıyev və onu himayə edən güclü komandadan çəkiniblər. Amma bu da heç də o demək deyildi ki, maliyyə naziri bununla özünə haqq qazandıra bilərdi.
Ölkədə dollar qıtlığı yarandığı bir ərəfədə S.Şərifovun daha bir “ÇP”-si üzə çıxdı. Məlum oldu ki, S.Şərifovun nəzarətində olan “Azər Türk Bank” “qara bazar”ın əsas təminatçısı olub. Bankda bütün rəhbər heyəti tələm-tələsik dəyişən maliyyə naziri daha bir cəncələ düşdü. Bu dəfə Samir Şərifovun Beynəlxalq Bankın rəhbərliyinə “Azər Türk Bank”dan cəmi bir neçə ay əvvəl sədr gətirdiyi Elmar Məmmədov gözlənilmədən istefaya göndərildi. Beynəlxalq Bankın rəhbərliyinə gətirilmiş bir şəxsin qəflətən istefaya göndərilməsini zəruri edən ciddi səbəblərin olduğu şübhə doğurmurdu. Bildirilirdi ki, Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdəki fəaliyyətini araşdıran komissiya onun 1 il 4 ay ərzində bankda həyata keçirdiyi “əməliyyatlar” nəticəsində külli miqdarda qazanc əldə etdiyini müəyyənləşdirib. Bu məbləğ təxminən 170 milyon manat təşkil edib. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin “qara bazar”a birbaşa rəhbərlik etməsi ilə bağlı hakimiyyət strukturlarında ciddi məlumatlar olub. Bunun üstü Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən açılandan sonra əsas sorumlu kimi yenə maliyyə naziri olub.
Manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə əvvəllər də yetərincə məlumatlar var idi. S.Şərifovun nəzarəti altında olan iki bankda üzə çıxanlar və rəhbərlikdə gözlənilməz dəyişikliklər bu məlumatların əsassız olmadığını sübut etdi.
Amma S.Şərifov bu “od”dan qurtula bildi. “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğlu olan E.Məmmədovun məsuliyyətə cəlb edildiyi barədə xəbərlər yayılsa da, indi harada olduğu bilinmir... Yeri gəlmişkən, E.Məmmədov S.Şərifovla yaxın dostdurlar və şərikli biznesləri var...
Aydındır ki, manatın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik isə Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Bu fəaliyyət isə göründüyü kimi, orda yoxdur. Devalvasiya nəticəsində 20-yə yaxın bank bağlanıb. Beynəlxalq maliyyə strukturlarının ölkə banklarına etimad indeksini endirib.
Samir Şərifovun ətrafının isə bundan istifadə edərək böyük pullar qazanması faktının üzə çıxması nazirin mövqelərinə sarsıdıcı zərbə vurdu. Beynəlxalq Bank vasitəsilə milyardlarla dollar vəsaitin talanmasının qarşısını ala bilməməsi bir yana, yaxın adamlarının yenidən bu talanda iştirak etməsi maliyyə nazirini “pat” vəziyyətə salıb.
Məlumatlara görə, hazırda S.Şərifovun bank sektoruna nəzarətdən tam kənarlaşdırılıb və bu işi Banklara Nəzarət Palatası həyata keçirir.
Onun təkcə bank sektorundan deyil, iri maliyyə vəsaitlərinin bölüşdürülməsindən də kənarda saxlanıldığı barədə iddialar var. Bu isə S.Şərifovun da Z.Məmmədov kimi hakimiyyətdə etimad limitini itirdiyinə işarədir. Sirr deyil ki, son il yatımda yalnız prezident İlham Əliyevin iqtisadi komandasının (köməkçilərinin) fəaliyyəti sayəsində ölkənin maliyyə bazarında sabitlik yaratmaq mümkün olub.
Bəs bu qədər səriştəsizliyinə rəğmən, cənab S.Şərifov hələ də nazir postunu necə qoruya bilir? Bu yerdə yada vaxtilə baş nazir iddiaçıları sırasında olan S.Şərifovu “hansı dövlət dəstəkləyir” kimi iddialar yada düşür. Həmçinin Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvetsin maliyyə nazirini “Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarının agenti” adlandırması da... Onun müsahibəsindən yalnız bir sitatı xatırladırıq: “Əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına da işləyib. Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb”.
Absurd kimi görünür, amma söhbət bir ölkənin maliyyə təhlükəsizliyinin qarantı olan nazirdən gedirsə, bu iddiaları xatırlamamaq olmur.
Nəhayət sonda: məlumata görə, iyulun 7-də ABŞ-ın Müstəqillik Günü ilə bağlı bu ölkənin səfirliyinin düzənlədiyi törəndə görünən nazir Samir Şərifovun kefi kök olub. Əcəba, naziri qoruyan əllərdən biri ABŞ-dımı və onu niyə qorusun ki?
“Yeni Müsavat”