"Mur Ay"ın məhkəməsində 500 min istənildi
“Mur-Ay”ın məhkəməsində Qalib Məmmədbəylinin azadlığı üçün 500 min təklif olundu
Elxan Hüseynov: “Burada oturanları azadlığa buraxın, gedib camaatın problemlərini həll etsin”
“Yenixeber.info”: “Qalib Məmmədbəyli bayıra çıxsın, sizin bütün problemlərinizi həll edəcək. Buradan bir nəfər azadlığa çıxmalıdır ki, zərərçəkənlərin mənzil məsələsi qaydasına düşsün. Hamımız həbs olunmuşuq, heç kim də sizinlə maraqlanmır”. Bu sözləri dünən Bakı Apelyasiya Məhkəməsində “Mur-Ay” olayına görə həbs olunan Novruz Muxtarov dedi.
Saat 15:00-a təyin olunan məhkəmə prosesi həmişəki kimi yenə də bir saat gec başladı.
Proses həbs olunan Qalib Məmmədbəylinin vəkilinin vəsatəti ilə başladı. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin 500 min manat girov müqabilində azadlığa çıxmasını məhkəmədən xahiş etdi: “Biz məhkəmənin depozit hesabına 500 min manat girov qoyuruq”.
Məhkəmə həbs olunanların və zərərçəkənlərin vəsatətə münasibətini öyrəndi. Bütün zərərçəkənlər etiraz etmədiklərini bildirdilər.
“Mur-Ay”ın təsisçisi və direktoru Elxan Hüseynov vəsatətə münasibət bildirərək qeyd etdi ki, şirkətdən mənzil alan bütün zərərçəkənlərin problemlərinin həll olunması üçün Qabil Məmmədbəyli azadlığa çıxmalıdır: “Bura gələn insanların hamısının bir marağı var. Ya mənzillərini, ya da pullarını geri almaq. Nədən 3 ildir vətəndaşlara zülm edilir, məhkəmələrə gəlirlər. Buraxın içəridəkiləri məsələ həl etsinlər”.
Başqa məhbuslar da buna etiraz etmədilər. Yalnız dövlət ittihamçısı vəsatətən təmin olunmamasını xahiş etdi. Hakimlər müşavirəyə yollandılar. Dövlət ittihamçısının vəsatətin əleyhinə çıxış etməsi məhbusların narazılığına səbəb oldu.
“Prokuror nədən Qalib Məmmədbəylinin azadlığa çıxmasını istəmir? Vətəndaşların mənzillə təmin edilməsini istəmirsiniz? Niyə yalan danışırlar? Yalandan deyirlər ki, bütün zərərçəkənlər mənzillə təmin olunub. Əgər hamıya ev çatıbsa niyə vətəndaşlar bura gəlir? Prezidenti də aldadırsınız”.
Bir neçə dəqiqəlik davam edən müşavirədən qayıdan məhkəmə vəsatətin təmin olunmadığını bildirdi.
Qalib Məmmədbəylinin vəkili daha bir vəsatətlə çıxış etdi. O bildirdi ki, “Mur-Ay”ın sahibi Elxan Hüseynovun psixoloji durumunun yoxlanması üçün ekspertizanın təyin olunmasını məhkəmədən xahiş etdi. Onun sözlərinə görə, Elxan Hüseynov ibtidai istintaqa və məhkəməyə verdiyi ifadələri bir-birindən fərqlənib. Məhkəmədə bildirib ki, ibtidai istintaqa ifadə verərəkən ona təzyiq olunduğunu bildirib: “Dəfələrlə çıxışında Qalib Məmmədbəyli “Mur-Ay”a heç bir aidiyyəti olmadığını söyləyib. Deyib ki, üç general onunla söhbət edib. Təzyiq altında ifadə verib. Məhkəmədən xahiş edirik ki, ekspertiza təyin olunsun. Həmin vaxtı ona olan təzyiqlərə görə düzgün ifadə verib-verilmədiyi aydınlaşdırılsın”.
Elxan Hüseynov da daxil olmaqla məhbuslar və zərərçəkənlər də bu vəsatətin lehinə olduqlarını söylədilər. Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını dedi. Bu da zaldakıların narazılığına səbəb oldu. Məhkəmə vəsatəti təmin olunmadığı proses iştirakçılarının diqqətinə çatdırdı.
Çıxış etmək üçün söz Elxan Hüseynova verildi. O, çıxışdan öncə vəsatətin olduğunu dedi. Məlum oldu ki, “Mur-Ay”ın sahibi də Qalib Məmmədbəylinin azadlığa çıxması üçün məhkəməyə vəsatət təqdim edəcək. Hakim az öncə belə bir vəsatətin verildiyi və təmin olunmadığını Elxan Hüseynovun diqqətinə çatdırdı. Söylədi ki, çıxış etsin.
Elxan Hüseynov “Mur-Ay”ın direktoru və təsisçisi olduğunu bildirdi: “Şirkətin tək sahibi mənəm. Nə Qalib Məmmədbəylinin, nə də başqa məhbusların heç bir günahı var. Deyirlər ki, guya biz mütəşəkkil dəstə şəklində iş görmüşük və mən bu dəstənin başçısı mənəm. Mən necə mütəşəkkil dəstənin başçısıyam ki, Şirvan şəhərində bina inşa etmək üçün 2 milyon 200 min manat xərc çəkmişəm? Mütəşəkkil dəstə harasa pul yatırır? Sadəcə bizim işimiz alınmadı. Həmin dövrdə dünyada krizis idi. Kimi mənzilinin pulunu verə bilmirdi, kimi də ödədiyi pulu geri tələb edirdi. Özüm də xəstə idim. Bir ildən çox ayrı-ayrı vaxtlarda xəstəxanalarda müalicə olunmuşam. Ona görə də şirkətin işini qaydasına sala bilmirdim. Bu üzdən müflis olduq. Ancaq bizim vətəndaşları aldatmaq fikrimiz olmayıb. Məhbusları azad edin, onlar camaatın mənzil məsələsini həll etsin. Onların heç bir günahı yoxdur. Qalib Məmmədbəylinin isə ümumiyyətlə “Mur-Ay”a heç bir aidiyyəti olmayıb. Şirkətin işində iştirak etməyib”.
Daha sonra bir neçə zərərçəkən çıxış etdi. Böyükağa Musayev dedi ki, o “Mur-Ay”dan mənzil almaq üçün şirkətə 29700 manat pul ödəyib: “Bizə mənzili “Şərur-İnşaat” MTK verməlidir. Şirkətin rəhbəri isfəndiyar Axundovla görüşdüm. O mənə dedi ki, ödədiyin pula ya 41 kvadrat metrlik mənzil veririk, ya da 10 min veririk. Heç bir şərtinə razılaşmadım. Mən “Mur-Ay”dan mənzili kvadratını 500 manata almışam, ancaq “Şərur-İnşaat” kvadratını 750 manata bizə satır”.
Daha iki zərərçəkən çıxış etdi. Onlar da ya mənzillərini, ya da ödədikləri pulu geri tələb edirlər. Qeyd etdilər ki, problemlərinin həll olunması üçün alib Məmmədbəyli azadlığa çıxmalıdır.
Proses 20 fevral saat 14:30