BDU müəlliminin də həbsi təklif olundu – "Yanan bina işi"
Keçən il mayın 19-da Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı daha bir nəfərin həbsi istənilir.
Xeberinfo.com: Bu təkliflə həmin cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində araşdıran hakim Əfqan Hacıyev çıxış edib.
Söhbət, bu yanğına görə təqsirləndirilən 8 nəfərdən biri, lakin həbsdə olmayan Ağacavad Məmmədovdan gedir. O, BDU-nun müəllimi olmaqla yanaşı, həm də müqavilə əsasında Dərnəgül Boru Zavodunun laboratoriyasına rəhbərlik edib. Binaya vurulan poliuretan üzlüklərlə bağlı rəy verib.
Ağacavad Məmmədov oktyabrın 10-da akademik Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib. Ona görə bu iş üzrə oktyabrın 19-da keçirilən məhkəmə iclasında da iştirak etmirdi.
Bugünkü iclasda Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov məhkəməyə xəstəxananın arayışını təqdim edib. Arayışda göstərilib ki, o, infarktdan sonrakı kardioskleroz, şəkərli diabet, üçüncü tip ürək çatışmazlığı və s. xəstəliklərdən əziyyət çəkir.
“BİR NEÇƏ SAAT OTURA BİLMİR”
“Ağacavad Məmmədov sərbəst gəzə bilmir, heç bir neçə saat otura bilmir. O, xüsusi texniki vasitələrlə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya çatdırılıb. Ötən məhkəmə iclaslarından birində də vəziyyəti pisləşmiş, hakimin təşəbbüsü ilə məhkəməyə təcili yardım çağrılmışdı”, – vəkil xatırladıb.
Müdafiəçi Ağacavad Məmmədovun tibbi ekspertizadan keçirilməsi, onun bu vəziyyətdə məhkəmə prosesində iştirak etmək iqtidarında olub-olmamasına dair rəy alınması barədə vəsatət qaldırıb.
Amma Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətin baxılmamış saxlanılmasına qərar verib. Qərarı da belə əsaslandırıb ki, xəstəxanadan verilən arayışa sadəcə, ştamp vurulub, möhür yoxdur.
Ardınca hakim Əfqan Hacıyev Ağacavad Məmmədov barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi, onun həbs olunması təklifini müzakirəyə çıxarıb:”Qəzənfər Novruzovun vəziyyəti ondan da ağırdır, amma həbsdədir. Təklif edirəm ki, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunsun. Gedib Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə oluna bilər”.
“İNSANLIĞIN AYAQ ALTINA ALINMASI”
Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov bu təklifi “insanlığın ayaq altına atılması” kimi qiymətləndirib: “Siz mənim vəsatətimi nə vaxt müzakirə edəcəksiz, adam öləndən sonra? Bu təklif insanlığa qarşı biganəlikdi, insanlığın ayaq altına atılmasıdı. Bu təklifiniz sizin qərəzli, sifarişli mövqeyinizdən xəbər verir”.
Digər vəkillər də hakimin təklifinə etiraz edib.
“Qanuna görə, adam üzrsüz səbəbdən məhkəməyə gəlmirsə, qətimkan tədbiri dəyişdirilib həbslə əvəz oluna bilər. Bu adam xəstəxanadadır və bunu təsdiqləyən rəsmi sənəd var. Əgər ştampla kifayətlənmirsinizsə, şübhəniz varsa, o zaman məhkəmə özü sorğu göndərib bir daha məsələni dəqiqləşdirə bilər. Cinayət-Prosessual Məcəlləni istədiyimiz yerə yönəldə bilmərik. Qanun şahdır, biz yox. Bu xəstə adamın barəsində həbs qərarının verilməsi həm də qəddar rəftarın nümayişi olacaq”, – vəkillərdən İlhamə Həsənova bildirib.
Yanğın nəticəsində bacısını və qardaşını itirmiş zərərçəkmiş Feyzulla Bağırov da təklifin əleyhinə çıxıb: “Mən özüm də həkiməm, 35 ildir Təcili Tibbi Yardımda işləyirəm. Onun zahiri görkəmindən də bilinir ki, bu adam xəstədir. Həbs olunmasına etiraz edirəm”.
Təqsirləndirilən şəxslər də təklifə etiraz ediblər.
“İNSANLARA YAZIĞINIZ GƏLSİN”
“Elmlər namizədi, heç bir günahı olmayan adamın bu yaşında gəlib burada dayanmasının özü ona zərbədir. İnanın, ona həbs xəbərini deyəndə elə orada dünyasını dəyişə bilər. Bu iş üzrə təqsirləndirilən şəxslərin sayı 11 nəfər idi. Sonra Xətai rayonundakı bina yanğını ilə əlaqədar üç nəfərin işini ayırdılar. Onlardan biri olan Hüsrətin ürəyi dözmədi, təcridxanada dünyasını dəyişdi. Ağacavad Məmmədov da eyni aqibəti yaşaya bilər. İnsanlara yazığınız gəlsin”, – təqsirləndirilən şəxslərdən binanı üzləmiş və poliuretan üzlükləri istehsal etmiş “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov bildirib.
Amma müşavirədən sonra hakim fikrini dəyişib. Elan edib ki, hazırkı mərhələdə Ağacavad Məmmədovun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac görmədilər.
Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.
Xatırladaq ki, sözügedən yanğınla əlaqədar məhkəmə qarşısına çıxarılanlar arasında Ağacavad Məmmədov və Miryusif Mahmudovla yanaşı, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da var. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. (azadliq.org)