“Mur-Ay”ın sahibi məhkəmədə dəhşətli faktlar açqıladı
Elxan Hüseynov: “Prezidentə də müraciət etmişəm. Mənə lap ömürlük iş verin, ancaq zərərçəkənlər yazıqdır, onların haqqı qaytarılmalıdır”
Yenixeber.info: Bakı Apelyasiya Məhkəməsində yanvarın 24-də “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov, “Azərbaycan” nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli, “Mur-Ay”ın sədr müavini Bəybala Sultanov, orada mühasib vəzifəsində işləyən Novruz Muxtarov, Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, satış üzrə menecer Şəhriyar Ağayev və Seyfəddin Səfərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəməsi davam edib. ı başladı.
Qeyd edək ki, məhkəmə hökmü ilə Elxan Hüseynov 15, Qalib Məmmədbəyli 10, Bəybala Sultanov 13, Seyfəddin Səfərov 10, Şəhriyar Ağayev 11, Vaqif Söhbətov 12, Novruz Muxtarov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə 15:00-a təyin olunsa da bir saat gec başladı. Səbəb kimi proseslərin çox, məhkəmə zalların az olması göstərildi.
Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə məlum oldu ki, 25 nəfər zərərçəkən istintaqa ifadə versələr də ittiham aktına adları qeyd olunmayıb. Bu təqsirləndirolən şəxslərin vəkillərinin narazılığına səbəb oldu. Onlar istintaqın səthi aparıldığını söylədilər.
“İndi 25 nəfər havada qalıb. Məlum olub ki, müstəntiq istintaqın gec başa çatdığını görüb tələm-tələsik materialları göndərib. Bu səbəbdən də ittiham aktında bu 25 nəfər zərərçəkən qeyd olunmayıb. İş araşdırılması üçün yenidən istintaqa qaytarılmalıdır”.
Hakim həmin 25 zərərçəkənin şahid yoxsa zərərçəkən olduğunu aydınlaşdırmağa çalışdı. Onlar Daxili İşlər Nazirliyinin binasında olduqlarını, müstəntiq Möhübbət Hüseynova ifadə verdiklərini və zərərçəkən kimi tanındıqlarını söylədilər. Həmçinin bildirdilər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedərkən iştirak etməyiblər. Bu üzdən ifadə verməyiblər. Bunun səbəbini isə məhkəmədən onlara bildiriş gəlməmələriylə izah etdilər.
Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Hakimlər müşavirə otağına yollandılar. Müşavirə otağından qayıdan hakimlər vəsatətin təmin olunmadığını bəyan etdilər.
“Mur-Ay” MMC-nin sahibi Elxan Hüseynov söz alaraq çıxış etmək istədiyini dedi. O, vətəndaşların haqqını qaytarılması üçün təqsirləndirilən şəxslərin azadlığa çıxmasını məhkəmədən xahiş etdi: “Camaat pul verib, ancaq mənzillərini ala bilmir. Halbuki, “Mur-Ay” MMC-nin balansında olan bina və torpaq sahəsini müqaviləylə “Şərur-İnşaat” MTK-ya vermişəm. Razılaşmaya görə “Şərur-İnşaat” MTK mənzil alan sakinləri ya pulla, ya da evlə təmin etməli idi. Ancaq buna əməl olunmadı. Üç generalla görüşdüm onlara bu problemi dedim. Prezidentə də müraciət etmişəm. Mənə lap ömürlük iş verin, ancaq buradakı zərərçəkənlər yazıqdır, onların haqqı qaytarılmalıdır. Həbs olunan şəxsləri buraxın gedib problemi yoluna qoysunlar, vətəndaşların mənzili qaytarsınlar. Əgər qaytarmasalar onlara da ömürlük cəza verin. Niyə həbs etmisiniz? Onların günahı nə? Bir daha təkrar edirəm mənə ömürlük cəzaya da razıyam, heç bir etirazım yoxdur, əsas məsələ vətəndaşların mənzillərlə təmin olunmasıdır”.
Daha sonra prosesdə təqsirləndirlən şəxslərin vəkilləri çıxış etdilər.
Novruz Muxtarovun vəkili bildirdi ki, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur: “İfadə verən və məhkəmədə şahid qismində çıxış edən zərərçəkənin heç biri Novruz Muxtarovu tanımadığını, ona pul vermədiyini, üstəlik mənzil almaq üçün hər hansı bir danışıqlar aparmadıqlarını deyiblər. İstintaq materiallarında da Novruz Muxtarovun hər hansı bir cinayət əməli törədildiyi yoxdur. Xahiş edirəm ki, məhkəmə bunları nəzərə alsın və təqsirləndirlən şəxsi azadlığa buraxsın”.
Başqa bir təqsirləndirlən şəxs Vaqif Söhbətovun da vəkili məhkəmədən müdafiə etdiyi şəxsi azadlığa çıxması barədə qərarın verilməsini xahiş etdi: “Vaqif Söhbətov “Mur-AY” MMC-yə 2009-cu ildən gəlib. Bu tikinti şirkəti sözügedən ünvanda binaların inşasına 2006-cı ildən başlayıb. Vaqif Söhbətov həmin vaxtı Şirvan şəhərində “Mur-Ay”ın binasını inşasına nəzarət edirdi. Bina inşa olunub bitib, sahiblərinə təqdim olunub və orada hər hansı bir problem yoxdur. Nə zərərçəkən var, nə də başqa bir şey. Sonradan “Mur-Ay” Yasamal rayonunda inşa etdirdiyi binada Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi olub. Bu zaman da o nə alqı-satqıda iştirak, nə də vətəndaşları həmin binadan ev almağa cəlb edib. Sadəcə Elxan Hüseynovun xahişi ilə burada çalışıb”.
Vəkil “Mur-Ay” MMC-nin mülkiyyətinin “Şərur-İnşaat” MTK-ya verilməsindən də söz açdı: “Elxan Hüseynov “Mur-Ay” MMC-nin tək təsisçisi olub. Bu olaydan sonra Elxan Hüseynov “Şərur-İnşaat”la müavilə bağlanıb. Müqaviləyə görə “Mur-Ay” MMC-nin yarımçıq tikdirdiyi bina və torpaq sahəsi “Şərur-İnşaat”a verilib. Bütün zərərçəkənləri də “Şərur-İnşaat” razı salmalıdır. Göründüyü kimi onlaral vətəndaş öz haqlarını ala bilmirlər”.
İş gününün sonu olduğu üçün proses 7 fevral saat 14:30 təxirə salındı