Təqsirləndirilənlərə bəraət istənildi -"Yanan bina işi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xeberinfo.com: Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə Akif Əlibəyovun vəkili Ramiz Məmmədov müdafiə çıxışı edib. O, müvəkkilinin əməlində cinayət tərkibi olmadığını bildirib: "Altı aydır məhkəmə gedir. Məhkəmə prosesində şahidlər, zərərçəkənlər dindirilib, cinayət işindəki ekspertiza rəyləri, sənədlər araşdırılıb. Akif Əlibəyovun təqsirli olmasını təsdiq edən bir dənə də əsaslı sübut yoxdur. Hələ məhkəmənin ilk günündə, hazırlıq iclasında onun əməlində cinayət tərkibi olmadığından Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə xitam verilməsi ilə bağlı vəsatət qaldırdıq. Akif Əlibəyovla bağlı irəli sürülən ittiham təsdiqini tapmayıb".
Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib: "Akif Əlibəyov 37 ildir tibb mütəxəssisi kimi fəaliiyət göstərir. Ona törətmədiyi əmələ görə ittiham verilib. Akif Əlibəyovun əməlində cinayət tərkibi olmadığından, təqsiri sübuta yetitilmədiyindən bəraət hökmü çıxarılmalıdır".
Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva çıxışdan əvvəl zalda əyləşən zərərçəkmişlərə baş vermiş faciə ilə bağlı başsağlığı verdi: "Uzun sürən məhkəmədə bir şeyi başa düşmədim ki, niyə Qəzənfər Novruzov müttəhimlər kürsüsündə əyləşib? O, haqsız və ədalətsiz olaraq həbsdədir. Ona verilən ittihamın biri də odur ki, "Clobal Constriction" la müqavilə imzalayıb. Çox gözəl. Həmin binanı qəbul edən, onun keyfiyyətli olmasına görə imza atan şəxslər bəs hardadır?"
Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib: "Tikintiyə nəzarət edənlər, cavabdeh olan şəxslər niyə burada təqsirləndirilən şəxs qismində oturmayıblar? Qanunların bu qədər kobud şəkildə pozulduğunu görməmişdim. Nəyə görə ittihamın yazdıqlarını nöqtəsinə kimi təsdiq edərək cəza təyin edilməlidir? Onda məhkəmə prosesi nəyə lazım idi? Müdafiə etdiyim şəxs hepatitdən əziyyət çəkir. Ölümcül xəstəlikdir. Müdafiə etdiyim şəxsin təqsirsiz olduğunu nəzərə alıb barəsində bəraət hökmü çıxsrılmasını xahiş edirəm".
Q.Novruzovun digər vəkili İlham Əsədov çıxışında müdafiə etdiyi şəxsə baraət verilməsini istəyib.
Daha sonra Ağacavad Məmmədovun vəkili Məzahir Şahmarov müdafiə çıxışı edib. Vəkil çıxışında müvəkkilinin günahsız olduğunu deyib: "Ağacavad Məmmədov Dərnəgül Boru Zavodunda müqavilə əsasında işləyib. Zavod rəhbərliyinin göstərişlərini yerinə yetirib, vəzifəli şəxs olmayıb. Onun əsas iş yeri Bakı Dövlət Universiteti olub. Sınaq protokollarına zavodun rəhbərliyi cavabdehdir. Ağacavad müəllimin zavodun daxili işlərinə qarışmaq səlahiyyəti olmayıb. Bundan başqa, məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, Ağacavad müəllim ürək xəstəliyindən əziyyət çəkir. Məhkəmə prosesi zamanı ona dəfələrlə təcili yardım çağırılıb, tibbi yardım göstərilib. Müdafiə etdiyim şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş edirəm".
Məhkəmə prosesi yanvarın 10-a kimi təxirə salınıb.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, “Global Construction” MMC-nin təsisçilərindən biri Miryusif Mahmudovun 10 il, "Global Construction” MMC-nin sədr müavini, təqsirləndirilən Ələkbər Əsgərovun 7 il, “Qlobal Stone” MMC-nin baş direktoru, təqsirləndirilən Uğur Bəşirovun 8 il, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri, təqsirləndirilən Ədalət Rəcəbovun 7 il, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi, təqsirləndirilın Nizami Orucovun 5 il, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri, təqsirləndirilən Ağacavad Məmmədovun 5 il, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, təqsirləndirilən Akif Əlibəyovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.