"Laboratoriyanın verdiyi nəticələr standartlara uyğundur" -"Yanan bina işi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunanların cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Xeberinfo.com: Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Cinayət işinin 26-cı cildində təqsirləndirilən Ağacavad Məmmədovun Dərnəgül Boru Zavodunun laboratoriya müdiri kimi təqdim olunmasına vəkil Məzahir Şahmarov etiraz edib: "Orada texniki səhv olub. Ağacavad müəllimin Dərnəgül Boru Zavodu ilə heç bir əlaqəsi yoxdur. O, BDU-nin işçisi olub. Dərnəgül Boru Zavodu ilə yalnız xidmət üzrə müqaviləsi olub".
Vəkil müvəkkilinin işdən azad olunması ilə bağlı əmrin elan olunmasını istəyib: "Bu əmr saxta əmrdir. Orada göstərilir ki, Ağacavad müəllim öz xahişi ilə işdən azad olunub. Həmin zavodun direktoru Məhəmməd Abbasov göstərmək istəyir ki, Ağacavad müəllim məsul şəxs olub, ona görə, öz ərizəsi ilə işdən azad olunub. Bu əmrin verilməsi əsassızdır və qanunun tələblərinin pozulması deməkdir. Direktor sənədin möhürlənməsindən xəbəri olmadığını yazıb. Necə direktordur ki, möhüründən xəbəri yoxdur? Ağacavad müəllim ayrıca qurum rəhbəri deyil, bu müraciət zavoda olunub. Direktor özü təsdiqləyib, özü də qeydiyyata salmayıb. Bunun nəticəsi olaraq, günahsız şəxs burada oturmaq məcburiyyətində qalıb. O ki qaldı sınaq protokollarının hazırlanmasına, bunlar direktorun səlahiyyətində olan məsələdir".
Vəkil İlhamə Həsənova Dərnəgül Boru Zavodunun akkreditasiya sənədlərinin elan olunmasını istəyib. Hakim həmin sənədləri məhkəmədə elan edib.
Vəkil İlhamə Həsənova bildirib ki, sertifikat alınması üçün birbaşa Dərnəgül Boru Zavoduna müracət olunmayıb: "Biz müraciət etməli də deyildik. Çünki sertifikatlaşdırma qaydalatına əsasən, sertifikat almaq istəyən müəssisə Sertifikatlaşdırma Üzrə Dövlət Komitəsinə müraciət edir. Həmin komitə özü müəyyənləşdirir ki, sınaqlar hansı laboratoriyada aparılmalıdır. Bu iş üzrə isə həmin komitə sınaqları Dərnəgül Boru Zavoduna həvalə edib. Sınaq üçün nümunələri Sertifikatlaşma Komitəsinin nümayəndələri seçib və həmin nümunələr üzrə də təhqiqat aparılb. Dərnəgül Boru Zavodunun bu tədqiqat üçün akkreditasiya məsələsinə gəldikdə isə, Azərbaycanda belə akkreditasiya olunmuş laboratoriya olmadığı üçün oxşar məhsulların akkreditasiyasına aid qaydalara əsasən bu sınaqlar Dərnəgül Boru Zavidunda aparılıb. Çünki bu zavod bu sahədə texniki səlahiyyətlilik atesstatına malikdir".
Hakim bildirib ki, bütün laboratoriyaların verdiyi nəticələr standarta uyğundur.
Daha sonra Ağacavad Məmmədov qısa arayış verib: "2 sentyabrın 2013-cü ildə iclas keçirildi. Direktor məni təhqir etdi. Dedi ki, bu müddət ərzində ayını da öyrətmək olardı ki, sənin gördüyün işi görsün. Dedim, ayını çağır gəlsin eləsin. Adamla danışmaq qabiliyyəti yoxdur. Dedi ərizəni yaz, çıx. Mən də yazıb çıxdım".
Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.