“Şərur-İnşaat” zərərçəkənləri evlə təmin edib?
“Mur-Ay”ın sahibi MTK-nın nümayəndəsinin məhkəməyə gətirilməsini istəyir
“İttiham aktında yazılıb ki, “Şərur-İnşaat”ın heç kimə borcu yoxdur, ancaq 11 nəfər zərərçəkən mənzilləri necə olacaq? Buna aydınlıq gətirilməlidir”
"xeberinfo.com": Bakı Apelyasiya Məhkəməsində fevralın 20-də “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov, “Azərbaycan” nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli, “Mur-Ay”ın sədr müavini Bəybala Sultanov, orada mühasib vəzifəsində işləyən Novruz Muxtarov, Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, satış üzrə menecer Şəhriyar Ağayev və Seyfəddin Səfərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəməsi davam edib.
Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri çıxış etdi.
Bəybala Sultanovun vəkili çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxsin günahı yoxdur: “İttiham aktında yazılıb ki, öncədən əlbir olub mütəşəkkil dəstə yaradılıb. Mütəşəkkil dəstə necə olur? Bu dəstə necə birləşib? Planları nə olub? Nə iş görüblər? Bu suallara cavab tapılmır. Mütəşəkkil dəstə sübut olunmayıb. İstintaq səthi aparılıb. İstər Qalib Məmmədbəyliylə, istərsə də Bəybala Sultanov bağlı ittiham aktında, o cümlədən zərərçəkənlər bir şey demir. Pul almayıblar, heç kimi aldatmayıblar. “Yuxarı”dan gələn sifariş əsasında hökm çıxarılıb. Bəybala Sultanov ağır xəstədir, iki dəfə ürəyindən əməliyyat olunub. Məhkəmədən xahiş edirik ki, bütün bunları nəzərə alsın”.
Bəybala Sultanov vəkilinin çıxışını müdafiə etdi. Bildirdi ki, istintaq təcridxanasında ən ağır xəstə odur: “İki dəfə ürəyimdən əməliyyat olunmuşam. Məndə şəkərin ən ağır formasıdır. Məhkəmədən ədalətli qərar çıxarmağı gözləyirəm”.
Seyfəddin Səfərovun vəkili çıxında bildirdi ki, müdafiə etdiyi şəxs “Mur-Ay”da mühafizəçi olub: “O, kiməsə zərər yetirməyib, yaxud da hər hansı vətəndaşın pulunu mənimsəməyib. “Mur-Ay”ın rəhbəri Elxan Hüseynov səhəti ilə əlaqədar xəstəxanada olanda binadan mənzil alan vətəndaşlar pul ödəmək istəyib. Bu zaman Seyfəddin Səfərov Elxan Hüseynovla əlaqə saxlayıb. O, deyəndən sonra pulu alıb və mühasibə çatıdırb. Bunu edəndən sonra da Elxan Hüseynova çatdırıb. Bakı Ağır Cinayətlər Məhkəməsində də zərərçəkənlər də bunu təsdiqlədi. Seyfəddin Səfərov sadəcə kömək edib. Rəhbərin tapşırığına əsasən pulu alıb və mühasibə çatdırıb. Pulu mənimsəməyib. Xahiş edirəm onun barəsində bəraətedici hökm çıxarasınız”.
Elxan Hüseynov bir neçə dəfə məhkəməyə vəsatətinin olduğunu desə də, hakim “növbə çatanda deyərsən” cavabını verərək razılıq vermədi.
Ancaq “Mur-Ay”ın sahibi vəsatətini mətbuat nümayəndələrinə təqdim etdi. O, “Şərur-İnşaat” MTK-nın nümayəndəsinin məhkəməyə dəvət olunmasını məhkəmədən tələb edir. Elxan Hüseynov vəsatətində yazır edir ki, ittiham aktında “Mur-Ay”la “Şərur-İnşaat” MTK arasında bağlanmış müqaviləyə əsasən 960 zərərçəkən evlə təmin olunacağı qeyd olunub: “Sonra istintaqa təqdim edir ki, 1040 zərərçəkən mənzillə təmin olunub. Onların heç bir mülki iddiası yoxdur və heç kimə borcu qalmayıb. Ancaq 11 nəfər zərərçəkən var və onların mənzilləri necə olacaq? Buna görə də “Şərur-İnşaat” MTK-nın nümayəndəsi məhkəməyə dəvət olunsun və buna aydınlıq gətirilsin”.
Məhkəmə fevralın 27, saat 15:00-a qədər təxirə salındı.