Alimlər həyəcan təbili çaldı: ACLIQ olacaq -Azərbaycan hansı tədbirləri görür?
Fosfor gübrəsi yoxa çıxmaq üzrədir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığın olmamasına və aclığa gətirib çıxaracaq. Bu qənaətə beynəlxalq ekspert qrupu gəlib.
Yenixeber.org: Araşdırmalar göstərib ki, mineral gübrələrin istehlakı hazırkı səviyyədə davam edərsə, 80 ildən sonra mövcud fosfor ehtiyatları yoxa çıxacaq. Bu isə məhsuldarlığın tamamilə aşağı düşməsinə səbəb olacaq.
Bəs dünyada baş verən bu qıtlıq Azərbaycana necə təsir edəcək?
Kənd təsərrüfatı eksperti Nicat Nəsirli “Yeni Sabah”a açıqlamasında bildirib ki, bizdə hələ gübrələmə mədəniyyəti tam formalaşmayıb:
“Ümumiliyyətlə, kənd təsərrüfatında istifadə olunan iki tip gübrə var. Bunlar mineral və üzvi gübrələrdir. Mineral gübrələr zavodlarda kimyəvi maddələrdən əldə olunur, üzvi gübrələr isə çürüntülərdən, daha çox heyvandarlıq məhsullarının kompostlaşmasından alınır. Təəssüf ki, üzvi gübrənin bizdə istifadəsi çox aşağıdır. Biz daha çox mineral gübrələrdən istifadə edirik. Bizdə 3 tip mineral gübrə mövcuddur. Bunlar fosfor, kalium, azotdur. Fosforlu 100-lərlə gübrə növü var. Məsələn, fosfor kalium gübrəsi torpağın altında nəmlik, ümumi minerallaşma yaradır. Azot isə yaşıl kütlənin üzərinə verilir, bunun səbəbi də bitkinin fizioloji inkişafını sürətləndirməsidir.
Bizdə mineral gübrələrlə bağlı normativlər var. Normativə görə əraziyə 250 kiloqram fosfor gübrəsi verilir. Sumqayıtda yeni gübrə zavodu fəlaliyyətə başlayıb. Əsas məqsəd isə gübrələrdə yerli istehsala keçməkdir".
Ekspert fosfor gübrələrinin dünyada azaldığı deyilsə də, Azərbaycanın bu gübrələri təmin etməklə bağlı hərhansı problemlə üzləşmədiyini deyir:
"Azərbaycan hər il bir neçə ölkədən mineral gübrə idxal edir. Burda Rusiya, Türkiyə və digər Avropa ölkələri də var. İndiyə kimi mövcud olan problemlər gübrələrin gec gətirilməsi idi. Amma 2 ildir ki, aqroiqlim sisteminin qurulması ilə bu ləngimələr olmur. Gübrələrə təxminən 70% civarında dövlət güzəştləri də tətbiq olunur. Mən 2 ildir ki, gübrə təminatında bir əksiklik görmürəm".
Ekspertin fikrincə, bütün dünya ekoloji kənd təsərrüfatına keçird edərkən Azərbaycanın kimyəvi mineral gübrələrdən geniş istifadə etməsi düzgün deyil. Ancaq hələlik, bu gübrələrdən istifadə etməyə məcburuq:
"Bizim torpaqlarımız ən zəif torpaqlar qrupuna aiddir. Bizim əkin dövriyyəsində təxminən, 5 milyon hektar torpağımız var. Faktiki olaraq, bunun yalnız iki milyonunu əkə bilirik. Digər 3 milyon isə əkinə yararlı deyil və yaxud eroziyaya uğrayıb. Əsas əkin yerimiz Kür-Araz ovalığıdır. Orda da müxtəlif problemlər - şoranlaşma və s. baş verir. Ona görə məcbur olub mineral gübrələrdən istifadə edirik. Yoxsa torpaq məhsulu istədiyimiz səviyyədə yetişdirə bilmir".(yenisabah)
Sabrina