“Maraqlı olsaydılar, indiyə qədər həll edərdilər”
“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə çox səthi məşğul olur. ABŞ, Fransa və Rusiya bu problemin həllində maraqlı deyillər, maraqlı olsaydılar, indiyə qədər həll edərdilər”.
"Xeberinfo.com": Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşündə deyib.
Ə.Həsənov qeyd edib ki, 20 ildən çoxdur ki, BMT, ATƏT və Avropa Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələri icra olunmur: “Bunların fonunda sual yaranır: nə üçün? Ona görə ki, biz müsəlman ölkəsiyik?”
O bildirib ki, Xocalı faciəsində qətlə yetirilənlər məhz müsəlman, azərbaycanlı olduqları üçün öldürülüb. Baş nazirin müavini vurğulayıb ki, müsəlman ölkələrinə belə münasibət olduğu bir vəziyyətdə müsəlman ölkələrinin birliyinə böyük ehtiyac var: “Regionda İran və Türliyə kimi güclü ölkələr var. Azərbaycan da beynəlxalq aləmdə öz layiqli yerini tutur. Hesab edirik ki, İran, Azərbaycan və Türkiyə həmrəyliyi nə qədər güclü olsa, region üçün daha faydalı olar. Belə olan halda bizə qarşı yanaşma da dəyişər”.
Ə.Həsənov vurğulayıb ki, bu gün Azərbaycan 1 milyondan artıq qaçqın və məcburi köçkünü təmin etmək iqtidarındadır, ancaq Azərbaycana problemin həlli lazımdır.
O, İranla Azərbaycan arasında münasibətlərdən də söz açıb: “İki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Bu əməkdaşlıq möhtərəm Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və daha da aktivləşib. İki ölkə arasında səfərlərin sayı xeyli artıb. Müzakirə olunan və imzalanan müqavilələrin çeşidi artıb. Təbii ki, bu münasibətlərin belə yüksək səviyyəyə qalxmasında iki ölkə rəhbərlərinin və xalqlarının da rolu böyükdür. İran böyük dövlətçilik tarixinə malikdir. Ermənistanın təcavüzü ilə qarşılaşan və 1 milyondan artıq qaçqın və məcburi köçkün olan Azərbaycana yardım edən ilk ölkələrdəndir”.
Ə.Həsənov iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də yüksək münasibətlərin olduğunu qeyd edib: “İran beynəlxalq təşkilatlarda bir çox məsələlərdə, xüsusən də BMT Təhlükəsizlik Şurasının qeyri-daim üzvlüyündə Azərbaycanı dəstəkləyib. Azərbaycan da İrana münasibətdə eyni addım atır və İranı dəstəkləyir. O cümlədən İrana sanksiyalar tətbiq edilərkən Azərbaycan etiraz etdi. Bu amil göstərdi ki, İranla Azərbaycan arasında soyuqluq yaratmaq istəyənlərin cəhdləri hədərdir. Təəssüflər olsun ki, bu cür cəhdlər var. Bizim münasibətlərimizi gözü götürməyənlər, qısqanc yanaşanlar var. Amma biz bilirik iki, iki xalq arasında nifaq salmaq mümkün deyil”.